Məhkəmə qərarları › İş №3(001)-4140/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4140/2024

13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4140/2024 13.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Ramazanova Gözəl Şamil qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X4, Şəxs nümayəndəsi X5 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən Şəxs barəsində İXM-in 192.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə edilmiş məlumatlardan müəyyən edilmişdir ki, işğaldan azad olunmuş ərazilərdə iş icazəsi alınmış X7 xx.xx.2024-cü il tarixdən, X8 xx.xx.2024-cü il tarixdən və X3 xx.xx.2024-cü il tarixdən hal-hazıradək əmək müqaviləsi hüquqi qvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X9 bildirmişdir ki, 2024-cü ilin may ayı ərzində “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında işğaldan azad edilmiş ərazilərə Şəxs tərəfindən iş icazəsi alınmış şəxslərin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsinin aşkar edilməməsi müəyyən edilmişdir. Bununla bağlı şirkətə məlumat göndərilsə də, iş icazəsi alınan işçilərlə əmək müqaviləsinin bağlanılması və müvafiq əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməməsi təmin edilməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Adı qeyd olunan şəxslər işə cəlb edilmişsə, bu zaman onlarla əmək müqaviləsi bağlanmalı idi. Əks halda portala qonaq kimi əlavə olunmalı idilər. Ona görə də, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X10 bildirmişdir ki, cəmiyyət barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. X2 və X8 ilə bağlanmış əmək müqavilələrinə xitam verilsə də, işğaldan azad edilmiş ərazilərə getmələri ilə bağlı alınmış icazələr ləğv edilməmişdir. Həmin şəxslərin icazələrinin ləğv edilməsi ilə bağlı müraciət etsələr də, onlara qeyd olunan şəxslərinin adının çıxarılacağı bildirilmiş, lakin protokol tərtib edilən dövrə qədər adları çıxarılmamışdır. Odur ki, məhkəmədən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin, Şəxs nümayəndəsi X10 Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X9 tərəfindən X1 cəmiyyətdə hansı dövrdə işləməsi, işlədiyi dövrdə onunla əmək müqaviləsinin nə vaxt bağlanılması və sonuncu cəmiyyətdə işləməmişsə işçi kimi onun adının icazənin necə alınmış olması ilə bağlı verilən suala heç bir cavab verməmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki Şəxs İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, ona əlavə edilmiş digər sübutlarla, eləcə də məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin Məcəllənin 192.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən 2024-cü ilin may ayı ərzində keçirilmiş monitorinqlər nəticəsində “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə edilmiş məlumatlar əsasında işğaldan azad edilmiş ərazilərə Şəxs tərəfindən iş icazəsi alınmış şəxslərin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsinin olmaması aşkar edilmişdir. Şəxs nümayəndəsi məhkəmə iclasında X7 və X8 cəmiyyət arasında əmək müqaviləsinin bağlanması və müvafiq qaydada həmin şəxslərin müqavilələrinin sistemə yerləşdirilməsi, eləcə də həmin şəxslərin əmək müqavilələrinə xitam verilməsi barədə izahat verib sonuncular barəsində olan sənədləri məhkəməyə təqdim etsə də, nümayəndə Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X9 tərəfindən X1 cəmiyyətdə hansı dövrdə işləməsi, işlədiyi dövrdə onunla əmək müqaviləsinin nə vaxt bağlanılması və sonuncu cəmiyyətdə işləməmişsə işçi kimi onun adının icazənin necə alınmış olması ilə bağlı verilən suala heç bir cavab verməmişdir. Bu isə onu göstərir ki, Şəxs tərəfindən X7 və X8 ilə əmək müqavilələri bağlanaraq onlar üçün müvafiq qaydada işğaldan azad edilmiş ərazilərə giriş-çıxış üçün icazə alınmış, daha sonra həmin şəxslərlə bağlanmış müqavilələrə xitam verilsə də, cəmiyyətlə heç bir əmək müqaviləsi olmayan X3 adına cəmiyyətin işçisi qismində göstərilərək sonuncu üçün də işğaldan azad edilmiş ərazilərə giriş-çıxış üçün icazə alınmış alınmışdır. Qeyd edilməlidir ki, cəmiyyətin nümayəndəsi tərəfindən məhkəməyə həmin halı təkzib edəcək heç bir sənəd təqdim edə bilməmişdir. Belə olan halda müəyyən edilir ki, cəmiyyət barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır və məhkmə iclasında toplanmış sübutlarla şirkətin qeyd olunan maddə ilə təqsiri sübuta yetirilir. Bununla yanaşı qeyd edilməlidir ki, Əmək qanunvericiliyinin tələblərinə əsasən əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir. Eləcə də sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. Göründüyü kimi, işəgötürən tərəfdən əvvəlcə işçi ilə əmək müqaviləsi bağlanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxsnə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxsnə istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Qeyd edilməlidir ki, Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Həmçinin məhkəmə, Şəxsnə inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 000 (iyirmi min) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar