Məhkəmə qərarları › İş №3(001)-4083/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4083/2024

09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4083/2024 09.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Şəxs nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs 13.000 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X2 bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli, EP0157676 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi rayon məhkəməsinə göndərilmişdir. Şəxs MMC ilə Türkiyə Respublikasında yerləşən “FRZ X4. VE TİC LTD. STİ” şirkəti arasında xx.xx.2022ci il tarixdə 13.000 ABŞ dolları məbləğində malların alınması ilə bağlı alğı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli müqavilə ilə əlaqədar “FRZ X4. VE TİC LTD. STİ” şirkəti tərəfindən elektron poçt vasitəsilə hesab nömrəsi göndərilmişdir. Lakin “FRZ X4. VE TİC LTD. STİ” şirkətinin elektron poçtuna kənar müdaxilə olunmuş və hesab nömrəsi dəyişdirilmişdir. Şəxs tərəfindən də səhvən “FRZ X4. VE TİC LTD. STİ” şirkətinə aid olmayan hesaba 13.000 ABŞ dolları köçürülmüşdür. Bundan xəbər tutuqdan sonra "xxxx" ASC-yə müraciət olunmuş, lakin artıq həmin məbləğin geri qaytarılması mümkün olmamışdır. Bununla bağlı "xxxx" ASC-yə bir neçə dəfə müraciət olunmuşdur. Həmçinin “FRZ X4. VE TİC LTD. STİ” şirkətinin nümayəndəsi ilə aparılan yazışmalardan sonra məbləğin həmin şirkətin hesabına köçürülmədiyi məlum olmuşdur. Qeyd edilənlə bağlı "xxxx" ASC-yə məlumat verilməsinə baxmayaraq Şəxs tərəfindən köçürlümüş məbləğin hesabına alınmış malların idxal edilməməsi ilə bağlı Mərkəzi Banka məlumat verilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP0157676 nömrəli inzibati xəta haqqında protokol üzrə MMC-nin təqsiri yoxdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Şəxs MMC ilə “FRZ X4. VE TİC LTD. STİ” şirkəti arasında dəyəri 13.000 ABŞ dolları olan alğı-satqı müqaviləsı bağlanmışdır. xx.xx.2022-ci il tarixli köçürmə haqqında sənəddən görünür ki, Şəxs tərəfindən "xxxx" ASC-də olan hesabdan 13.000 ABŞ dolları məbləğində pul vəsaiti ilə xx.xx.2022-ci il tarixli müqavilə əsasında köçürülmüşdür. xx.xx.2022-cil tarixli məktubdan görünür ki, Şəxs tərəfindən "xxxx" ASC-yə müraciət olunaraq “FRZ X4. ve Tic.LTD ŞTİ” müəssisənin Barclays Bank PLC V BUK.London, İban No GB68BUK**********1750 saylı hesabına (SWİFİT kod BUKBGB22XXX), mal idxalı ilə bağlı 13000,00 $ (USD) məbləğində pul vəsaiti köçürüldüyü, həmin məbləğin MMC-nin valyuta hesabından silindiyi, “FRZ X4. ve Tic.LTD ŞTİ”nin xx.xx.2022-ci il tarixdə verdiyi məlumata əsasən vəsaitin hələ də həmin şirkətin hesabına oturmadığı bildirilmiş, vəsaitin aidiyyəti üzrə hesaba oturmamasının səbəblərini araşdıraraq, vəsaitin göstərilən rekvizit üzrə hesaba köçürülməsinin və ya geri qaytarılmasının təmin edilməsi xahiş edilmişdir. xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Şəxs tərəfindən "xxxx" ASC-yə müraciət olunaraq xx.xx.2022-ci il tarixdə TC rezidenti olan “FRZ X6. ve Tic.LTD ŞTİ” müəssisənə mal idxalı ilə bağlı 13.000 (USD) məbləğində pul vəsaiti köçürüldüyü, ödəniş tapşırığında göstərilmiş İBAN hesab nömrəsinin (GB68BUK**********1750) düzgün olmadığı, bu səbəbdən də vəsaitin aidiyyəti üzrə “FRZ X5. ve Tic.LTD ŞTİ müəssisənə” çatmadığı bildirilmiş, xx.xx.2022-ci il tarixində köçürülmüş 13000,00 $ (USD) məbləğin geri qaytarılması xahiş edilmişdir. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Şəxs tərəfindən 13.000 ABŞ dolları məbləğində olan vəsait bank hesabından Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin ödəniş aparıldığı gündən iki il müddətində malların ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə təqsirliliyi sübuta yetirilmədiyindən başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs tərəfindən "xxxx" ASC-də olan hesabdan köçürülmüş 13.000 ABŞ dolları məbləğində olan vəsait “FRZ X4. VE TİC LTD. STİ” şirkətinin hesabına deyil, kənar müdaxilə nəticəsində digər hesaba köçürülmüş və həmin vəsait ələ keçirilmişdir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi, Şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-də olan hesabdan köçürülmüş 13.000 ABŞ dolları məbləğində vəsait hesabına alınmış malların “FRZ X4. VE TİC LTD. STİ” şirkəti tərəfindən Azərbaycan Respublikasına göndərilməsi məbləğin kənar müdaxilə nəticəsində başqa hesaba köçürülməsi səbəbindən həyata keçirilməmişdir. Əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin xx.xx.2024-cü il tarixli, EP0157676 nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə təqsiri müəyyən olunmur. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP0157676 nömrəli inzibati xəta haqqında protokola dair Şəxs İXM-in 430.4-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs İXM-in 430.4-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar