Məhkəmə qərarları › İş №3(001)-41/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-41/2025

06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-41/2025 06.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi ilə Şəxs (MMC) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 428.5-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 428.5-ci maddəsi ilə tərtib edilmiş 06 iyul 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokol Şəxs MMC-yə məxsus “OTOKAR KENT LF12M CNG” mikroavtobus markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı tərtib edilmişdir. Protokola baxılması ilə bağlı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışdırlar. Buna görə də, məhkəmə protokola tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İXM-nin 428.5-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan AB 0132 nömrəli “Nəqliyyat vasitələrində yerləşdirilən reklama dair texniki şərtlər pasportu”dan görünür ki, Şəxs MMC-yə məxsus “OTOKAR KENT LF12M CNG” mikroavtobus markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində “Unibank” məzmunlu 34 kv.metr sahəni əhatə edən reklamın yerləşdirilməsi nəzərdə tutulmuşdur. Texniki pasportun etibarlılıq müddəti 08 yanvar 2025-ci il tarixədək müəyyənləşdirilmişdir. Həmin nəqliyyat vasitəsinin sürücüsü X1 Binəqədi RPİ-nin DYPŞ-sinə verdiyi izahatından belə müəyyən olunur ki, avtobusun üzərində olan vinil texniki pasportda göstərilən şərtlərə uyğun olmamışdır, buna görə də, avtobus cərimə meydançasına yerləşdirilmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC barəsində İXM-in 428.5-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, onun əməli iş materialları və tərtib edilmiş protokolla öz təsdiqini tapır. İnzibati Xətalar Məcəlləsinin: - 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. - 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Lakin, digər tərəfdən, məhkəmə qeyd edir ki, İXM-in: - 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. - 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hazırki halda Şəxs MMC-nin İXM-in 428.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə münasibətdə məhkəmə qeyd edir ki, reklam haqqında qanunvericiliyin pozulması iqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xəta hesab edildiyindən, bu inzibati xətanın törədilməsinə görə inzibati tənbeh xətanın törədildiyi gündən dörd ay keçənədək verilə bilər. İş materialları ilə müəyyən edilir ki, hazırki protokolda göstərilən inzibati xəta hadisəsi 06 iyul 2024-cü il tarixdə törədilmiş, protokol baxılması üçün məhkəməyə təxminən 5 ay sonra göndərilmiş, yəni protokola məhkəmədə baxılarkən artıq MMC-nin məsuliyyətə cəlbetmə müddəti ötmüşdür. Qanunvericiliyin yuxarıda sadalanan müddəları nəzərə alınmaqla, məhkəmə hesab edir ki, Şəxs MMC-nin İXM-nin 428.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilsə də, onun barəsində bu maddə ilə başlanmış icraata yuxarıda göstərilən əsasla xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, onun barəsində tərtib edilmiş 06 iyul 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən müddətin keçməsi ilə bağlı xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar