Məhkəmə qərarları › İş №3(001)-4111/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4111/2023

16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4111/2023 16.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X6 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-485/2023 nömrəli icra sənədi üzrə Şəxs Zərərçəkmiş şəxs ümumilikdə 4300 (dörd min üç yüz) AZN məbləğində ödənilməmiş borcu vardır. Son üç ay ərzində Şəxs tərəfindən aliment öhdəliyi üzrə hər hansı bir ödəniş edilməmişdir. Zərər çəkmiş şəxsin müraciət əsasında Şəxs icra şöbəsinə dəvət edilmiş və barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs ümumilikdə 4300 (dörd min üç yüz) AZN məbləğində ödənilməmiş borcu olduğunu təsdiq edir. Rəsmi olaraq iş yeri olmasa da, avtomobil servisində çalışır və işəmuzd əmək haqqı alır. Qazancı stabil olmasa da, təqribi günlük 30-40 AZN qazanc əldə edir. 2 ay işsiz olmuş, ona görə 2 ay ödəniş edə bilməmişdir. Sonuncu dəfə iyul ayının 15-də ödəniş etmişdir. Ona verilmiş suallara cavab olaraq son 3 ay ərzində hazırki işində çalışdığını aya təxminən 800-900 qazanc əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs qərəzli olaraq aliment ödənişini icra etmir. Belə ki, Şəxs o yığılmış borcu bütöv şəkildə tələb etməmiş, aylıq 50-60 manat artıq ödəniş etməsinə belə razılaşmışdır. Hətta aylıq aliment öhdəliyini bir ay ərzində iki hissəyə bölməklə ödəməsinə belə etiraz etməmişdir. Buna baxmayaraq son 3 aydır Şəxs aylıq aliment öhdəliyini icra etmir. Aprel ayının ortalarından başlayaraq ödəniş etmiş və may, iyun, iyul ayları üçün ümumilikdə 1800 AZN ödəniş etmişdir. Hal-hazırda ona 4300 (dörd min üç yüz) AZN aliment öhdəliyi üzrə yığılmış borcu vardır. Qeyd edilənləri nəzərə alaraq onun məsuliyyətə cəlb edilməsini və ciddi cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 izahatında bildirmişdir ki, Şəxs aliment ödənişinin icra edilməsindən qərəzli boyun qaçırmır. Stabil əmək haqqı almadığından aliment öhdəliyi üzrə müəyyən gecikmələr olmuşdur. Odur ki, məhkəmədən Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-485/2023 nömrəli icra sənədindən görünür ki, Şəxs 2022-ci il ərzində hər ay ümumilikdə 386 AZN, 2023-cü ildən isə hər ay ümumilikdı 440 AZN sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. xx.xx.2021-ci il təvəllüdlü X5 3 yaşına çatanadək hər ay 100 manat sabit pul məbləğində alimentin Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-485/2023 nömrəli icra sənədi üzrə icraata başlanmışdır. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 485/2023 nömrəli icra sənədi üzrə Şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 4300 (dörd min üç yüz) AZN məbləğində ödənilməmiş borcu vardır. Bu fakt tərəflərin izahatları ilə və iş materialları ilə öz təsdiqini tapır. Bununla yanaşı məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahatında aylıq gəlirinin təxmini 900 (doqquz yüz) AZN miqdarında olduğunu bildirmişdir. Şəxs faktiki olaraq aylıq gəlir əldə etdiyi halda aylıq aliment ödənişini nəinki tam şəkildə icra etmiş, ümumiyyətlə uşaqların zəruri xərclərinə qarşılamaq məqsədi ilə də Zərərçəkmiş şəxs aliment öhdəliyindən hər hansı bir miqdarda ödəniş etməmişdir. Məhkəmə hesab edir ki, Şəxs faktiki olaraq aylıq 900 AZN gəliri olduğu halda, son 3 ay ərzində aliment öhdəliyindən hər hansı miqdarda ödəniş etməməsi icra sənədinin qərəzli olaraq icra edilməməsi kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri icra işi ilə əlaqəli şəkildə araşdıraraq bu nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam olaraq sübuta yetirilir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqəsi, tərəflərin izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati xətanın aliment borcu ilə əlaqədar olduğunu, yığılmış aliment borcunu və aylıq aliment ödənişini icra etməyən şəxsin inzibati cərimə növündə tənbeh edilməsinin lüzumsuz olduğu qənaətinə gəlir. Odur ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Bu səbəbdən də onun barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdığı andan, yəni 16 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 16 oktyabr 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar