Məhkəmə qərarları › İş №3(001)-405/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-405/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-405/2025 22.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.3-cü maddəsi ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X1 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X1 tərəfindən Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, “Kia K3” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli, EQ 21064562 nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla ona təyin edilmiş cəriməni müəyyən edilmiş 3 ay müddət ərzində ödəməmişdir. Bununla da, İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

2. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin proses iştirakçıları məhkəməyə gəlməmiş, işə baxılmanın təxirə salınması haqqında məhkəməyə vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş:

3. xx.xx.2024-cü il tarixli, EQ 21064562 nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə “Kia K3” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və səlahiyyətli orqan tərəfindən 40 (qırx) manat məbləğində cərimə edilmişdir.

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP Portal çıxarışından görünür ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21064562 nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla təyin olunmuş 40 (qırx) manat cərimə məbləğinin üzərində 24 (iyirmi dörd) manat dəbbə pulu hesablanaraq ümumi cərimə borcu 64 (altmış dörd) manat təşkil etmişdir.

5. X2 Ödəniş Portalı çıxarışından görünür ki, Şəxs tərəfindən xx.xx.2024-cü il tarixli, EQ 21064562 nömrəli inzibati xəta haqqında protokol üzrə cərimə məbləği və dəbbə pulu tam şəkildə ödənilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:

6. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan üzərinə qoyuluş cərimə öhdəliyini yerinə yetirməmişdir. Bununla da, İXM-in 529.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin, Şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək xx.xx.2024-cü il tarixli, EQ 21064562 nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar üzrə təyin edilmiş cərimə və ona hesablanmış dəbbə pulu tam şəkildə ödənilmişdir.

7. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

8. İXM-in 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri).

9. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenum Qərarı”nda göstərilmişdir ki, İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsinin təyinatı iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətləri etmədən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxılması üçün şəraitin təşkil edilməsindən, onun uğurla həyata keçirilməsi üçün ilkin təminatların yaradılmasından ibarətdir. Lakin İXM-in 53-cü maddəsində nəzərdə tutulan bəzi halların müəyyən edilməsi yalnız inzibati xəta haqqında işə mahiyyəti üzrə baxıldıqda və müvafiq sübutlar qiymətləndirildikdən sonra mümkündür (məsələn 53.1.1, 53.1.2, 53.1.3-cü və s. maddələrdə göstərilən hallar). Burdan da belə qənaətə gəlmək olar ki, inzibati xətaya görə inzibat məsuliyyətin yaranıbyaranmamasını, başlanmış icraata xitam verilməli halların olub-olmasını müəyyən etmək üçün məhkəmə sübutları qiymətləndirməklə yekun qənaətə gəlməlidir.

10. İXM-in 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.

11. İXM-in 529.3-cü maddəsinin Qeydinə əsasən bu Məcəllənin 529.1 və ya 529.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur.

12. İXM-nin 114-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Məcəllə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi əsaslarından biri kimi İXM-nin 53-cü maddəsində nəzərdə tutulan halları sadalamışdır. İXM-nin 53.1.10-cu maddəsinə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. İXM-in 529-cu maddəsi Qeyd hissəsi olan maddələr kateqoriyasına aiddir, hansı ki, yuxarıda da qeyd edildiyi kimi İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunmalıdır.

13. Beləliklə, məhkəmə qeyd olunanları və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir.

14. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs cərimə borcunu tam olaraq ödədiyindən inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar