Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4124/2021 23.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3, Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 264.0.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində İXM-in 264.0.1-ci maddəsi ilə tərtib edilmiş 11.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Qeyd olunan inzibati xəta haqqında protokoldan müəyyən edilmişdir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən Mehdiabad qəsəbəsi istiqamətindən formalaşan tullantı suların “X6” şirkətinin 2-ci mədən ərazisindən açıq kanallarla axaraq təmizlənmədən birbaşa Böyükşor gölünə axıdılması faktı aşkar edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 bildirmişdir ki, daxil olmuş müraciət əsasında idarə tərəfindən araşdırma aparılmışdır. Araşdırma ilə əlaqədar “X6” şirkətinə verilmiş saziş ərizəsinə baxış keçirilərkən Mehdiabad qəsəbəsi istiqamətindən formalaşan tullantı suların şirkətə məxsus saziş ərizəsindən açıq kanallarla axaraq təmizlənilmədən Böyükşor gölünə tökülməsi müəyyən edilmişdir. Araşdırma zamanı “X6” şirkəti Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi ərazisində yerləşən nasosxana və stansiya binalarının, kanalların, həmçinin digər avadanlıqların “Azneft” İstehsalat Birliyi ilə Şəxs Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış 26.04.2019-cu il tarixli təhvil-qəbul aktına əsasən Şəxs Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsinə dair sənədləri təqdim etmişdir. Bununla əlaqədar 11.11.2021-ci il tarixli 73610 nömrəli akt tərtib edilmiş, çirkab suların təmizlənmədən birbaşa Böyükşor gölünə axıdılmasına görə Bakı Sukanal İdarəsinə 11.11.2021-ci il tarixli protokol tərtib edilmişdir. Ona görə də, məhkəmədən qeyd olunanların nəzərə alınaraq, Şəxs Açıq Səhmdar Cəmiyyətinin inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 bildirmişdir ki, tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Çünki tərtib edilmiş sənədlərdə göstərilən ərazidən keçən, əhali tərəfindən çirkab sularının axıdıldığı açıq kanal Binəqədi rayon Sukanal İdarəsinin balansında deyil və tərəflərindən həmin kanala xidmət göstərilmir. Ona görə də, məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26.04.2019-cu il tarixli Təhvil-qəbul aktından görünür ki, “Azneft” İstehsalat Birliyi ilə Şəxs Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış 26.04.2019-cu il tarixli təhvil-qəbul aktına əsasən Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi ərazisində yerləşən nasosxana və stansiya binalarının, kanalların, həmçinin digər avadanlıqları Şəxs Açıq Səhmdar Cəmiyyətinə təhvil verilmişdir. 11.11.2021-ci il tarixli aktdan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Mehdiabad qəsəbəsi istiqamətindən formalaşan tullantı suların şirkətə məxsus saziş ərizəsindən açıq kanallarla axaraq təmizlənilmədən Böyükşor gölünə tökülməsi müəyyən edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını məhkəmədə toplanmış sübutlarla birlikdə əhatəli şəkildə tədqiq edərək hesab edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən İXM-in 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Belə ki, məhkəmədə toplanmış sübutlardan müəyyən edilmişdir ki, “X6” şirkətinə məxsus obyektlərdən axan və Mehdiabad qəsəbəsi istiqamətində formalaşan tullantı suların təmizlənməsi məqsədi ilə “Azneft” İstehsalat Birliyi ilə Şəxs Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış 26.04.2019-cu il tarixli təhvil-qəbul aktı imzalanmışdır. Lakin aparılmış araşdırma nəticəsində Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən Mehdiabad qəsəbəsi istiqamətindən formalaşan tullantı suların şirkətə məxsus saziş ərizəsindən açıq kanallarla axaraq təmizlənilmədən Böyükşor gölünə tökülməsi faktı aşkar edilmişdir. Həmin hallar tərtib edilmiş aktlarla öz təsdiqini tapır. Digər tərəfdən Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aşkar edilmiş inzibati xəta hadisəsi üzrə müəyyən edilən ərazinin cəmiyyətin balansında olmaması və göstərilən əraziyə xidmətin göstərilməməsi faktına dair məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin fakt üzrə cəmiyyətin təqsirini sübuta yetirməyə kifayət edəcək dəlillər mövcud olsa da, məhkəmədə həmin faktı istisna edəcək heç bir sübut aşkar edilməmiş və buna dair heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Göstərilənlərə əsasən, Şəxs Açıq Səhmdar Cəmiyyətinin İXM-in 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, məhkəmə cəmiyyətin inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin əməlində məsuliyyəti yüngüləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 76.1-ci maddəsinə əssən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 264.0.1-ci maddəsinə əsasən Su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti İXM-in 264.0.1-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində barəsində həmin maddələrin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 7500 (yeddi min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-4124/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4124/2021
23.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver