Məhkəmə qərarları › İş №3(001)-4146/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4146/2022

29.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4146/2022 29.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin sahə inspektoru, polis kapitanı X1, zərərçəkmiş şəxs Əli-X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yurd Yolu 36 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin sahə inspektoru, polis kapitanı X3 tərəfindən Şəxs barəsində xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokola baxılması üçün iş materialları ilə birlikdə aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin polis sahə inspektoru, polis kapitanı X3 izahat verərək bildirmişdir ki, vətəndaş Əli-X5 xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət edərək, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evinə mətbəx mebeli düzəltmək üçün mebel ustası Ziya adlı şəxsə ilkin olaraq 400 manat verdiyini, lakin, bu günədək həmin şəxsin yalan vədlər verərək mebeli düzəltmədiyini və aldığı 400 manat pul məbləğini də geri qaytarmadığını bildirmişdir. Həmin müraciət əsasında Binəqədi RPİ-nin 5-ci PB-də araşdırılma aparılmış və araşdırma nəticəsində xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanılması rədd edilmişdir. Həmçinin, Şəxs barəsində İXM-in 227-ci maddəsinə əsasən inzibati qaydada təsir tədbirləri görülməsi məqsədilə qərar icra edilməsi üçün bölmənin aidiyyəti əməkdaşı kimi ona göndərilmişdir. Buna görə də, Şəxs barəsində İXMin 227-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraata başlanmış və inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs barəsində ədalətli qərar qəbul edilməsni xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, mebel ustası kimi fərdi əmək fəaliyyəti ilə məşğul olur. Əli-X5 ilə onun Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evinə mətbəx mebeli düzəltmək üçün razılığa gəlmişdir. Əli-X5 bunun üçün ona ilkin olaraq 400 manat pul vermişdir. Daha sonra şəxsi problemləri olduğu üçün mətbəx mebelini düzəldə bilməmişdir. Hazırda əməlindən peşmandır, həmçinin zərərçəkmiş şəxs Əli-X5 ilə barışıq əldə etmiş və ona dəymiş zərəri ödəmişdir. Ona görə də, barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Əli-X5 izahat verərək bildirmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evinə mətbəx mebeli düzəltmək üçün mebel ustası kimi tanıdığı Ziya adlı şəxsə ilkin olaraq 400 manat məbləğində pul vermişdir. Buna baxmayaraq, həmin şəxs hər dəfə müxtəlif bəhanələrlə mətbəx mebelini düzəltməkdən yayınmış və aldığı pul məbləğini də geri qaytarmamışdır. Zərərçəkmiş şəxs Əli-X5 məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, Şəxs tərəfindən ona dəymiş olan ziyan tamamilə ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Göstərilənlərə əsasən, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Əli-X2 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İXM-in 227-ci maddəsinin tələblərinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Binəqədi RPİ-nin 5-ci PB-nin aidiyyəti əməkdaşına həvalə edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli, AZA 000545 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 28 dekabr 2022-ci il tarixdə, saat 16:30-da inzibati qaydada tutulmuşdur. xx.xx.2022-ci il tarixli, AZA 000351 nömrəli şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında protokoldan görünür ki, Şəxs şəxsi axtarış və üzərində olan əşyaları yoxlama zamanı üzərində qanunsuz əşya aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixli Əli-X2 ərizəsindən görünür ki, Şəxs tərəfindən vurulmuş ziyan tam ödənilmiş və sonuncudan şikayət və tələbi yoxdur. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-in 227-ci maddəsinin tərkib əlamətləri olsa da, həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs Əli-X4 400 (dörd yüz) manat məbləğində maddi ziyan vurması, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi etiraf edici izahatı ilə yanaşı, məhkəmə iclasında toplanmış sübutlarla öz təsdiqini tapmışdır. Lakin, inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin məhkəməyə təqdim etdiyi ərizədən müəyyən edilmişdir ki, Şəxs tərəfindən Əli-X4 vurulmuş maddi ziyan tamamilə ödənilmiş və onlar arasında barışıq əldə olunmuşdur. İXM-in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, İXM-in 227-ci maddində tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Ona görə də, məhkəmə Şəxs dələduzluq yolu ilə Əli-X4 vurduğu maddi ziyanı tamamilə ödəməsini və aralarında barışıq olmasını nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 39, 40, 43, 48-50, 401, 114-115, 117, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİnin 5-ci PB tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar