Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4145/2025 25.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Şamaxı RPŞ-nin Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 məhkəməyə müraciət edərək, Şamaxı RPŞ-nin Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, o, idarə etdiyim “Hyundai Sonata” markalı **- GN-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə Göylər yolu ərazisində hərəkətdə olan zaman **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobildə xidmət edən Şamaxı rayon yol polisi əməkdaşı ona saxla əmri vermiş, o, maşını saxlamışdır. Baş leytenant Məmmədov Ruxsar adlı yol patrul xidməti inspektoru onun tərəfindən sərnişin daşıma qaydasının pozulduğunu bildirmişdir. O, “Yol hərəkəti haqqında” qanunun 59-cu maddəsinin 9-cu bəndini əsas gətirərək heç bir şərnişin daşınma qaydasını pozmadığını bildirmişdir. Buna baxmayaraq onun barəsində protokol tərtib etmiş və o, qərardan şikayət edəcəyini bildirdiyinə görə qərarsız protokol tərtib olunmuşdur. Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinə elektron müraciət etmiş, bu işə baxılmadığı üçün xx.xx.2025-ci il tarixdə həmin idarəyə yaxınlaşmışdır. Onu baş leytenant Səxavət Məmmədov adlı polis əməkdaşı qarşılayıb bildirmişdir ki, onun müraciətinə Şamaxı rayonu Polis Şöbəsinin rəisi Əliyyəddin Səfərov tərəfindən baxılmış və qərarın doğru olduğu qeyd edilmişdir. Bu barədə ona heç bir elektron məktub və yaşadığı ünvana poçt vasitəsi ilə məktub göndərilməmişdir. Halbuki, onun iştirakı olmadan protokol üzrə qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən Şamaxı RPŞ-nin Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında X4 şikayəti müdafiə edib onun məzmununa uyğun izahat verib bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə onu Şamaxı RPŞ-nin yol patrul xidməti inspektoru saxladıqdan sonra ona arxa oturacaqda oturmuş uşağının xüsusi qurğu olmadan daşındığını bildirmiş və bununla bağlı barəsində protokol tərtib etmişdir. Lakin “Yol hərəkəti haqqında” qanunda göstərilmişdir ki, avtomobilinin arxa oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda 3 yaşınadək uşaqları həmin nəqliyyat vasitələrində daşımaq qadağandır və arxa oturacaqda bir nəfər böyük şəxsin müşayiətçi olduğu hallar istisna edilmişdir. Onu YPX inspektoru saxlayarkən xx.xx.2020-ci il təvəllüdlü oğlu avtomobilin arxa oturacağında anası ilə birlikdə oturmuşdur. O, barəsində tərtib edilmiş protokolla razı olmadığına görə qərar verilməmiş, sonradan onun iştirakı olmadan inzibati xəta haqqında işə baxılmış və barəsində əsassız qərar qəbul edilmişdir. Odur ki, məhkəmədən Şamaxı RPŞ-nin Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə saat 14:51-də Şamaxı rayonu, Göylər yolunda “HYUNDAİ SONATA MİNİK” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X1 xx.xx.2025-ci il tarixdə saat 14:51-də Şamaxı rayonu, Göylər yolundan “HYUNDAİ SONATA MİNİK” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən sərnişin daşıma qaydalarını pozaraq İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmiş, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. AA6240665 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 himayəsində xx.xx.2020-ci il təvəllüdlü Nəriman Nəzərov adlı azyaşlı uşağı var. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X4 barəsində Şamaxı RPŞ-nin Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şamaxı RPŞ-nin Yol Patrul Xidməti tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Belə ki, X4 barəsində Şamaxı RPŞ-nin YPX baş inspektoru X2 tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərkən inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığını bildirsə də, onun iştirakı olmadan, inzibati xəta hadisəsi ilə bağlı sübut təqdim edilmədən barəsində xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, barəsində 100 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.4-cü maddəsinə əsasən bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, protokol Şamaxı RPŞ-nin YPX baş inspektoru X2 tərəfindən tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərar da sonuncu tərəfindən qəbul edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdiriməli və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilməli olmasına baxmayaraq Şamaxı RPŞ-nin rəisi tərəfindən şikayət vermiş şəxs X3 xx.xx.2025-ci il tarixli məktubla cavab verilərək ona qarşı YPX inspektorları tərəfindən qanunazidd hərəkətlərə yol verilməsi hallarının aşkar edilmədiyi bildirilmişdir. Bununla yanaşı, səlahiyyətli orqanın məhkəmədə iştirak edərək şəxsin təqsirliliyinə dəlalət edə biləcək sübutları olduğu təqdirdə məhkəməyə təqdim etməməsi toplanmış material üzrə məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasına mane olur. Qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmçinin məhkəmədə müəyyən edilmişdir ki, X4 xx.xx.2025-ci il tarixdə Şamaxı RPŞ-nin YPX baş inspektoru X2 tərəfindən saxlanılarkən idarə etdiyi avtomobildə olan uşağı xx.xx.2020-ci il təvəllüdlüdür. Məhkəmə iclasında iştirak edən X4 bildirmişdir ki, onun xx.xx.2020-ci il təvəllüdlü oğlu idarə etdiyi avtomobilin arxa oturacağında anası ilə birlikdə oturmuş, lakin YPX inspektoru tərəfindən bu hal nəzərə alınmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun 56-cıı maddəsinin İX bədinin 2-ci hissəsinə əsasən 12 yaşından kiçik uşaqları hesaba almadan, nəqliyyat vasitəsinin texniki xarakteristikasında nəzərdə tutulduğundan artıq sayda (nəqliyyat vasitəsinin faktik kütləsi istehsalçı müəssisənin müəyyən etdiyi icazə verilən maksimum kütlənin kəmiyyətindən artıq olmamalıdır) habelə, motosikletin arxa oturacağında, minik avtomobilinin qabaq oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda, 12 yaşınadək uşaqları, minik avtomobilinin arxa oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda 3 yaşınadək uşaqları (arxa oturacaqda yanında bir nəfər böyük müşayiətçi olduğu hallar istisna olmaqla) həmin nəqliyyat vasitələrində daşımaq qadağındır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X1 müraciətində qeyd olunan xüsusatlarla Şamaxı RPŞ-nin Yol Patrul Xidməti tərəfindən aparılmış inzibati xəta haqqında iş üzrə icraat arasında ziddiyyət yaradır. Bundan başqa, səlahiyyətli orqan tərəfindən X1 inzibati qaydada məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilsə də, aparılmış icraat zamanı qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməli, Şamaxı RPŞ-nin Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 tərəfindən verilmiş şikayət təmin edilsin. Şamaxı RPŞ-nin Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-4145/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4145/2025
25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver