Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4052/2021 02.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Şəxs qanuni təmsilçisi X1 iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş 17.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs 20858,00 ABŞ dolları məbləğində vəsaiti bank hesabından 15.10.2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 13369,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 16.10.2021-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs qanuni təmsilçisi X3 bildirmişdir ki, Şəxs tərəfindən 15.10.2019-cu il tarixdə «SHANDONG TRANSTONE TYRE CO., LİMİTED» şirkətinə mal alınması məqsədi ilə "xxxx" ASC hesabından 20858,00 ABŞ dolları vəsait köçürülmüşdür. Cəmiyyət tərəfindən köçürülmüş vəsaitə görə 7489 ABŞ dolları YGB təqdim olunmuş və 13369 ABŞ dolları dəyərində mal 11.10.2021-ci il tarixədək idxal olunmamışdır. 15.10.2021-ci il tarixdə isə, yəni köçürmənin aparıldığı gündən iki il müddət keçmədən həmin 13369 ABŞ dolları məbləğində vəsaitdən 6866,43 ABŞ dolları təyinatı üzrə cəmiyyətin "xxxx" ASC-də olan bank hesabına geri qaytarılmışdır. Bununla da, Şəxs tərəfindən 15.10.2019-cu il tarixdə xaricə köçürülmüş 20858,00 ABŞ dolları məbləğində vəsaitin geri qaytarılmamış hissənin 6502,57 ABŞ dolları olması müəyyən edilir. Həmin xüsusat "xxxx" ASC tərəfindən 26.11.2021-ci il tarixdə verilmiş arayışla öz təsdiqini tapır. Bu isə onu göstərir ki, cəmiyyət tərəfindən xaricə köçürülmüş vəsaitin geri qaytarılmayan hissəsi 10000 ABŞ dollarını ötmür və belə olan halda cəmiyyətin əməlində inzibati xəta tərkibi yaranmır. Ona görə də, qeyd olunanların nəzərə alınaraq, məhkəmədən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 15.10.2019-cu il tarixli “Köçürmə haqqında ərizə”dən görünür ki, Şəxs tərəfindən "xxxx" ASC-də olan hesabdan 20858 (iyirmi min səkkiz yüz əlli səkkiz) ABŞ dolları məbləğində pul vəsaiti «SHANDONG TRANSTONE TYRE CO., LİMİTED» şirkətinin hesabına köçürülmüşdür. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş 11.10.2021-ci il tarixli məktubdan və ona əlavə edilmiş siyahıdan görünür ki, Şəxs tərəfindən 15.10.2019-cu il tarixdə 20858,00 ABŞ dolları məbləğində avans ödənişləri aparılmış, lakin 2 il tamam olmasına baxmayaraq, 13369,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların idxal edilməsini təsdiqləyən sənədlər təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. 17.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20858,00 ABŞ dolları məbləğində vəsaiti bank hesabından 15.10.2019cu il tarixdə xaricə köçürmüş və 2 il keçsə də, 13369,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 16.10.2021-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. 26.11.2021-ci il tarixli "xxxx" ASC tərəfindən Şəxsnə ünvanlanmış arayışdan görünür ki, Şəxs 15.10.2019-cu il tarixdə Çin Xalq Respublikasında fəaliyyət göstərən «SHANDONG TRANSTONE TYRE CO., LİMİTED» şirkətinə təkər almaq məqsədi ilə CNTR.T18T002 əsasən 20858,00 ABŞ dolları vəsait köçürmüşdür. Köçürülmüş vəsaitə görə 7489 ABŞ dolları YGB təqdim olunmuş və 13369 ABŞ dolları dəyərində mal idxal olunmamışdır. 15.10.2021-ci il tarixdə həmin vəsaitdən 6866,43 ABŞ dolları təyinatı üzrə Şəxs "xxxx" ASC-də olan bank hesabına geri qaytarılmışdır. Məhkəmə, iş materiallarını və məhkəmədə toplanmış sübutları tam, hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, 11.10.2021-ci il tarixədək olan müddətdə Şəxs tərəfindən 15.10.2019-cu il tarixdə 20858,00 ABŞ dolları məbləğində avans ödənişləri aparılmış, lakin 2 il tamam olmasına baxmayaraq, 13369,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların idxal edilməsini təsdiqləyən sənədlər təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. "xxxx" ASC tərəfindən bu barədə 11.10.2021-ci il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş məlumat əsasında cəmiyyət barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmışdır. 15.10.2021-ci il tarixdə isə Şəxs tərəfindən 13369,00 ABŞ dolları məbləğində olan vəsaitdən 6866,43 ABŞ dolları təyinatı üzrə onun "xxxx" ASC-də olan bank hesabına geri qaytarılmışdır. Göründüyü kimi, Şəxs tərəfindən 15.10.2019-cu il tarixdə 20858,00 ABŞ dolları olan vəsait ödənişləri aparılaraq 13369 ABŞ dolları məbləğində vəsaiti hesabına alınan mallar ölkəyə idxal olunmasa da, 15.10.2021-ci il tarixdə, yəni ödənişin aparıldığı vaxtdan 2 il müddət keçmədən həmin vəsaitdən 6866,43 ABŞ dolları Cəmiyyətin bank hesabıma geri qaytarılmış və hazırda Cəmiyyətin xaricə köçürmüş ümumi məbləğdən 6502,57 ABŞ dolları məbləğində vəsait bank hesabına geri qaytarılmamış, eləcə də həmin məbləğ hesabına alınan mallar ölkəyə idxal edilməmişdir. Belə olan halda Şəxs əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətlərinin olmasına dair müddəalar öz təsdiqini tapmır. Çünki, Azərbaycan Respublikası Mərkəzi X2 28.11.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Göründüyü kimi, şəxsin əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətlərinin olması üçün müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olması əsas şərtlərdir. Lakin, iş materiallarından müəyyən edilmişdir ki, Şəxs tərəfindən 15.10.2019-cu il tarixdə 20858,00 ABŞ dolları olan vəsait avans yolu ilə xaricə köçürülmüş, lakin 13369,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməsə də, 15.10.2021-ci il tarixdə qalıq qalmış məbləğdən 6866,43 ABŞ dolları Cəmiyyətin bank hesabıma geri qaytarılmış və geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən çox olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 17.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 17.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-4052/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4052/2021
02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver