Məhkəmə qərarları › İş №3(001)-4099/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4099/2023

20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4099/2023 20.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X7 katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən böyük icra məmuru X5 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-5096/2021 nömrəli icra sənədində xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X3 ödənilməsi göstərilmişdir. Qeyd olunan icra sənədi Binəqədi rayon İcra şöbəsinə daxil olmuş və xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş qəbul edilmişdir. Hazırki dövrə borclunun icra sənədi üzrə 750 manat məbləğində ödənilməmiş aliment borcu var. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-1502/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərk, 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar tərəfindən zəruri icra tədbirləri görülməsinə baxmayaraq, Şəxs borcunu üzrsüz səbəbdən icra etmədiyi üçün, sonuncu barəsində İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-5096/2021 nömrəli icra sənədinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment ondan tutularaq X3 ödənilməsi göstərilmişdir. Hazırda zərərçəkmiş şəxslə aralarında ödənilməmiş qalan aliment borcu ilə bağlı razılıq əldə edilmişdir. Onun tərəfindən xx.xx.2023-cü il tarixdə 1200 manat aliment borcu zərərçəkmiş şəxs X1 hesabına köçürülmüşdür. Bu səbəbdən də, qeyd edilənlərin nəzərə alınaraq, barəsində başlanan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-5096/2021 nömrəli icra sənədinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X3 ödənilməsi qərara alınmışdır. Binəqədi rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanmış və sonuncuya borcunu dərhal ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-1502/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərk, 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. E170392/2021-14-31 nömrəli icra işindən görünür ki, Şəxs tələbin yönəldilə biləcəyi əmlak, əmək müqaviləsi, pensiya, təqaüd və sair gəliri barədə məlumat yoxdur. “Mpay” ödəniş sistemi vasitəsilə ödənilmiş qəbzlərin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə 950 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 700 manat, xx.xx.2023-cü il tarixdə 500 manat ödəniş Şəxs tərəfindən zərərçəkmiş şəxs X1 hesabına ödənilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-5096/2021 nömrəli icra sənədi üzrə yaranmış aliment borcu ödənilməyərək icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 528.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-5096/2021 nömrəli icra sənədində xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X3 ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan icra sənədi Binəqədi rayon İcra şöbəsinə daxil olmuş və xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş qəbul edilmişdir. Hazırki dövrə borclunun icra sənədi üzrə 750 manat məbləğində ödənilməmiş aliment borcu yaranmıdır. “Mpay” ödəniş sistemi vasitəsilə ödənilmiş qəbzin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə 500 manat ödəniş Şəxs tərəfindən zərərçəkmiş şəxs X1 hesabına ödənilmişdir. Ona görə də, məhkəmə Şəxs zərərçəkmiş şəxslə razılıq əldə etdiyini, əməlində İXM-in 528.1-1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar