Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-411/2023 06.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4, şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 20 oktyabr 2021-ci il tarixli MN ******* nömrəli protokolu əsasında qəbul edilmiş 10 noyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyimə görə, barəmdə 2 000 (iki min) manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. Barəsində qəbul olunmuş cərimə qərarının məcburi icrası təmin edilməsi üçün qeydiyyat ünvanı üzrə Bakı şəhəri Bionəqədi rayon İcra və probasiya Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən ona gələn mesajdan sonra tətbiq edilən cərimə məbləğindən xəbəri olmuşdur. Çünki bu günə kimi ona nə rəsmi, nə də ki, şifahi şəkildə heç bir məlumat verilməmişdir. Qeyd edir ki, xx.xx.2022-ci il tarixdə mobil telefon nömrəsinə Binəqədi Rayon İcra və Probasiya Şöbəsindən məktub gəlmiş və cərimə məbləği barədə məlumat verilmişdir. Ramazan bayramı ilə əlaqədar o, qeyri-iş günlərini nəzərə alıb, xx.xx.2022-ci il tarixdə Binəqədi rayon İcra və Probasiya Şöbəsinə yaxınlaşdı. Orada ona İnzibatı tənbeh vermə haqqında qərarın surəti təqdim edildi və izah olundu ki, məsələ ilə bağlı qeydiyyatı üzrə rayon məhkəməsinə şikayət ərizəsi ünvanlaya bilər, beləliklə o, 10 noyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətini xx.xx.2022-ci il tarixdə əldə etmişdir. 10 noyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə səbəb Binəqədi rayonu, Binəqədi şossesi 5 ünvanında yerləşən tamet sexinin fəaliyyəti zamanı əmələ gələn istehsal tullantılarının qalaqlanması olmuşdur. Həmin tullantılar onun işlətdiyi tamet sexinə məxsus deyil. Belə ki, həmin ərazidə onun işlətdiyi sexdən biraz aralıda başqa bir şəxsə məxsus tamet sexi vardır. Həmin tullantılar həmin sexi işlədən şəxsə aiddir. Qərarda qeyd edilən tullantılar, istehsal üçün lazım olan xammaldır. Yəni tullantı deyildir. Həmin gün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onun işlətdiyi sexə yaxınlaşaraq ondan vöen və digər sənədlər barədə maraqlandılar. Həmin gün isə ona qərarda qeyd edilən tullantılar barədə heç bir söz deyilmədi. Sadəcə olaraq vöen şəklini çəkib getdilər. Məhkəmə iclasında X5 şikayəti müdafiə edib, onun məzmununa uyğun çıxış edərək, məhkəmədən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 şikayətin əsassız olduğunu qeyd edib məhkəmədən onun təmin edilməməsini xahiş etmişdir. İş materillarında və məhkəmədə tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, icarəyəverən “Həbibi” KM Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 5 ünvanında yerləşən, ona məxsus olan ərazini icarəçi X3 icarəyə vermişdir.Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən “icarəçi” icarəsində olan sahədə qanunvericilikdə nəzərdə tutulan fəaliyyət növü ilə məşğul olmalı, işini əməyin təhlükəsizliyi tələblərinə, sanitar və yanğından mühafizə normalarına uyğun qurmalıdır. xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, 01 avqust 2020-ci il tarixdə bir tərəfdən “icraçı” adlanacaq Binəqədi Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi şəxsində X6, digər tərəfdən “sifarişçi” adlanacaq Binəqədi rayonu, Binəqədi şossesi ünvanında fəaliyyət göstərən Həbibi k/müəssisəsi (X8) arasında müqavilə bağlanmışdır.Həmin müqavilədə sifarişçinin fəaliyyəti zamanı əmələ gələn bərk məişət tullantılarını gün ərzində sellofan torbalara qablaşdırmaq və günün axırında “icraçı” tərəfindən müəyyən olunmuş yerdə qoyulmuş standarta uyğun konteynerlərə yığmaq, fəaliyyət göstərdiyi kommersiya strukturunun ətrafını təmiz saxlamaq, müasir tələblərə cavab verən sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə cavab vermək kimi öhdəlikləri nəzərdə tutulmuşdur. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, “White Palace” şadlıq sarayının yaxınlığında yerləşən tamet sexinin fəaliyyəti zamanı əmələ gələn istehsalat tullantılarının qalaqlanması barədə daxil olmuş müraciət əsasında araşdırma aparılmış, araşdırma ilə əlaqədar həmin əraziyə baxış keçirilmiş, tamet sexinin fəaliyyəti zamanı əmələ gələn istehsalat tullantılarının qalaqlanması müəyyən edilmiş, araşdırma zamanı X5 tamet sexinin “Həbib” KM ilə bağlanmış icarə müqaviləsi əsasında onun tərəfindən işlədilməsinə dair icarə müqaviləsini təqdim etmiş, lakin aşkar edilmiş faktla bağlı izahat verməkdən imtina etmiş, fotoşəkillər akta əlavə edilmişdir. Akt idarənin əməkdaşları Vasif Əşrəfov, Ceyhun Muradov və İlqar Məmmədov tərəfindən imzalanmışdır. Fotoşəkillərdən görünür ki, ərazidə istehsalat tullantıları qalaqlanmışdır. xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 tərəfindən Binəqədi rayonu Binəqədi şossesi 5 ünvanında yerləşən tamet sexinin fəaliyyəti zamanı əmələ gələn istehsalat tullantılarının qalaqlanması müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2000 manat miqdarında cərimə edilmişdir. Məhkəmə, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X5 tərəfindən verilmiş şikayət qismən təmin olunaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, iş materillarından müəyyən edilmişdir ki, “White Palace” şadlıq sarayının yaxınlığında yerləşən tamet sexinin fəaliyyəti zamanı əmələ gələn istehsalat tullantılarının qalaqlanması barədə daxil olmuş müraciət əsasında araşdırma aparılmış və aparılmış araşdırma ilə əlaqədar həmin əraziyə baxış keçirilən zaman tamet sexinin fəaliyyəti zamanı əmələ gələn istehsalat tullantılarının qalaqlanması müəyyən edilmişdir. Bundan sonra həmin tamet sexinin X5 tərəfindən işlədilməsi müəyyən edilmiş və Binəqədi rayonu Binəqədi şossesi 5 ünvanında yerləşən tamet sexinin fəaliyyəti zamanı əmələ gələn istehsalat tullantılarının qalaqlanması müəyyən edildiyindən sonuncu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla vəzifəli şəxs qismində 2000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. X1 şikayətində Binəqədi rayonu Binəqədi şossesi 5 ünvanında qalaqlanan tullantıların onun işlətdiyi tamet sexinə məxsus olmadığını, həmin ərazidə onun işlətdiyi sexdən biraz aralıda başqa bir şəxsə məxsus tamet sexi olduğunu və tullantıların həmin sexi işlədən şəxsə aid olduğunu göstərmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Vasif Əşrəfov, Ceyhun Muradov və İlqar Məmmədov tərəfindən xx.xx.2021-ci il tarixli aktda X2 tamet sexinin “Həbib” KM ilə bağlanmış icarə müqaviləsi əsasında onun tərəfindən işlədilməsinə dair icarə müqaviləsini təqdim etməsi, lakin sonuncunun aşkar edilmiş faktla bağlı izahat verməkdən imtina etməsi göstərilsə də, sözügedən tullantıların həqiqətən X2 işlətdiyi tamet sexi tərəfindən atılması ilə bağlı yalnız həmin ərazidə fotoşəkillər çəkilmiş və səlahiyyətli orqan tərəfindən həmin akt və əlavə edilmiş fotoşəkillər əsas götürülərək şəxs barəsində tənbeh tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. Bununla yanaşı, məhkəmə tərəfindən sözügedən aktı tərtib etmiş şəxslər Vasif Əşrəfov, Ceyhun Muradov və İlqar Məmmədovun məhkəmədə iştirakının təmin edilməsinə dair müraciəti səlahiyyətli orqan tərəfindən cavabsız saxlanılmış və adı çəkilən şəxslərin məhkəmə iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv, eləcə də qanunvericiliyin tələblərinə müvafiq araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X2 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də, həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə X2 təqsiri müəyyən olunmur və səlahiyyətli orqan tərəfindən aparılmış inzibati araşdırma qeyd olunan xüsusatları tam, hərtərəfli və obyektiv olaraq araşdırmadan yekun qərar qəbul edərək şəxsin inzibati qaydada məsuliyyətə cəlb edilməsinə səbəb olan qərar qəbul etmişdir. Bununla yanaşı, qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə, sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X5 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması şəxsin qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır və həmin şübhələrin həlli qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Bu səbəbdən məhkəmə, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə, məhkəmə X2 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X2 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-411/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-411/2023
06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver