Məhkəmə qərarları › İş №3(001)-4175/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4175/2024

17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4175/2024 17.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin sahə inspektoru, polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Ağsu rayonu, Bozavand kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağsu rayonu, Bozavand kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510-cu maddəsi ilə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsi tərəfindən Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin sahə inspektoru, polis leytenantı X7 izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində və mütəmadi olaraq qonşuluğunda Sulutəpə qəsəbəsində yaşayan şəxslərə nalayiq ifadələr işlətmiş, şərəf və ləyaqətlərini alçaltmış, ictimai qaydanı pozmuşdur. Odur ki, Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, qonşularla olan mübahisə zamanı öz həyətində söyüş söymüşdür. Qonşuları ilə olan mübahisəsinə görə dəfələrlə 102-yə şikayət etmişdir. Bir neçə müddət öncə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində həyət evi almışdır. Qonşuları ilə olan mübahisəsinin səbəbi qonşularının onun evini ələ keçirmək istəməsidir. Buna görə qonşuları ilə mübahisə və söz söhbətlər yaranır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Şəxs ilə Binəqədi rayonu, Yuxarı Sulutəpə qəsəbəsində qonşuluqda yaşayırlar. Telnaz ora köçərək qonşuluqda olan evi aldığını bildirmiş, onlar da ona həmin evin başqa adama məxsus olmasını bildiklərini söyləmişlər. Telnaz onların qonşuluğuna köçdükdən sonra qonşularla tez tez mübahisə etdiyini, küçədə dəbsiz ifadələr işlədərək söyüş söydüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Şəxs onların yaşadığı əraziyə köçdükdən sonra tez tez qonşularla səbsiz mübahisələr etdiyini, küçədə qonşuları söyüb təqhiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Şəxs qonşularla tez tez mübahisə edir, qonşuları təhqir edərək söyüşlər söyür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Şəxs onların qonşuluğuna köçındən sonra qonşularla yersiz mübahisələr edir, uşaqların həyətdə oyun oynamasına, istirahət etməsinə mane olaraq ədəbsiz söyüşlərlə qonşuları təhqir edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, həmin ərazidə qaz xətti çəkilməsini təşkil etmişdir. Şəxs qaz xəttindən istifadə edə bilmədiyi üçün mübahisə etmişdir. Şəxs mübahisə zamanı eləcə də sosial şəbəkələrdə onları söyüb təhqir etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: -xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024cü il tarixdə saat 10:00 radələrində və mütəmadi olaraq Sulutəpə qəsəbəsində qonşuluğunda yaşayan şəxslərə nalayiq ifadələr işlətdiyinə görə sonuncu barəsində İXMnin 510-cu maddəsi ilə protokol tərtib edilmişdir. -Videogörüntü və səs yazıları əks olunmuş diskə məhkəmə iclası zamanı baxılan zaman müəyyən edilmişdir ki, Şəxs qonşularını ədəbsiz söyüşlərlə söyərək təhqir edir, sahə müvəkkili İbrahimov Rəhmana göndərdiyi səs yazılarında isə ona qeyri etik ifadələr işlədir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə olan, inzinbati protokol düzgün olaraq tərtib edilmişdir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs qonşuları ilə heç bir əsaslı səbəblər olmadan dəfələrlə mübahisə edərək onların unvanına nalayiq ifadələr işlədərək onları söyüb təhqir etmiş, səhə müvəkkili İbrahimov Rəhmana qeyri etik ifadələr işlətdiyi səs yazıları göndərmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materillarına, tərəflərin izahatına əsasən məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş əməlin törədildiyi tam şəkildə sübuta yetirilmişdir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi etiraf edici izahatı, səs yazıları və şahidlərin izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətaya görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protsesti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar