Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4068/2021 22.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin sahə inspektoru, polis mayoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2000-ci il Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB tərəfindən tərtib edilmiş 22.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin sahə inspektoru, polis mayoru X6 izahat verərək bildirmişdir ki, 22.11.2021-ci il tarixdə X1 RPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət edərək 19.11.20121-ci il tarixdə taksi fəaliyyəti ilə məşğul olan Ramil adlı şəxs tərəfindən narahat edildiyini bildirmişdir. Aparılmış araşdırma nəticəsində Şəxs yeri müəyyən edilmiş və polis əməkdaşları tərəfindən Binəqədi RPİ-nin 5-ci PB-nə dəvət edilmişdir. Lakin Şəxs polis əməkdaşları tərəfindən bölməyə dəvət olunan zaman bundan imtina edərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra Şəxs bölməyə gətirilməsi təmin edilmiş, izahatı alınaraq barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 22.11.2021-ci il tarixdə iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər və barəsində olan şikayətlə əlaqədar polis bölməsinə getməli olmasını bildirməşlər. O, həmin şəxslərə inanmadığı üçün bölməyə getməkdən imtina etmiş və əsəbi halda onlara öz etirazını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Binəqədi RPİ-nin 5-ci PB-nə gətirmiş, izahatı alınaraq barəsində İXM-in 535.1-ci maddəsi ilə protokol tərtib edilmiş. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, heç bir polis əməkdaşına tabesizlik göstərməmiş, mülki geyimdə olan polis əməkdaşlarına inanmadığı üçün bölməyə getməkdən imtina etmişdir. Qeyd olunanları nəzərə alaraq barəsindən olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Binəqədi RPİ-nin 5-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X7 bildirmişdir ki, 22.11.2021-ci il tarixdə X2 müraciət əsasən taksi fəaliyyəti ilə məşğul olan Ramil adlı şəxsin yeri müəyyən edilmiş və onlar tərəfindən Binəqədi RPİ-nin 5-ci PB-nə dəvət edilmişdir. Lakin Şəxs onlar tərəfindən bölməyə dəvət olunan zaman bundan imtina edərək onların qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra Şəxs bölməyə gətirilməsi təmin edilmiş, izahatı alınaraq barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 22.11.2021-ci il tarixli raportdan görünür ki, Binəqədi RPİ-nin 5-cı PB-nin əməliyyat müvəkkilləri Binəqədi RPİ-nin 5-ci PB-nin rəisinə müraciət edərək, 22.11.2021-ci il tarixdə saat 11:45 radələrində X2 19.11.2021-ci il tarixdə Ramil adlı şəxs tərəfindən narahat edilməsi ilə əlaqədar Şəxs 5-ci PB-nə dəvət edilməsini və bu zaman sonuncunun müqavimət göstərməsini bildirmişlər. 22.11.2021-ci il tarixli, AZA 015867 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 22.11.2021-ci il tarixdə, saat 10:15-də inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. 22.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 22.11.2021-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını, dinləyib, Şəxs barəsində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi qanunverici tərəfindən qeyd olunan normada polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X1 RPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət edərək 19.11.20121-ci il tarixdə taksi fəaliyyəti ilə məşğul olan Ramil adlı şəxs tərəfindən narahat edildiyini bildirmişdir. İş materiallarında olan 22.11.2021-ci il tarixli raportdan görünür ki, Binəqədi RPİ-nin 5-cı PB-nin əməliyyat müvəkkilləri Binəqədi RPİ-nin 5-ci PB-nin rəisinə müraciət edərək, 22.11.2021-ci il tarixdə saat 11:45 radələrində X2 19.11.2021-ci il tarixdə Ramil adlı şəxs tərəfindən narahat edilməsi ilə əlaqədar Şəxs 5-ci PB-nə dəvət edilməsini və bu zaman sonuncunun müqavimət göstərməsini bildirmişlər. Həmin şəxs barəsində qanuni tədbir görülməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. Göründüyü kimi, polis işçilərinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs olduğu yerə getməsinə əsas sonuncu barəsində bölməyə daxil olmuş şikayətlə bağlı materialın araşdırılması zərurəti ilə əlaqədar sonuncunu PB-nə dəvət etmək dəvət edilməsi olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs əməlinə münasibətdə polis işçiləri tərəfindən ictimai qaydanın mühafizə vəzifələrinin nədən ibarət olmasının müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, Binəqədi RPİ-nin 5-cı rəisinə ünvanlanmış 22.11.2021-ci il tarixli raportda X2 müraciəti əsasında polis bölməsində aparılan araşdırma ilə bağlı Ramil adlı şəxsin PBnə dəvət etmək məqsədilə polis əməkdaşları onun olduğu ünvana getdiklərini qeyd etmişlər. Lakin məhkəmə iclasında X2 müraciəti əsasında polis bölməsində aparılan araşdırma üzrə şəxsin ünvanına getməmişdən əvvəl onun iştirakının təmin edilməsi istiqamətində hər hansı hərəkət olunması, izahatının alınması ilə qanunvercilikdə nəzərdə tutulmuş qaydada çağırılması, onun həmin çağırışlardan yayınması öz təsdiqini tapmamışdır. Belə olan halda hansı əsasla polis işçilərinin heç bir rəsmi tədbir görmədən birbaşa şəxsin ünvanına getməklə onun barəsində hər hansı qərar olmadan faktiki olaraq məcburi gətirilmə tətbiq etmələri başa düşülən deyildir. Göstərilən bu hal polis işçilərinə münasibətdə ictimai qaydanın mühafizə vəzifəsi kimi qiymətləndirilə bilməz. Digər tərəfdən həmin hal, yəni şəxsin polis bölməsinə dəvət edilməsi ictimai qaydanın mühafizə vəzifəsi kimi qiymətləndirildiyi halda belə şəxsin polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmalıdır. Lakin nə iş materiallarında, nə də məhkəmə iclasında Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmamışdır. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin sahə inspektoru, polis mayoru X6 tərəfindən tərtib olunmuş 22.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, eyni zamanda Şəxs məhkəmə iclas zalından azad edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin sahə inspektoru, polis mayoru X6 tərəfindən tərtib olunmuş 22.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-4068/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4068/2021
22.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver