Məhkəmə qərarları › İş №3(001)-4144/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4144/2025

13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4144/2025 13.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən, Şəxs barəsində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-296/2017 nömrəli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 3(001)- 4144/2025 saylı qərarına əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, 3(103)-1731/2025 saylı qərarına əsasən, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 3(001)-4144/2025 nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola baxılması ilə əlaqədar icra məmuruna, tələbkar və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)- 296/2017 nömrəli icra vərəqəsindən görünür ki, Şəxs ilə "xxxx" BOKT MMC arasında bağlanılmış xx.xx.2015-ci il tarixli müqavilə üzrə 12151,96 ABŞ dolları əsas 3222,38 ABŞ dolları faiz borcu olmaqla cəmi 15374,34 ABŞ dolları məbləğində borc, 80 ABŞ dolları dəbbə pulu və 100 manat hüquqi xidmət haqqının tutulması, həmin tələb xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi əsasında ipoteka qoyulmuş, Şəxs məxsus **-ZP-*** dövlət qeydiyyat nişanlı, X1 markalı 2006-cı il buraxılışlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, borcun həmin əmlak hesabına ödənilməsi qət edilmişdir. Hazırda həmin icra sənədi üzrə 12800 ABŞ dolları məbləğində pul ödənilməmişdir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-296/2017 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin xx.xx.2019-cu il tarixli tələbin könüllü icrası haqqında bildirişindən görünür ki, Şəxs 10 gün müddətində icra sənədində göstərilən tələbləri könüllü icra etməsi bildirilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli borclunun axtarılması barədə qərardan görünür ki, Şəxs barəsində axtarış elan olunmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə inzibati xəta haqqında iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri sübuta yetirilmədiyindən, iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, icra sənədi üzrə Şəxs icra sənədnin üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilməmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin 25 aprel 2018-ci il tarixli qərarından görünür ki, "xxxx" BOKT MMC 23 aprel 2018-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək, icra sənədinin icra edilmədən məhkəməyə geri qaytarılmasını xahiş etdiyindən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin müvafiq icra sənədi icra olunmadan geri qaytarılmışdır. Göründüyü kimi, müvafiq icra sənədi icra olunmadan Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin 25 aprel 2018-ci il tarixli qərarı ilə məhkəməyə geri qaytarılmışdır, lakin həmin icra sənədinin yenidən icra edilməsi üçün icra şöbəsinə göndərilməsi iş materialları ilə müəyyən edilmir. Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)- 296/2017 nömrəli icra vərəqəsinə əsasən müvafiq tələbin xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi əsasında ipoteka qoyulmuş, Şəxs məxsus 90- ZP-155 dövlət qeydiyyat nişanlı, X1 markalı 2006-cı il buraxılışlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, borcun həmin əmlak hesabına ödənilməsi qət edilmişdir. İş materiallarından yuxarıda qeyd edilən avtomobilin Şəxs mülkiyyətində olması müəyyən edilsə də, inzibati xəta haqqında protokol tərtib edilməzdən əvvəl tələbin həmin əmlaka yönəldilməsi istiqamətində icra hərəkətlərinin həyata keçirilməsi görünmür. Qeyd edilməlidir ki, məhkəmədə toplanmış sübutlarla Şəxs barəsində olan icra sənədi üzrə hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, tələbin ödənilməməsinin konkret üzürsüzlük səbəbləri, qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Başqa sözlə desək, şəxsin təqsirli bilinməsinə dair inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirliliyi sübut etmək yükü barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin deyil, inzibati xəta haqqında protokol tərtib etmə səlahiyyəti orqanın (səlahiyyətli şəxsin) üzərinə düşür və şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmaması ilə yanaşı, sübut edə bilməməsi əsası ilə də onun inzibati məsuliyyətə cəlb edilməsi yol verilməzdir. Çünki qanunvericiliyin tələblərinə əsasən şübhə və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş 10 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş 10 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair iş üzrə icraata Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar