Məhkəmə qərarları › İş №3(001)-4102/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4102/2025

18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4102/2025 18.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, Şikayət vermiş şəxsin nümayəndəsi (atası) X2 iştirakı ilə X1 barəsində tərtib edilmiş 12 aprel 2025-ci il tarixli, EQ 27294020 saylı “inzibati tənbeh vermə haqqında” qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X3 12 aprel 2025-ci il tarixli, EQ 27294020 saylı elektron qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 150 manat cərimə edilmişdir. X3 həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayəti müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, 12 mart 2025-ci il tarixdə “Toyota Rav4” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobili oğlu Sadiq deyil, o özü idarə etmişdir. Lakin, avtomobillə bağlı sonuncu etibarnamə oğluna verildiyindən cərimə də ona tətbiq olunmuşdur. O, X8 küçəsində 1.1, 1.3-cü və 1.11 nömrəli nişanların tələblərini pozmamışdır. “SMS radar” tətbiqində olan fotoşəkillərdə onun hərəkət etdiyi yol hissəsinə giriş barədə qadağan edici nişan qoyulmamışdır, ümumiyyətlə həmin yola daxil olanda heç bir yol nişanı və yol üzərində istiqamət göstərən nişan yoxdur. 1.1 xətti Bakı şəhəri ərazisində çox birtərəfli yollarda çəkilmişdir, bu, əsas vermir ki onun əks istiqamətdə hərəkət etdiyinə görə cərimə tətbiq olunsun. Sonda Z.O.Əliyev məhkəmədən göstərilənləri nəzərə alıb, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə, şikayətə baxılması ilə əlaqədar keçiriləcək iclasın vaxtı və yeri barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə lazımi qaydada bildiriş göndərməsinə baxmayaraq, inzibati orqan tərəfindən səlahiyyətli nümayəndənin məhkəmədə iştirakı təmin edilməmişdir. Məhkəmə qərarından şikayət verilmiş inzibati orqanın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, habelə qanunvericiliyin aşağıda sadalanan müddəalarını rəhbər tutaraq, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İXM-nin 327.4-cü maddəsi üzrə məsuliyyət birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yaranır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində göstərilmişdir ki, üfüqi nişanlanma xətlərindən: - 1.1 — əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir; - 1.3 — dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır; - 1.11 — yalnız bir zolaqdan çıxaraq yerdəyişməyə icazə verilən yol sahələrində əks və ya eyni istiqamətli nəqliyyat axınlarını ayırır və yalnız bir tərəfə hərəkət etməyə icazə verilən yollarda duracaqlara girmək və çıxmaq, geriyə dönmək və sair üçün nəzərdə tutulmuş yerləri göstərir. İnzibati tənbeh vermə haqqında elektron qərara qoşma edilmiş fotoşəkillərdən görünür ki, həmin yol 1.1 üfüqi nişanlanma xətti ilə nişanlanmışdır, həmin xətt əks istiqamətli yolları ayırmaq məqsədilə çəkilmişdir, yolda nəqliyyat vasitələrinin sıxlığı mövcuddur, digər nəqliyyat vasitələri yolun sağ hərəkət zolağında bir sıra üzrə hərəkət etsələr də, “Toyota Rav-4” minik markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun əks istiqamətli hərəkət zolağında hərəkət edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. - 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 80.1-ci maddəsinə əsasən, sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. - 80.2-ci maddəsinə əsasən, sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, ... inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır. Məhkəmə hesab edir ki, şikayətçi tərəfindən şikayətdə qeyd edilən xüsusatlarla bağlı, yəni həmin yolun başlanğıcından yolun hərəkət istiqamətini müəyyənləşdirən nişanın mövcud olmamasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.1-134.1.5-ci maddələrinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, işdə olan sübutlarla və məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə saat 20:07 radələrində Bakı şəhəri, X8 küçəsi ərazisində “Toyota Rav4” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçərək nəqliyyat axınının əks istiqamətində hərəkət etmişdir. Bu hal inzibati tənbeh vermə haqqında elektron qərara əlavə edilmiş foto şəkillərlə təsdiq olunur. Yol hərəkət qaydalarını pozduğuna görə avtomobilin sürücüsü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, “Toyota Rav4” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsu X3 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 27294020 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə əsaslar müəyyən edilmədiyindən, şikayət təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53.2, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 barəsində tərtib edilmiş 12 aprel 2025-ci il tarixli, EQ 27294020 saylı “inzibati tənbeh vermə haqqında” qərardan şikayəti təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada təqdim edildiyi tarixdən 10 (on) gün müddətində onu qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar