Məhkəmə qərarları › İş №3(001)-4106/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4106/2023

13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4106/2023 13.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X4 izahat verərək bildirmişdir ki, Bakı Beynəlxalq Avtovağzalı ərazisində Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Odur ki, sonuncu barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisənin bilavasitə şahidi olmamış polis əməkdaşlarının raportu əsasında inzibati xəta haqqında protokol tərtib etmişdir. Raportu tərtib etmiş polis əməkdaşlarının izahatlarını almamışdır. Polis əməkdaşının qanuni tələbinin nədən ibarət olduğunu isə əsaslandıra bilməmişdir. Bundan başqa barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı alınan zaman onda hər hansı bir məlumat olmadan, polis əməkdaşlarının izahatı alınmadan sonuncuya “Siz avtovağzalda fəaliyyət göstərərkən polis əməkdaşları sizə irad bildirmək üçün yaxınlaşdıqda onlara tabesizlik göstərərək, ucadan digər şəxsləri də bura cəlb etmisiniz mi?” və “Polis əməkdaşları sizi sakitləşdirmək istədikdə onlara qışqırıb, tabesizlik göstərmisiniz?” suallarını hansı səbəbə soruşmasının da səbəblərini izah edə bilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında bildirmişdir ki, özünü təqsirli bilmir, hər hansı bir inzibati xəta əməli törətməmişdir. Sadəcə Bakı Beynəlxalq Avtovağzalında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq bölməyə getməli olduğunu bildirmişdirlər. O səbəbini soruşduqda, taksi sürücülərinin hamısının bölməyə aparıldığı bildirilmişdir. Öz növbəsin də o da razılaşmış, hər hansı bir şəkildə etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis əməkdaşları ilə mübahisə etməmiş, hər hansı bir müqavimət göstərməmişdir. Odur ki, məhkəmədən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin post-patrul xidməti bölüyünün polis nəfəri X1 izahatında bildirmişdir ki, Şəxs qanunsuz taksi fəaliyyəti ilə məşğul olduğu üçün polis əməkdaşları ondan fəaliyyətini dayandırmasını tələb etmiş, lakin o polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymamış, öz fəaliyyətini davam etdirmişdir. Odur ki, sonuncu saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə gətirilmişdir. Vətəndaş polis bölməsinə dəvət edilərkən hər hansı bir etiraz etməmiş, könüllü şəkildə patrul maşınına əyləşərək polis bölməsinə gəlmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin post-patrul xidməti bölüyünün polis nəfəri X5 izahatında bildirmişdir ki, Şəxs polis əməkdaşının qanuni tələbinə tabe olmadığına görə sonuncunu polis bölməsinə gətirilmişdir. Belə ki, Şəxs qanunsuz taksi fəaliyyəti ilə məşğul olduğu üçün polis əməkdaşları tərəfindən xəbərdarlıq olunmuş, lakin o qanuni tələbə məhəl qoymayaraq öz fəaliyyətini davam etdirmişdir. Vətəndaş polis bölməsinə dəvət edilərkən hər hansı bir etiraz etməmiş, könüllü şəkildə patrul maşınına əyləşərək polis bölməsinə gəlmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində AR İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:10-da inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il, saat 14:40-da azad edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə olan inzibati protokol əsassız olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə tərəfindən inzibati xəta haqqında protokol, iş materialları və tərəflərin izahatları əlaqəli şəkildə tədqiq edilərək müəyyən edilmişdir ki, Şəxs polis əməkdaşlarına hər hansı tabesizlik göstərməmişdir. Belə ki, o Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində qanunsuz taksi fəaliyyəti ilə məşğul olduğu üçün polis əməkdaşları tərəfindən polis bölməsinə dəvət olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokolda Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inxibati xətanı törətməsi qeyd edilsə də, protokolda onun polis əməkdaşlarının hansı qanuni tələblərinə əməl etməməsi, onun tabesizliyinin nədə ifadə olunması göstərilməmiş, məhkəməyə bunları təsdiq edəcək hər hansı video görüntü və ya digər sübut təqdim edilməmişdir. Qeyd edilən protokolda şəxsin İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinin nə ilə təsdiq edildiyi göstərilməmiş, lakin şəxs izahatında polis əməkdaşının qanuni tələblərinə əməl etdiyini, tabesizlik göstərmədiyini bildirmişdir. Protokol tərtib edilərkən Şəxs tabesizliyinin nə olduğu araşdırılmamış, sadəcə ümumi cümlələrlə qanuni tələbə tabe olmayaraq tabesizlik göstərildiyi qeyd edilmişdir. Halbuki, protokol tərtib etmiş şəxsin hansı hərəkətləri ilə inzibati xəta törətməsi ətraflı qeyd edilməli, onun həmin inzibati xətanı törətməsi protokolu tərtib etmiş şəxs tərəfindən sübut edilməlidir. İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bununla yanaşı İXM-nin 535.1-ci maddəsinin dispozisiyasında polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edilmişdir. Hazırki halda isə polis əməkdaşları tərəfindən vətəndaş Şəxs yönələn tələb qanuni olmamışdır. Belə ki, əgər Şəxs qanunsuz taksi fəaliyyəti ilə məşğul olurdusa, onun barəsində İXM-nin 322.0.2ci maddəsi ilə dərhal inzibati xəta haqqında protokol tərtib edilməli idi. Belə ki, İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Bununla da məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda Bakı şəhəri Binəqədi Rayon Polis idarəsinin 40-cı Polis Bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Polis idarəsinin 40-cı Polis Bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar