Məhkəmə qərarları › İş №3(001)-4071/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4071/2023

06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4071/2023 06.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 491.3 və 492.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 491.3 və 492.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 00100-02539/23 nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki Şəxs İXM-in 491.3 və 492.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin Məcəllənin 491.3 və 492.1-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxsnə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxsnə istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Belə ki, məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Türkiyə Respublikasından Şəxs ünvanına Hindistandan CR699RC/FF338T dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində xx.xx.2023-cü il tarixli ALM/E00006/2324 nömrəli invoysla idxal edilmiş yük Bakı Baş Gömrük İdarəsində xx.xx.2023-cü il tarixli, **********3319 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. xx.xx.2023-cü il tarixdə Şəxs ünvanına gələn yükə gömrük yoxlaması keçirmək məqsədi ilə avtomaşına gömrük təminatı vurularaq cəmiyyətin Bakı şəhəri, Binəqədi, rayonu, Baksol yolu ünvanında yerləşən anbarına yola salınmışdır. xx.xx.2023-cü il tarixdə gömrük orqanına cəmiyyət tərəfindən edilən zəngdən sonra müəyyən edilmişdir ki, Şəxs tərəfindən gömrük orqanının razılığı və icazəsi olmadan nəzarəti altında saxlandığı malların daşındığı CR699RC/FF338T qeydiyyat nişanlı avtomobilə tətbiq edilmiş plomb qəsdən məhv edilmiş və gömrük orqanının icazəsi olmadan malların özbaşına boşaldılmasını həyata keçirilmişdir. Bununla da, məhkəmədə toplanmış sübutlardan müəyyən edilmişdir ki, Şəxs tərəfindən İXM-in 491.3 və 492.1-ci maddələrinin tələbləri pozulmuşdur. İXM-in 491.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 492.1-ci maddəsinə əsasən gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxsnə inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Belə ki, İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Göründüyü kimi, qanunvericilik şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə adi olduqda, həmin şəxsin daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməsini müəyyən etmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, qanunverici tərəfindən İXM-in 492.1-ci maddəsi həmin Məcəllənin 491.3-cü maddəsinə görə daha ciddi xəta hesab olunur. Ona görə də, məhkəmə qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində tərtib edilmiş protokol əsaslı olduğundan və onun tərəfindən törədilmiş inzibati xətalar məhkəmədə öz təsdiqini tapdığından, barəsində İXMin 492.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq olunmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 491.3 və 492.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və İXM-in 34.3-cü maddəsinə əsasən cəmiyyət barəsində İXM-in 492.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 32, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 492.1-ci maddəsi ilə 1000 (min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar