Məhkəmə qərarları › İş №3(001)-4090/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4090/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4090/2025 12.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin böyük məsləhətçiləri X2, X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” X11 nümayəndələri Nümayəndə2, Nümayəndə1 və Nümayəndə3 iştirakları ilə, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” X13 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 538-1.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “Azərbaycan Qıda Təhlükəsızlıyı İnstitutu” X13 barəsində İXM-nin 538-1.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” X11 Milli Referans laboratoriyası tərəfindən tərtib edilmiş sınaq nəticələrində akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməmişdir. Nəticədə “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” PHŞ tərəfindn Azərbaycan Respublikası İXM-nin 538-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin böyü məsləhətçiləri X5 və X9 ayrı-ayrılıqda inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək, “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” X13 barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” X11 nümayəndəsi Nümayəndə3 bildirmişdir ki, məhkəməyə yazılı etiraz ərizəsini və sənədləri təqdim edərək bildirmişdir ki, nümayəndəsi olduğu publik hüquqi şəxs barəsində AR İXMnin 538.-1.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyillər. Belə ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 32.2-ci maddəsinə əsasən laboratoriyalar arası müqayisəli və səriştəlilik sınaqlarının təşkili və sınaq metodlarının tətbiqi ilə bağlı əlaqələndirmənin təmin edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində istinad (referens) laboratoriyaları yaradılır. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523- VİQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 2000ci il 26 yanvar tarixli 267 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə" 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli fərmanlarının ləğv edilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin 2022-ci il 24 iyun tarixli 1723 nömrəli Fərmanının 2.1-ci maddəsinə əsasən Qanunun 32.2ci maddəsində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir, 2.5-ci maddəyə əsasən isə 32.2-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamən”in 3.0.34-cü bəndinə əsasən tabeliyindəki qurum vasitəsilə qida və yem məhsullarına dair beynəlxalq standartların könüllü tətbiqi üzrə məsləhət və təlim, qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların təhlükəsizliyi və qida məhsullarının minimum keyfiyyət göstəriciləri üzrə laboratoriya tədqiqi (sınağı), ekspertiza və tədqiqat (ölçmə) xidmətləri göstərmək, habelə laboratoriyalar arası müqayisəli və səriştəlilik sınaqlarının təşkili və sınaq metodlarının tətbiqi ilə bağlı əlaqələndirmənin təmin edilməsi məqsədilə istinad (referens) laboratoriyası funksiyalarını həyata keçirmək Agentliyin vəzifələrindən biridir. Bununla əlaqədar olaraq İnstitutun tabeliyində Milli Referans Laboratoriyası (bundan sonra - Laboratoriya) yaradılmışdır. AZS İSO/İEC 17025:2020 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” standartının tətbiq sahəsinə sınaq və kalibrləmə laboratoriyaları, həmçinin nümunə götürmə fəaliyyətləri daxildir. Bu standartın tələblərinə və fəaliyyət sahəsinə uyğun olaraq, Laboratoriya “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs (bundan sonra - AzAK) tərəfindən akkreditasiya olunaraq xx.xx.2024-cü il tarixli AZ 01.00xx.xx.2024 nömrəli Akkreditasiya Attestatı verilmişdir “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanunun 1.0.6ci maddəsinə əsasən akkreditasiya attestatı uyğunluğun qiymətləndirilməsi fəaliyyətini həyata keçirmək səlahiyyətini təsdiq edən və akkreditasiya nişanından istifadə üçün əsas olan sənəddir. Laboratoriya eyni zamanda Almaniyanın nüfuzlu akkreditasiya qurumu olan Deutsche Akkreditierungsstelle GmbH (DAkkS) tərəfindən beynəlxalq akkreditasiyadan keçirilmişdir “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.11-ci maddəsinə əsasən icazə - müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müəyyən hərəkətlərin (bundan sonra hərəkət) yerinə yetirilməsi üçün icazə verən orqan tərəfindən verilən rəsmi sənəd (icazə, razılıq, sertifikat, şəhadətnamə, akkreditasiya və s.), ərizəçi ilə bağlanılan müqavilə və ərizəçiyə münasibətdə edilən hər hansı digər hərəkətdir. Həmçinin həmin Qanuna 3 nömrəli Əlavə "Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı"nın 44-cü bəndinə əsasən akkreditasiya attestatı uyğunluğun qiymətləndirilməsi fəaliyyətini həyata keçirmək səlahiyyətini təsdiq edən və akkreditasiya nişanından istifadə üçün əsas olan sənəd hesab olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 2 iyul tarixli 252 nömrəli qərarı ilə təsdiq edilmiş 5 nömrəli əlavə “Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən akkreditasiya nişanından istifadə Qaydası”nın 1.3-cü bəndinə əsasən akkreditasiya orqanı tərəfindən akkreditasiya olunmamış uyğunluğu qiymətləndirən qurumlar akkreditasiya nişanından istifadə edə bilməzlər. Yuxarıda qeyd edildiyi kimi Laboratoriya AzAK tərəfindən akkreditasiya olunmuş, laboratoriyanın fəaliyyət sahəsi Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə müəyyən edilmişdir və akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə etmişdir. Eyni zamanda əlavə olaraq onu da bildirmişdir ki, barələrində inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas "xxxx" MMc-yə təqdim edilmiş sınaq protokolarında akkreditasiya sahəsində qeyd edilməyən metodlardan istifadə edilməsi olmuşdur. Bununla bağlı qeyd etməyi zəruri hesab edirlər ki, onlar sınaq protokollarında akkreditasiya sahəsində qeyd edilməyən metodlardan istifadə etsələr belə, həmin metiodları 3 ulduzla ayırmışlar. xx.xx.2024-ci il tarixli Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən akkreditasiya nişanından istifadəyə dair prosedur qaydalarının 8.5 və 8.6-cı bəndlərinə əsasən əgər üzərində AzAK-ın akkreditasiya nişanı olan sınaq protokollarında, kalibrləmə sertifikatlarında, səriştəlilik sınaqları və laboratoriyalararası müqayisə sənədlərində və ya istinad materialı sənədlərində akkreditə olunmamış nəticələr də varsa akkreditasiya olunmuş təşkilatlar verdikləri hesabatın üz qabığına akkreditasiya sahəsinə daxil olan sınaq/kalibrləmə üsulları akkreditasiyanın əhatə dairəsinə daxil olmayanlardan fərqləndirmək üçün xəbərdarlıq qeydi əlavə etməlidirlər. Bu qeyddə, məsələn, "*" işarəsi ilə qeyd olunan sınaqlar akkreditasiya çərçivəsində deyil" kimi bir ifadə ola bilər. Xəbərdarlıq qeydi asanlıqla oxuna bilən formada olmalıdır. Müvafiq olaraq, sınaq protokolunun və ya kalibrləmə sertifikatının daxili səhifələrində işarələmə aparılmalıdır ki, bu da akkreditasiya çərçivəsində olan nəticələrin akkreditasiya çərçivəsində olmayan nəticələrdən aydın şəkildə fərqlənməsinə imkan verəcəkdir. Tərəfimizdən verilmiş sınaq protokollarında isə tətbiq edilmiş akkreditə olunmamış metodlar iki ulduz işarəsi vasitəsi ilə fərqləndirilmişdir. Sınaq protokollarında tətbiq edilmiş iki ulduzla fərqləndirilməyən akkreditə olunmamış metodlar isə ola bilər ki, yalnəz texniki səhv ucbatından fərqləndirilməmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: “AZƏRBAYCAN QİDA TƏHLÜKƏSİZLİYİ İNSTİTUTU” X11 Milli Referans laboratoriyasının akkreditasiya sahəsinə dair siyahıdan görünür ki, məhsullar üzərində aparılan sınağın adı və sınaq metodu həmin siyahı ilə təsdiqlənmişdir. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə ünvanlanmış 21 aprel 2025-ci il tarixli məktubdan görünür ki, AQTA tərəfindən tərtib olunan sınaq protokollarında qeyd olunan metodların uyğun olub olmadığı haqqında münasibət bildirilməsi üçün Azərbaycan Standartlaşdırma İnstitutu PHŞ tərəfindən müvafiq araşdırma aparılmasına köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X3 04 mart 2025-ci il tarixli, MGU 0325-09 nömrəli qərarından görünür ki,”Azer Land” MMC-nin xx.xx.2025-ci il tarixli İD********** nömrəli müraciəti əsasında ölkəyə idxal olunmuş bütün məhsul partiyasına idxal sağlamlıq aktının verilməsindən imtina edilmiş və qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 (on) gün ərzində həmin məhsul partiyasının Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması təmin edilmişdir. “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” X11 Milli Referans laboratoriyasının 255004-T-5004 nömrəli sınaq protokolundan görünür ki, "xxxx" MMC tərəfindən sifariş verilmiş mallara dair sınaq nəticələri göstərilmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin 01 aprel 2025-ci il tarixli, MGU 0425-19 nömrəli qərarından görünür ki,”Azer Land” MMCnin xx.xx.2025-ci il tarixli İD********** nömrəli müraciətilə Ukraynadan idxal olunmuş, istehsalçısı “OOO “MYASADOR” müəssisəsi olan xx.xx.2025-ci il istehsal tarixli, xx.xx.2026-cı il son istifadə tarixili ümumi brutto çəkisi 20050 kq olan, dondurulmuş mal əti məhsul partiyasına idxal sağlamlıq aktının verilməsindən imtina olunmuş və qərarın hüquqi qüvvəyə mindiyi gündən sözügedən məhsul partiyaları 10 (on) gün ərzində həmin Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması təmin edilmişdir. “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” X11 Milli Referans laboratoriyasının 255003-T-5003 nömrəli sınaq protokolundan görünür ki, "xxxx" MMC tərəfindən sifariş verilmiş mallara dair sınaq nəticələri göstərilmişdir. “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” X11 Milli Referans laboratoriyasının 255005-T-5005 nömrəli sınaq protokolundan görünür ki, "xxxx" MMC tərəfindən sifariş verilmiş mallara dair sınaq nəticələri göstərilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 32.2ci maddəsinə əsasən laboratoriyalar arası müqayisəli və səriştəlilik sınaqlarının təşkili və sınaq metodlarının tətbiqi ilə bağlı əlaqələndirmənin təmin edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində istinad (referens) laboratoriyaları yaradılır. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523- VİQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 2022-ci il 24 iyun tarixli 1723 nömrəli Fərmanının 2.1-ci maddəsinə əsasən Qanunun 32.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir, 2.5-ci maddəyə əsasən isə 32.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Qida X1 nəzərdə tutulur. “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamən”in 3.0.34-cü bəndinə əsasən tabeliyindəki qurum vasitəsilə qida və yem məhsullarına dair beynəlxalq standartların könüllü tətbiqi üzrə məsləhət və təlim, qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların təhlükəsizliyi və qida məhsullarının minimum keyfiyyət göstəriciləri üzrə laboratoriya tədqiqi (sınağı), ekspertiza və tədqiqat (ölçmə) xidmətləri göstərmək, habelə laboratoriyalar arası müqayisəli və səriştəlilik sınaqlarının təşkili və sınaq metodlarının tətbiqi ilə bağlı əlaqələndirmənin təmin edilməsi məqsədilə istinad (referens) laboratoriyası funksiyalarını həyata keçirmək Agentliyin vəzifələrindən biridir. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanunun 1.0.6-ci maddəsinə əsasən akkreditasiya attestatı uyğunluğun qiymətləndirilməsi fəaliyyətini həyata keçirmək səlahiyyətini təsdiq edən və akkreditasiya nişanından istifadə üçün əsas olan sənəddir. “Azərbaycan Akkreditasiya Mərkəzi” X13 tərəfindən verilmiş 07 mart 2024-cü il tarixli AZ 01.00xx.xx.2024 nömrəli Akkreditasiya Attestatından görünür ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu PHŞ-nin “X7” departamentinin Milli Referans laboratoriyası, sınaq fəaliyyətimnin həyata keçirilməsi üçün AZS İSO/İEC 17025:2020 standartına uyğun akkreditasiya olunmuşdur. xx.xx.2024-ci il tarixli Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən akkreditasiya nişanından istifadəyə dair prosedur qaydalarının 8.5-ci bəndinə əsasən əgər üzərində AzAK-ın akkreditasiya nişanı olan sınaq protokollarında, kalibrləmə sertifikatlarında, səriştəlilik sınaqları və laboratoriyalararası müqayisə sənədlərində və ya istinad materialı sənədlərində akkreditə olunmamış nəticələr də varsa akkreditasiya olunmuş təşkilatlar verdikləri hesabatın üz qabığına akkreditasiya sahəsinə daxil olan sınaq/kalibrləmə üsulları akkreditasiyanın əhatə dairəsinə daxil olmayanlardan fərqləndirmək üçün xəbərdarlıq qeydi əlavə etməlidirlər. Həmin qaydaların 8.6-cı bəndinə əsasən bu qeyddə, məsələn, "*" işarəsi ilə qeyd olunan sınaqlar akkreditasiya çərçivəsində deyil" kimi bir ifadə ola bilər. Xəbərdarlıq qeydi asanlıqla oxuna bilən formada olmalıdır. Müvafiq olaraq, sınaq protokolunun və ya kalibrləmə sertifikatının daxili səhifələrində işarələmə aparılmalıdır ki, bu da akkreditasiya çərçivəsində olan nəticələrin akkreditasiya çərçivəsində olmayan nəticələrdən aydın şəkildə fərqlənməsinə imkan verəcəkdir Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.11-ci maddəsinə əsasən icazə - müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müəyyən hərəkətlərin (bundan sonra - hərəkət) yerinə yetirilməsi üçün icazə verən orqan tərəfindən verilən rəsmi sənəd (icazə, razılıq, sertifikat, şəhadətnamə, akkreditasiya və s.), ərizəçi ilə bağlanılan müqavilə və ərizəçiyə münasibətdə edilən hər hansı digər hərəkətdir. Həmçinin həmin Qanuna 3 nömrəli Əlavə “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı"nın 44-cü bəndinə əsasən akkreditasiya attestatı uyğunluğun qiymətləndirilməsi fəaliyyətini həyata keçirmək səlahiyyətini təsdiq edən və akkreditasiya nişanından istifadə üçün əsas olan sənəd hesab olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 2 iyul tarixli 252 nömrəli qərarı ilə təsdiq edilmiş 5 nömrəli əlavə “Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən akkreditasiya nişanından istifadə Qaydası”nın 1.3-cü bəndinə əsasən akkreditasiya orqanı tərəfindən akkreditasiya olunmamış uyğunluğu qiymətləndirən qurumlar akkreditasiya nişanından istifadə edə bilməzlər. Məhkəmə iclasında tərtib edilmiş inzibati xəta haqqında protokolla bağlı araşdırma aparılan zaman müəyyən olunmuşdur ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu PHŞ-nin “X7” departamentinin Milli Referans laboratoriyası tərəfindən ona qanunvericiliyin tələblərinə uyğun şəkildə verilmiş 07 mart 2024-cü il tarixli AZ 01.00xx.xx.2024 nömrəli “AzAK” nişanından istifadə edilməklə "xxxx" MMC-nin sifarişi əsasında Azərbaycan Respublikasına idxal edilmiş dondurulmuş mal əti nümunələrinin istifadəyə yaralı olubolmaması barədə yoxlama aparılmış, həmin yoxlama zamanı “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” X11 Milli Referans laboratoriyası tərəfindən 255003-T-5003, 255005-T-5004, 255005-T-5005 nömrəli sınaq protokolları tərtib edilmiş və həmin sınaq protokollarında akkreditə olunmuş metodlarla bərabər, akkreditə olunmamış metodlardan istifadə edilmişdir. Akkreditə olunmamış metodlar tətbiq edilən zaman isə həmin metodların əksəriyyəti iki ulduz işarəsi vasitəsi ilə fərqləndirilmişdir. Sınaq protokollarında tətbiq edilmiş iki ulduzla fərqləndirilməyən akkreditə olunmamış metodlar isə yalnız texniki səhv ucbatından fərqləndirilməmişdir. İXM-nin 538-1.2.-ci maddəsinin dispozisiyasına əsasən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilməsi göstərilmişdir. Lakin, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azer Land” MMC-nin sifarişi əsasında Azərbaycan Respublikasına idxal edilmiş dondurulmuş mal əti nümunələrinin istifadəyə yaralı olub-olmaması barədə yoxlama aparılmış, həmin yoxlama zamanı “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” X11 Milli Referans laboratoriyası tərəfindən 255003-T-5003, 255005-T-5004, 255005-T-5005 nömrəli sınaq protokolları tərtib edilmiş və həmin sınaq protokollarında akkreditə olunmuş metodlarla bərabər, akkreditə olunmamış metodlardan istifadə edilmişdir. Akkreditə olunmamış metodlar tətbiq edilən zaman isə həmin metodların əksəriyyəti iki ulduz işarəsi vasitəsi ilə fərqləndirilmişdir. Sınaq protokollarında tətbiq edilmiş iki ulduzla fərqləndirilməyən akkreditə olunmamış metodlar isə yalnız texniki səhv ucbatından fərqləndirilməmişdir. Göstərilən hal isə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməsi kimi qiymətləndirilə bilməz. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair “AZƏRBAYCAN QİDA TƏHLÜKƏSİZLİYİ İNSTİTUTU” X11 əməlində İXM-in 538-1.2-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” X11 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar