Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4178/2023 20.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 43cü polis bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X2, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələri ilə toplanmış inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis bölməsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü polis bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X3 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində inzibati ərazidə xidmət aparan Binəqədi RPİ-nin 43-cü PB-nin polis əməkdaşları Binəqədi rayonu, “Binəqədi mərkəz” adlanan ərazidə bir nəfər şəxsin mobil telefonla danışaraq ucadan nalayiq ifadələr işətdiyini görmüş və həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra nizam-intizamlı olmağa dəvət etmişdir. Lakin həmin şəxs polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmiş və yenidən uca səslə söyüş söyməyə davam etmişdir. Polis əməkdaşları adını sonradan bildiyi Şəxs şəxsiyyətini təsdiq edəcək sənəd tələb etdikdə, sonuncu yenidən öz hərəkətlərinə davam etmiş və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməmişdir. Bundan sonra Şəxs Binəqədi RPİ-nin 43-cü PB-yə gətirilmiş, şəxsiyyəti müəyyən edilərək izahatı alınmış və barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Binəqədi rayonu, “Binəqədi mərkəz” adlanan ərazidə mobil telefonla danışarkən uca səslə nalayiq ifadələr işlətmiş, bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra nə üçün uca səslə nalayiq ifadə işlətdiyini soruşduqda o, polis əməkdaşına öz iradını bildirmişdir. Sonra polis əməkdaşı ondan şəxsiyyətini təsdiq edəcək sənəd istədikdə o, üzərində hər hansı bir sənədin olmadığını bildirərək özünü təqdim etməkdən imtina etmişdir. Bundan sonra polis əməkdaşları onu Binəqədi RPİ-nin 43-cü PB-yə gətirmişdir. Polis bölməsində inzibati qaydada tutulmuş, izahatı alınmış, barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs əməlində inzibati xəta tərkibinin olmadığını bildirərək məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı X1 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində inzibati ərazidə xidmət aparan zaman Binəqədi rayonu, “Binəqədi mərkəz” adlanan ərazidə bir nəfər şəxsin mobil telefonla danışarkən ucadan təhqiramiz söyüşlər söydüyünü görmüş və həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib onu nizam-intizamlı olmağa dəvət etmişdir. Lakin adını sonradan bildiyi Şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq qarşı tabesizlik göstərərək yenidən uca səslə söyüş söyməyə davam etmişdir. Onlar Şəxs şəxsiyyətini təsdiq edəcək sənəd tələb etdikdə, sonuncu yenidən öz hərəkətlərinə davam edərək şəxsiyyətini təsdiq edən sənədi təqdim etməmişdir. Bundan sonra Şəxs tərəflərindən 43-cü polis bölməsinə gətirilmişdir. Şəxs polis bölməsinə gətirilməsi ilə bağlı tərəflərindən raport yazılmış, Bakı şəhəri Binəqədi RPİnin 43-cü polis bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X3 tərəfindən inzibati qaydada tutulmuş, barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il Şəxs Binəqədi rayonu, “Binəqədi mərkəz” adlanan ərazidə ucadan nalayiq söyüşlər söydüyü və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı üçün barəsində raport tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli, 1260 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:40-da inzibati qaydada tutulmuşdur. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Binəqədi rayonu, “Binəqədi mərkəz” adlanan ərazidə polis əməkdaşlarına tabesizlik göstərdiyi üçün barəsində İXM-in 510 və 535.1-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Beləliklə, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi alınmış izahatlar və məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, barəsində icraat aparılan şəxsə inzibati tənbeh növünü tətbiq edərkən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eləcə də onun təqsirinin dərəcəsini nəzərə alır. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə -fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, İXM-in 535.1-ci maddəsi həmin Məcəllənin 510-cu maddəsinə görə daha ciddi xəta hesab olunduğundan və Şəxs barəsində tərtib edilmiş protokol əsaslı olduğundan, ona İXM-in 535.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Şəxs barəsində təyin edilmiş inzibati həbsin əvvəli 19 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək inzibati xəta törətmiş şəxs Şəxs hüquqlarının müdafiəsinə 5 (beş) saat vaxt sərf etmişdir. İXM-in 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. İXM-in 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə, işin həcmini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil müdafiəçi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 2 (iki) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 2 (iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 12 (on iki) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 1 (bir) ay müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 19 oktyabr 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxs göstərdiyi 2 (iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 12 (on iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-4178/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4178/2023
20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver