Məhkəmə qərarları › İş №3(001)-407/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-407/2021

26.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-407/2021 26.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 211.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola dair toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti Bakı şəhəri kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 211.2-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)-4776/2020 nömrəli qərarı ilə Şəxs İXM-in 211.2-ci maddəsi ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Şəxs tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)-4776/2020 nömrəli qərarından verilmiş apelyasiya şikayəti əsasında inzibati xəta haqqında material xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)-4776/2020 nömrəli qərarı ləğv edilərək işə yenidən baxılması üçün material Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şəxsnə və Bakı şəhəri kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin proses iştirakçıları məhkəməyə gəlməmiş, işə baxılmanın təxirə salınması haqqında məhkəməyə vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 211.2-ci maddəsinin tərkibi olsa da, Cəmiyyətin məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli izahatdan, aktdan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Bakı şəhəri kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən Şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən anbar, ofis obyektinə baxış keçirilən zaman, həmin yerdə sanitariya-gigiyena qaydalarının tələblərinə əməl edilməyərək işçilərinin tibbi maskadan istifadə etməmələri aşkar olunmuşdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 14:10-da Şəxs ünvan 1 ünvanında yerləşən anbar, ofis obyektinə işçilərin sanitariya-gigiyena qaydalarına əməl etməyərək tibbi maskadan istifadə etməmələri müəyyən edilmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyi Azərbaycan Respublikası ərazisində adamların sağlamlığının qorunmasında və möhkəmləndirilməsində, cismən və ruhən inkişafında, fəal uzunömürlüyündə vətəndaşların və cəmiyyətin hüquq və mənafelərini həyata keçirməyin zəruri şərti kimi əhalinin sanitariya-epidemioloji salamatlığı sahəsində ictimai münasibətləri tənzimləyir; 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikası sanitariya qanunvericiliyinin əsas vəzifələri aşağıdakılardır: - dövlət orqanlarının, ictimai birliklərin, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların bu sahədə hüquq və vəzifələri sisteminin müəyyən edilməsi; - insanların sağlamlığını ətraf mühit amillərinin mənfi təsirindən qorumaq və möhkəmləndirmək məqsədilə onların sanitariya-epidemioloji salamatlığının təmin edilməsi; - sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə, eləcə də sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərin görülməsinə nəzarət sisteminin yaradılması; - gigiyena tənzimlənməsi və epidemioloji tənzimləmə qaydasının müəyyənləşdirilməsi, sanitariya normalarının və qaydalarının hazırlanması; - əhalinin sanitariya-epidemioloji salamatlığını təmin edən iqtisadi mexanizmin yaradılması; - sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini pozmağa görə məsuliyyət dərəcələrinin müəyyən edilməsi; - vətəndaşların salamatlığının qorunması hüququnu təmin etməyə yönəldilən qanunvericilik, hüquqi və təşkilati tədbirlər kompleksinin yaradılması; 25-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər; 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır. Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Yuxarıda qeyd olunan iş materiallarından və müvafiq qanunvericiliyin tələblərindən göründüyü kimi, xx.xx.2020-ci il tarixdə saat 14:10-da Şəxs ünvan 1 ünvanında yerləşən anbar, ofis obyektinə işçilərin sanitariya-gigiyena qaydalarına əməl etməyərək tibbi maskadan istifadə etməmələri səbəbindən Şəxs tərəfindən İXM-in 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsi törədilmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, iş materiallarından da göründüyü kimi, Şəxs tərəfindən İXM-in 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi xx xxxxxxx 2020-ci il tarixdə baş vermiş, hazırda isə həmin vaxtdan üç aydan artıq müddət keçmişdir. Qanunvericilik İXM-in 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaya görə şəxsin inzibati məsuliyyətə cəlb etmə müddətini üç ay olaraq müəyyən etmişdir. İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İXM-in 211.2-ci maddəsi həmin Məcəllənin “Əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalar” adlı 23-cü fəslinə aid olmaqla sözügedən inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddətinin yuxarıda göstərilən İXM-in 38.1-ci maddəsinin üç aylıq hissəsinə daxil olduğunu göstərir. Ona görə də, məhkəmə Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti Bakı şəhəri kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə İXM-in 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, barəsində inzibati tənbeh tətbiq edilməsi üçün müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 38, 43, 53, 105, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti Bakı şəhəri kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. İnzibati xəta törətmiş Şəxsnə inzibati tənbeh tətbiq edilməsi üçün müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar