Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4149/2021 07.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci PB tərəfindən qəbul edilmiş 17.06.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 məhkəməyə müraciət edərək, barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci PB tərəfindən qəbul edilmiş 17.06.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Şikayət onunla əsaslandırılmışdır ki, 7-ci Polis Bölməsinin əməkdaşı tərəfindən barəsində MN0618871 nömrəli inzibati protokol tərtib edilmiş və həmin protokol əsasında MN ******* nömrəli inzibati təhbeh qərarı verilmişdir. Qeyd olunan inzibati xətanı törətməmişdir. O, qoruyucu maskadan istifadə etdiyi halda polis əməkdaşı israrla bildirmişdir ki, maskadan düzgün istifadə edilməyib. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 75-ci maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri sübut edilməlidir. Hesab edir ki, X2 tibbi maskadan istifadə etməməsini inzibati orqan sübut etməlidir əks halda o təqsirsizdir və inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, hal-hazırda qüvvədə olan “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.1.1-ci bəndində qeyd olunub ki, açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbi ləğv edilir. Qanunun bu müddəası məsuliyyəti aradan qaldıran normativ hüquqi akt olduğu üçün onun geriyə qüvvəsi vardır. Belə olan halda qanunun geriyə qüvvəsi şamil edilərək inzibati xəta tərkibi olmadığı üçün qərar ləğv edilməlidir. Məhkəmə iclasında X3 şikayətin məzmununa uyğun izahat verib, əlavə olaraq bildirmişdir ki, 17 iyun 2020-ci il tarixdə mağazada olarkən tənəffüs yollarını tutacaq dərəcə üzündə maska olmuşdur. Polis işçiləri mağazaya daxil olaraq, mağazada olan şəxslərə yaxınlaşmışlar. Onlardan biri də ona yaxınlaşaraq sənədlərini tələb etmiş, o da etiraz etmədən vəsiqəsini vermişdir. Bundan sonra polis əməkdaşı ona sənədlərinin qaydasında olmasını bildirərək onun yanından uzaqlaşmışdır. O da alış-verişini bitirdikdən sonra mağazadan çıxmışdır. Uzun müddət sonra isə 17 iyun 2020-ci il tarixdə cərimə olunması barədə məlumat almış və onda başa düşmüşdür ki, polis əməkdaşı onun sənədlərini yoxlamaq bəhanəsi ilə cərimələmişdir. Lakin polis ona cərimələnəcəyi barədə heç bir məlumat, xəbərdarlıq etmədən barəsində icraat aparmışdır. Cərimələnməsi barədə isə heç bir məlumatı olmamışdır. Bu isə onu göstərir ki, onun hüquqları pozulmuş və özünü müdafiəsi üçün şərait yaradılmayaraq həm əsassız, həm də haqsız yerə cərimələnmişdir. Ona görə də, məhkəmədən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci PB tərəfindən qəbul edilmiş 17.06.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 17.06.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 17 iyun 2020-ci il tarixdə marketdə fərdi qoruyucu vasitələrdən istifadə etməyərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. 17.06.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinib, 50 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X3 barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci PB tərəfindən qəbul edilmiş 17.06.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci PB tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X2 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. X1 müraciətində və məhkəmə iclasında verdiyi izahatında heç bir inzibati xəta törətmədiyini, mağazada olarkən maskadan istifadə etdiyini, polis əməkdaşının isə ona heç nə demədən barəsində protokol tərtib etdiyini və bundan uzun müddət keçdikdən sonra xəbər tutmasını bildirmişdir. Qeyd olunmalıdır ki, iş üzrə aparılan məhkəmə araşdırması zamanı X2 müraciətində və izahatında göstərdikləri barəsində aparılmış inzibati araşdırmanın ziddiyyətli olmasına dəlalət edir. Çünki onun barəsində aparılmış inzibati xəta haqqında icraat üzrə tərtib edilmiş inzibati xəta haqqında protokolda və qərarda X2 törətməsi ehtimal edilən inzibati xətanın hansı faktla təsdiq edilməsi, sonuncunun izahatı və digər natamamlıqlar X2 izahatında göstərdiyi xüsusatları təsdiq etmək üçün kifayət edir. Habelə müəyyən olunur ki, iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən, eləcə də ona barəsində icraat aparılacağı haqqında məlumat verilmədən, inzibati xəta haqqında aparılan araşdırmada iştirak edərək müvafiq sübutların təqdim edilməsi və araşdırmanın obyektiv aparılması məqsədi ilə şəxsin icraatda iştirak etməsi və müvafiq sübutu varsa təqdim etməsi üçün şərait yaradılmadan X3 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X2 izahatında göstərdiyi dəlilər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Bununla yanaşı, qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsinə dair məhkəmə tərəfindən verilmiş sorğuya Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci PB heç bir cavab verməmiş, üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bu isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X3 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayətçi X2 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X3 inzibati tənbeh olunmasına dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci PB tərəfindən qəbul edilmiş 17.06.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 inzibati tənbeh olunmasına dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci PB tərəfindən qəbul edilmiş 17.06.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci PB-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-4149/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4149/2021
07.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver