Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4138/2025 10.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X2, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1980-cı il tarixdə Ermənistanın Qafan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək olaraq ev alqı-satqısı ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokola baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X5 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(001)-5198/2020 saylı, 05 sentyabr 2024-cü il tarixli, 2(001)-4758/2024 saylı icra sənədləri və Bakı şəhəri 14 saylı notariat ofisinin 16 oktyabr 2020-ci il tarixli, 8İ-13931 nömrəli icra qeydi üzrə borclu Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 10 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, hazırki tarixə borclunun hər üç icra sənədi üzrə ümumi borc məbləği 42790 manat təşkil edir. Borclu icra sənədinin icrasından yayındığından hazırki protokol tərtib edilmişdir. Məhkəmə iclasında icra məmuru izahatında göstərdi ki, Bakı şəhəri 14 saylı notariat ofisinin icra qeydi 19 oktyabr 2020-ci il tarixdə İcra Şöbəsinə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli icra sənədi 24 dekabr 2020-ci il tarixdə İcra Şöbəsinə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya göndərilmişdir. Həmin icra sənədinin icrasını təmin etmək üçün təqdimat əsasında məhkəmə qərarı ilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Məhkəmənin 05 sentyabr 2024-cü il tarixli icra sənədi isə 17 oktyabr 2024-cü il tarixdə İcra Şöbəsinə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icrasında dair bildirişlə birlikdə borcluya göndərilmişdir. Borclunun 16 oktyabr 2020-ci il tarixli icra qeydi üzrə 6020 manat, 06 noyabr 2020-ci il tarixli icra sənəsi üzrə 20630 manat, 05 sentyabr 2024-cü il tarixli icra sənədi üzrə 20000 manat borcu vardır və protokol tərtib olunan tarixə ümumi borcu 42790 manat təşkil edir. Sonda A.Ə.Əhmədov məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ifadəsində göstərdi ki, icra qeydində göstərilən məbləğ beh kimi alınmış puldur. O, həmin icra qeydi üzrə tələbkar X4 ilə barışıq əldə etmişdir. Digər icra sənədi üzrə tələbkar Elmar Həsənova borcun əvəzində torpaq sahəsi vermişdir və hazıra E.Həsənovun ona qarşı hər hansı tələbi yoxdur. Zərərçəkmiş şəxs tələbkar olduğu icra sənədi üzrə isə borc məbləğindən 4000 manatını 2021-ci ildə ödəmiş, qalan borcdan 3000 manatını bu ayın sonunadək ona verəcəkdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, pulunun ödənilməsini, əks halda Şəxs barəsində ağır cəza təyin olunmasını tələb edir. Tədqiq edilən sübutlar: Bakı şəhəri 14 saylı notariat ofisinin 16 oktyabr 2020-ci il tarixli, 8İ-13931 reyestr nömrəli icra qeydində X1 xeyrinə Şəxs 20 manat dövlət rüsumu da daxil olmaqla, cəmi 6020 manat pulun tutulmalı olduğu göstərilmişdir. Həmin icra sənədi ilə bağlı 19 oktyabr 2020-ci il tarixdə Binəqədi rayon İcra Şöbəsinin icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcuya göndərilmişdir. 05 noyabr 2020-ci il tarixdə verdiyi izahatında borclu göstərmişdir ki, həmin icra qeydindən narazıdır, bununla bağlı tələbkarla qarşılıqlı razılığa gələcəkdir və ya icra qeydini məhkəmə qaydasında mübahisələndirəcəkdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(001)- 5198/2020 saylı icra sənədinə əsasən, Şəxs maddi ziyana görə 20000 manat, mənəvi zərərə görə 500 manat, vəkil xərci olaraq 100 manat və dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 20630 manatın alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Həmin icra sənədi ilə bağlı 24 dekabr 2020-ci il tarixdə Binəqədi rayon İcra Şöbəsinin icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcuya göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 8(001)-405/2021 saylı qərardadına əsasən, həmin icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs öldəkən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. 10 iyun 2025-ci il tarixdə İcra Şöbəsində verdiyi izahatında borclu göstərmişdir ki, Zərərçəkmiş şəxs olan borcundan 4000 manatını 2021-ci ildə ödəmiş, qalan borcu 16630 manat təşkil edir, həmin borcdan ayın sonunadək 3000 manatını ödəyəcək, qalan məbləği isə hər ay 500 manat olmaqla ödəməyə hazırdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 2(001)- 4758/2024 saylı icra sənədinə əsasən, Şəxs 20000 manat məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 140 manatın tutularaq X3 ödənilməsi qərara alınmışdır. Həmin icra sənədi ilə bağlı 17 oktyabr 2024-cü il tarixdə Binəqədi rayon İcra Şöbəsinin icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcuya göndərilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun mənasına görə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İşin qərarın təsviri hissəsində təsvir edilmiş hallarından görünür ki, borclu icra vərəqələri üzrə müəyyən edilmiş tələbləri icra etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclu barəsində təsir tədbirləri görülməlidir. Belə ki, icra sənədinin icra olunmaması tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzadır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, borclu Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”ya dair 4 saylı Protokolun 1-ci maddəsinə əsasən heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən səxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, tələbkarın əmlak mənafelərini və icra sənədinin icra olunmamasının tələbkarın, əsas da uşaqların qanunla qorunan mənafelərinin, pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığını, bununla belə, borclunun icra sənədini icra etmək niyyətini ifadə etməsini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-4138/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4138/2025
10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver