Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4121/2023 17.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Cəlilabad rayonu, Göytəpə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, Kristal Abşeron yaşayış massivində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin sahə inspektoru, polis mayoru X2 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə xidmət aparan zaman dövlət qeydiyyat nişanları çıxarılmış avtomobil müəyyən etmişdirlər. Ərazidə baş vermiş çox saylı oğurluq hadisələri və inzibati xətaların törədilməsinə dair vətəndaş şikayətləri ilə əlaqədar həmin avtomobilin sürücüsünün inzibati xəta törətməsinə şübhə etdiklərindən şəxsiyyətini müəyyənləşdirmək və sənədlərini yoxlamaq üçün həmin avtomobilə yaxınlaşmışdırlar. Sürücüyə yaxınlaşmalarının səbəbini izah edən zaman sürücü aqressiv cavab vermiş və mühərriki işə salaraq hadisə yerindən qaçmaq istəmişdir. Şəxsin bu şəkildə qeyri-adekvat davranışından sonra, sonuncunun hadisə yerindən qaçmasına mane olmuşdurlar. Bundan sonra şəxs tabesizlik göstərmiş, hadisə yerindən qaçmağa çalışmış, onlara əl-qol atmışdır. Odur ki, sonuncu barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, daha əvvəl də Şəxs İXMnin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, polis əməkdaşları onu yaxınlaşan zaman qorxduğu üçün mühərriki işə salıb, qaçmaq istəmişdir. Polis əməkdaşları onun uzaqlaşmasına mane olan zaman onlarla sözlü mübahisə yaşasa da, əl-qol atmamışdır. Himayəsində xəstə anası vardır. Odur ki, məhkəmədən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ona verilmiş suallara cavab olaraq əvvəllər də İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilindiyini bildirmişdir. Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı X3 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə xidmət aparan zaman dövlət qeydiyyat nişanları çıxarılmış avtomobil müəyyən etmişdirlər. Avtomobilin sürücüsünün inzibati xəta törətməsinə şübhə etdiklərindən şəxsiyyətini müəyyənləşdirmək və sənədlərini yoxlamaq üçün həmin avtomobilə yaxınlaşmışdırlar. Avtomobilin sürücü Şəxs olmuşdur. Şəxs yaxınlaşmalarının səbəbini izah edən zaman onlara aqressiv cavab vermiş və idarə etdiyi avtomobilin mühərrikini işə salaraq qaçmaq istəmişdir. Bu zaman sonuncunun qaçmasına mane olmuşdurlar. Qaçmağının qarşısı alınan zaman sonuncu tabesizlik göstərmiş və onlara əlqol atmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, 019101 saylı “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 09:40 inzibati qaydada tutulmuşdur. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. “AzeMis” elektron informasiya sistemindən olan çıxarışdan görünür ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati tənbeh edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, “Polis Haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 2ci bəndinə əsasən cinayət və ya inzibati xəta törətməkdə şübhə edilənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün sənədlərini yoxlamaq polis əməkdaşının hüququdur. Ərazidə baş vermiş hüquqpozuntuları ilə bağlı çox saylı vətəndaş şikayətlərinin araşdırması zamanı Şəxs dövlət qeydiyyat nişanları çıxarılmış avtomobil idarəetməsi polis əməkdaşları tərəfindən müəyyən edilmiş, sonuncunun inzibati xəta törətməsinə şübhə etdiklərindən yaxınlaşaraq sürücünün şəxsiyyətini müəyyənləşdirmək və sənədlərini yoxlamaq istəmişdirlər. Polis əməkdaşları Şəxs yaxınlaşmalarının səbəbini izah edən zaman sonuncu polis əməkdaşlarına aqressiv cavab verərək, idarə etdiyi avtomobilin mühərrikini işə salaraq hadisə yerindən qaçmaq istəmişdir. Şəxs polis əməkdaşları ilə sözlü mübahisə yaşaması və hadisə yerindən avtomobili ilə uzaqlaşmaq istəməsi sonuncunun öz izahatı ilə də təsdiqini tapır. Məhkəmə hesab edir ki, polis əməkdaşlarının Şəxs yönələn tələbi qanuni olmuş, sonuncunun polis əməkdaşlarına aqressiv cavab verərək, idarə etdiyi avtomobilin mühərrikini işə salaraq hadisə yerindən qaçmağa cəhd etməsi polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələbinə qəsdən tabe olmamaq kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs polis işçisi ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol raport, şahidin izahatı həmçinin də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində 20 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətinə həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin və icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-4121/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4121/2023
17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver