Məhkəmə qərarları › İş №3(001)-4167/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4167/2024

16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4167/2024 16.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə bilavasitə tabe olan Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün YPX inspektoru, polis baş serjantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Tər-tər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Qobustan RPŞnin İTB-nin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru vəzifəsində işləyən, polis mayoru, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.1 və 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 327.1 və 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə bilavasitə tabe olan Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünü tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə bilavasitə tabe olan Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün YPX inspektoru, polis baş serjantı X4 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, sürücülük hüququ olmadan, sərxoş vəziyyətdə özünə məxsus olan “Mercedes E220 CDİ minik” markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunun 7-ci kilometrliyində hərəkət edərək avtomobili yol-ayrıcı beton səddə vurmuş və onunla eyni istiqamətdə hərəkətdə olan “Mini Cooper minik” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsinə yol təsərrüfatına və “Mini Cooper” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1 maddi ziyan dəymişdir. Şəxs məxsus avtomobil mühafizə olunan duracağa yerləşdirilmişdir. Şəxs sərxoş vəziyyətinin tibbi müayinəsindən keçirilmiş və sərxoş olduğu müəyyən edilmişdir. Buna görə də, Şəxs barəsində İXM-in 327.1 və 334.3-cü maddələri ilə protokol tərtib edilmişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, onun sürücülük vəsiqəsi olmuş, lakin müddəti keçmiş, o, yeni sürücülük vəsiqəsi almamışdır. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində özünə məxsus “Mercedes E220 CDİ minik” markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunun 7-ci kilometrliyində hərəkət edərkən idarəetməni itirmiş və avtomobili beton səddə dəyib, başqa bir avtomobillə toqquşmuşdur. O, hadisə vaxtı sərxoş vəziyyətdə olmuşdur. Bununla bağlı barəsində İXM-in 327.1 və 334.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbironin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AC 321967 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. xx.xx.2024-cü il tarixli, 2/1333 nömrəli aktdan görünür ki, Şəxs sərxoşluq vəziyyətini müəyyən etmək üçün sonuncu 13 iyul 2024-cü il tarixdə saat 17:50-də tibbi müayinədən keçirilmiş və müayinə zamanı onun sərxoş vəziyyətdə olduğu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və sərxoş halda idarə edərək zərərçəkmiş şəxs maddi vurduğuna görə barəsində İXM-in 327.1 və 334.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də müdafiəçinin çıxışını dinləyib, həmçinin inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 334.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır, lakin İXM-in 327.1-ci maddəsi ilə olan əməlinə münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddə üzrə araşdırmanın aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə həvalə olunmalıdır. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:25-də “MERCEDES E220 CDİ MİNİK” markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edərək zərər çəkmiş şəxsə maddi zərər vurmaqla İXM-in 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmişdir. İXM-in 334.3-cü maddəsinə İXM-in 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 334.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngüləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona İXM-in 334.3-cü maddəsi ilə inzibati cərimə növündə tənbehin təyin edilməli, İXM-in 327.1-ci maddəsi ilə olan əməlinə münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddə üzrə araşdırmanın aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə həvalə olunmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair hissəsində araşdırmanın aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar