Məhkəmə qərarları › İş №3(001)-4160/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4160/2023

19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4160/2023 19.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 43-cü PB-in sahə inspektoru, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən korpus 111 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-in 43-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 12 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində narkotik vasitə hesab edilən heroini qanunsuz olaraq istehlak etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 43-cü PB-in sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 43-cü PB-in sahə inspektoru, polis baş leytenantı X4 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Binəqədi rayon Polis İdarəsinin 43-cü PB-in əməkdaşları Mədən ərazisində olarkən Şəxs özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Söhbət zamanı Şəxs narkotik vasitənin təsiri altında olması şübhə doğurduğu üçün o, narkoloji mərkəzə aparılmış, həmin Mərkəzin 6697 saylı, 18 oktyabr 2023-cü il tarixli rəyinə əsasən ondan götürülmüş sidik nümunəsində OPİ (heroin) aşkar edilmişdir. Sorğu-sual zamanı Şəxs bildirmişdir ki, 12 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində narkotik vasitə hesab edilən heroindən istifadə etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə özünü tam təqsirli bilərək izahatında göstərmişdir ki, narkotik vasitə olan heroindən istifadə edir. 12 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində narkotik vasitə hesab edilən heroindən yenidən istifadə etmişdir. Həmin gün polis əməkdaşları onun vəziyyətindən şübhələndiyi üçün yoxlama məqsədilə narkoloji tibb müəssisəsinə aparmışlar. Həmin Mərkəzin rəyinə əsasən ondan götürülmüş sidik nümunəsində heroin aşkar edilmişdir. Əməlindən peşmandır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi rayon Polis İdarəsinin 43-cü PB-in kiçik inspektorları F.Məmmədov və Z.Budaqlının xx.xx.2023-cü il tarixli Raportundan görünür ki, Şəxs qanunsuz olaraq narkotik vasitə istehlak etdiyi üçün həmin tarixdə Binəqədi rayon Polis İdarəsinin 43-cü PB-yə gətirilmişdir. Ambulator X1 dair 6697 saylı, 18 oktyabr 2023-cü il tarixli rəydən görünür ki, müayinə zamanı Şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Eyni zamanda ondan götürülmüş sidik nümunəsində OPİ aşkar edilmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18:20-də inzibati qaydada tutulmuşdur. Şəxs Binəqədi rayon Polis İdarəsinin 43-cü PB-in rəisinə verdiyi izahatından görünür ki, o 12 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində narkotik vasitə hesab edilən heroini qanunsuz olaraq istehlak etdiyini etiraf etmişdir. MN seriyalı № ******* nömrəli 19 okytabr 2023-cü il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə protokol tərtib edilmişdir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların Siyahı”larına əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitədir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi özünün izahatı ilə yanaşı, müayinə aktları, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 206-cı maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə Şəxs səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını nəzərə alaraq hesab edir ki, ona cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Məhkəmə, Ambulator X1 dair 6699 saylı, 18 oktyabr 2023-cü il tarixli rəyini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 37.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Vahabov X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat cərimə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar