Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4094/2025 25.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 485.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 00100/01366 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, 00100/01366 nömrəli inzibati xəta haqqında protokola əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yüklər Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Ona görə də, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 485.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində xx.xx.2025-ci il tarixli, 00100/01366 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi, inzibati qaydada məsuliyyətə cəlb edilməsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd edilən inzibati xəta haqqında protokola əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ticarət reklam materialları – nümayiş üçün roll-up bannerlər Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Rusiya Federasiyasında yerləşən müxtəlif şirkətlərdən şirniyyat qabları və məhsulları alaraq həmin malları Rusiya Federasiyasında yerləşən “OESKYU TREYDİNQ” şirkətinin anbarında yerləşdirmiş, həmin anbardan mallar Azərbaycan Respublikasına idxal edilmişdir. İnzibati xəta haqqında protokolda qeyd edilmiş 99RK616/99ZG616 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Azərbaycan Respublikasına idxal edilmiş mallara dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qısa idxal bəyannamələri verilmişdir. Lakin həmin malların arasında nümayiş üçün roll-up bannerlərin olması barədə malları nəqliyyat vasitəsinə yükləmiş “OESKYU TREYDİNQ” şirkəti tərəfindən "xxxx" MMC-yə məlumat verilməmişdir. Qeyd edilən malların nəqliyyat vasitəsində olması ilə bağlı "xxxx" MMC-yə yazılı və şifahi məlumat daxil olmadığından həmin mallara dair qısa idxal bəyannaməsi verilməmişdir. Qeyd edilən mallar kommersiya məqsədi daşımadığı üçün və hədiyyə olduğuna görə “OESKYU TREYDİNQ” şirkəti tərəfindən "xxxx" MMC-yə məlumat verilməmişdir. X5 Komitəsinə müraciət edərək qeyd edilən malların göndərilməsindən məlumatsız olduqlarını, həmin mallardan dövlətin xeyrinə imtina etdiklərini bildirmiş, lakin DGK-də malların şirkətin adına göndərildiyini və gömrük bəyannaməsi tərtib edilərək götürlüməli olduğunu bildirmişlər. Buna görə də "xxxx" MMC-nin ünvanına göndərilmiş ticarət reklam materialları – nümayiş üçün roll-up bannerlərə görə xx.xx.2025-ci il tarixli, **********9224 nömrəli gömrük bəyannaməsi tərtib edilmiş və həmin mallar götürülmüşdür. Qeyd edilənləri nəzərə alaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, **********9224 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən gömrük orqanına 99RK616/99ZG616 nömrəli nəqliyyat vasitəsilə gətirilən mallara (ticarət reklam materialları – nümayiş üçün roll-up bannerlər) dair qısa idxal bəyannaməsi verilmədiyindən Gömrük bəyannaməsinin 40-cı qrafasında heç bir məlumat yoxdur. Gömrük Xidmətinin “VAİS” informasiya resursunun portal çıxarışından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına Rusiya Federasiyasından gələn malların daşındığı 99RK616/99ZG616 nömrəli nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə saat 22:56-da “Samur" gömrük postundan keçməklə, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 00100/01366 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin ünvanına 99RK616/99ZG616 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş malların xx.xx.2025-ci il tarixli, **********9224 sorğu nömrəli gömrük bəyannaməsilə bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə qətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Nəticədə, "xxxx" MMC tərəfindən İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2025-ci il tarixli, **********1847 sorğu nömrəli, xx.xx.2025-ci il tarixli, **********1853 sorğu nömrəli, xx.xx.2025-ci il tarixli, **********4070 sorğu nömrəli qısa idxal bəyannamələrinin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına 99RK616/99ZG616 nömrəli nəqliyyat vasitəsi ilə göndərilən mallara dair qısa idxal bəyannaməsi verilmişdir. “OSQ Group” şirkəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC vaxtaşırı Moskva vilayətinin Vıdnoye şəhərindəki anbardan digər şirkətlərin mallarını yükləmək üçün istifadə edir. “Brik” şirkətinə (Omskda yerləşən) məxsus malların son yüklənməsi zamanı sərgi məqsədləri üçün nəzərdə tutulmuş iki şaquli banner nümayiş materialları kimi yük maşınına tərəflərindən əlavə edilmiş və anbardan göndərilməsini rəsmi olaraq qeyd etmək üçün lazımi ixrac sənədlərini hazırlamışlar. "xxxx" MMC-yə bu predmetlərin göndərilməyə daxil edilməsi barədə məlumat verməmişlər. Sözügedən reklam materiallarının hədiyyə olaraq göndərilmiş və hər hansı bir ödəniş və ya kommersiya sövdələşməsinin predmeti olmamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, MMC-nin ünvanına “99RK616/99ZG616” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə OOO "SOYUZSNAB- EKSPORT", OOO "BRİK", OOO "X3 Upakovka" şirkətlərindən yükləmə icra edilmişdir. Həmin yüklər qanunvericiliyin tələblərinə uyğun olaraq ölkə ərazisinə daxil olmuşdur və müvafiq şəkildə gömrük bəyannamələri tərtib olunmuşdur. Bu yükləmələrdən OOO "BRİK" şirkətinə aid olan yükləmə distribyutoru olduğu OOO "OESKYU TREYDİNQ" şirkətinin anbarında icra edilmişdir. OOO "OESKYU TREYDİNQ" şirkəti onlara məlumat vermədən şirkətin istifadə etməsi üçün hədiyyə olaraq 2 ədəd roll-up reklam və nümayiş məmulatını (4kq) nəqliyyat vasitəsinə yükləmiş və həmin yükə aid formal xarakter daşıyan və məhsulun onların anbarından çıxdığını təsdiq edən CMR və İnvoice tərtib etmişdir. Bu sənədlər və yük barədə şirkətin heç bir əməkdaşına məlumat verilməmişdir. Nəqliyyat vasitəsi ölkə ərazisinə gələrkən sərhəd gömrük məntəqəsində sürücü tərəfindən verilmiş sənədlərdə bu yük qeydiyyata alınmışdır. Adı çəkilən 2 ədəd (4kq) roll-up reklam və nümayiş xarakterli məhsulun tərəflərindən dövlət xeyrinə imtina edilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə təqsiri müəyyən edilmədiyindən başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İXM-in 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırki iş üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqsiri müəyyən olunmur. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvanına Rusiya Federasiyasından 99RK616/99ZG616 nömrəli nəqliyyat vasitəsilə xx.xx.2025-ci il tarixdə gətirilən mallara dair qısa idxal bəyannamələri verilmiş, həmin malları nəqliyyat vasitəsinə yükləmiş şirkət tərəfindən malların arasında ticarət reklam materialları – nümayiş üçün roll-up bannerlərin olması ilə bağlı "xxxx" MMC-yə məlumat verilmədiyindən kommersiya təyinatı daşımayan həmin yüklə bağlı qısa idxal bəyannaməsi gömrük orqanına təqdim edilməmişdir. Məhkəmədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına 99RK616/99ZG616 nömrəli nəqliyyat vasitəsilə gətirilmiş, xx.xx.2025-ci il tarixli, **********9224 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş ticarət reklam materialları – nümayiş üçün roll-up bannerlərə dair qısa idxal bəyannaməsinin verilməməsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqsiri müəyyən edilməmişdir. Qeyd olunan hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materiallarla öz təsdiqini tapır. Ona görə də, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə təqsiri müəyyən edilmədiyindən, məhkəmə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, 00100/01366 nömrəli inzibati xəta haqqında protokola dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İXM-in 485.2-ci maddəsi üzrə təqsiri müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, 00100/01366 nömrəli inzibati xəta haqqında protokola dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi üzrə təqsiri müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilərş Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-4094/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4094/2025
25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver