Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-419/2021 04.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi ilə, «Piramida-F.R» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhər Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Nazim İmanov tərəfindən «Piramida-F.R» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 192.1-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında iş üzrə icraat başlanmış və toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)-5473/2020 nömrəli qərarı ilə «Piramida-F.R» Məhdud Məsuliyyətli Cəmiyyəti İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən «Piramida-F.R» Məhdud Məsuliyyətli Cəmiyyətinə İXM-in 192.1-ci maddəsi ilə inzibati tənbeh təyin edilməmişdir. Bakı şəhər Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Nazim İmanov tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)- 5473/2020 nömrəli qərarından verilmiş apelyasiya şikayəti əsasında inzibati xəta haqqında material xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)-2270/2020 nömrəli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)- 5473/2020 nömrəli qərarı ləğv edilərək işə yenidən baxılması üçün material Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada proses iştirakçılarına məlumat verilmiş, lakin proses iştirakçıları məhkəməyə gəlməmiş, işə baxılmanın təxirə salınması haqqında məhkəməyə vəsatət verilməmişlər. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, «Piramida-F.R» Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İXM-in 192.1-ci maddəsinin tərkibi olsa da, cəmiyyətin məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Binəqədi prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor X1 tərəfindən qəbul edilmiş qərardan görünür ki, «Piramida-F.R» Məhdud Məsuliyyətli Cəmiyyətində əmək müqaviləsi olmadan işləyən işçilərin sayı on nəfəri keçmədiyindən həmin xüsusat üzrə cinayət işinin başlanması əməldə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-1-ci maddəsinin tərkib əlamətləri olmadığından cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında Bakı şəhər Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Nazim İmanov tərəfindən qəbul edilmiş qərardan görünür ki, «Piramida-F.R» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əmək müqaviləsi olmadan işçinin hər hansı işin yerinə yetirilməsinə cəlb edilməsinə görə «Piramida-F.R» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunan iş materiallarından və müvafiq qanunvericiliyin tələblərindən göründüyü kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən «Piramida-F.R» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçinin hər hansı işlərin yerinə yetirilməsinə cəlb ediməsi faktı aşkar edilmişdir ki, bu da «Piramida-F.R» Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İXM-in 192.1-ci maddəsinin tərkib əlamətlərinin olmasına dəlalət edir. Digər tərəfdən qeyd edilməlidir ki, «Piramida-F.R» Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İXM-in 192.1-ci maddəsinin tərkib əlamətləri olsa belə, «Piramida-F.R» Məhdud Məsuliyyətli Cəmiyyəti inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki iş üzrə müəyyən edilmişdir ki, sonradan müəyyən olunan inzibati xəta hadisəsi xx xxxxxx 2019-cu il tarixdə baş vermiş və iş üzrə həmin tarixdə cinayət işi başlansa da, xx xxxxxxx 2020-ci il tarixdə cinayət işi üzrə icraata xitam verilərək «Piramida-F.R» Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması səbəbi ilə material ayrılaraq rayon prokuroruna təqdim edilmişdir. İXM-in 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Piramida-F.R» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanmasının müəyyən edildiyi vaxtdan, yəni cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarın qəbul edildiyi vaxtdan 3 aydan artıq müddət keçmişdir. Ona görə də, məhkəmə «Piramida-F.R» Məhdud Məsuliyyətli Cəmiyyəti olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhər Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Nazim İmanov tərəfindən inzibati xəta haqqında iş üzrə icraata dair «Piramida- F.R» Məhdud Məsuliyyətli Cəmiyyəti İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, barəsində inzibati tənbeh tətbiq edilməsi üçün müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 38, 43, 53, 105, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhər Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Nazim İmanov tərəfindən inzibati xəta haqqında iş üzrə icraata dair «Piramida-F.R» Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. İnzibati xəta törətmiş «Piramida-F.R» Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibati tənbeh tətbiq edilməsi üçün müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-419/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-419/2021
04.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver