Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4190/2024 17.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X4, zərər çəkmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969 il tarixdə Laçın rayonu, Arduşlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən böyük icra məmuru X7 izahat verərək bildirmişdir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-257/2023 nömrəli icra vərəqəsi xx.xx.2023-cü il tarixində icraata daxil olmuşdur. Həmin icra sənədinə əsasən Şəxs cəmi 2231 manat dəymiş maddi ziyan tutularaq X2 ödənilməlidir. Həmçinin iş üzrə borclu İmanova X6 rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev 24, 26 saylı mənzildən həmin ünvanda olan 24 saylı mənzilə su axıdılmasına son qoyulması vəzifəsini icra etməlidir. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulmalıdır. Qeyd olunan icra sənədləri üzrə Şəxs tərəfindən icra məmurunun qanuni tələbləri yerinə yetirilmədiyindən sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Mütəmadi olaraq borclunun mənzilindən tələbkarın mənzilinə su axıdılmış, bununla da şəxsə maddi ziyan dəymişdir. Bununla bağlı borclunun ünvanına bir neçə dəfə bildirişlər göndərilsə də, sonradan məlum olmuşdur ki, o, ölkə hüdudlarından kənardadır. Buna görə də borclunun qeydiyyatda olduğu Laçın rayonu Polis Şöbəsinə 10 oktyabr 2023-cü il tarixli “Borclunun axtarışı haqqında” qərar göndərilmişdir. Lakin sonradan müəyyən edilmişdir ki, borclu 2023-cü ilin dekabr ayınadək Rusya Federasiyasında olmuş, ölkəyə də 2023-cü ilin dekabr ayında qaytıtmışdır. Barəsində icraat aparılan şəxsin siyahıya alınacaq əmlakı, iş yeri, təqaüdü və pensiyası yoxdur, gəlir mənbəyi aşkar olunmamışdır. Borclu İcra Şöbəsinə dəvət edilərkən o, 1000 ABŞ dolları, yəni 1700 manat məbləğində borcundan ödəyə biləcəyini qeyd etmiş, tələbkar da bununla razılaşmışdır. Lakin sonra məlum olmuşdur ki, Şəxs 1000 ABŞ dolları deyil, 1000 manat nəzərdə tutmuşdur. Tələbkar etiraz edib şikayət etdiyi üçün borclu barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, yoldaşı 4 il bundan əvvəl rəhmətə getmişdir, övladları isə Ukraynada olduğu üçün müharibə şəraiti ilə bağlı işləyə bilmirlər, buna görə də o, maddi sıxıntılar çəkir, yalnız gəlininə məxsus qızıl ziynət əşyalarını lombarda qoyaraq pul götürə bilmişdir. Himayəsində bir xəstə bacısı var, ona da özü baxır. Məcburi köçkündür, heç bir ödəniş almır, pensiya yaşına çatmadığı üçün pensiya da təyin edilməmişdir. Tələbkar ona olan ödənişin tam olaraq ödənilməsini tələb etdiyi üçün borcunu tam olaraq ödəyə bilməmişdir. Barəsində protokol tərtib edildikdən sonra isə tələbkar onun ödədiyi 1000 manatı qəbul etmişdir. Həmin 1000 manat pulu da gəlininə məxsus qızıl ziynət əşyalarını lombarda qoyaraq götürmüşdür. Bugünədək borcu tam şəkildə ödənilməsini tələb etdiyindən və onun da həmin pulu tam şəkildə ödəməyə imkanı olmadığından ödəyə bilməmişdir. Hazırda həmin məbləğdən 1000 manatı tələbkara ödəmiş, qalan məbləği isə hissəvi şəkildə hər ay ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək bildirmişdir ki, 2011-ci ildə hal-hazırda yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev 24, mənzil 26-nı ipoteka yolu ilə almışdır. Həmin evi alarkən evin sahibi ona problemli qonşusunun olacağını, mənzilinə su axıdacağını demişdir. O, buna görə borclunun qaynına əvvəlcədən xahiş etmişdir ki, evini təmir edəcək, su axıtma problemlərinin qarşısını alsınlar. Amma 10 ildir evə su axıdılır, evə dəyən ziyanı şəxsən özü ödəmişdir. Özü və övladlarının şəxsi məsuliyyətsizliyinə görə maddi ziyana düşmüşdür. Bununla bağlı məhkəməyə iddia vermişdir, lakin borclu məhkəmə araşdırması müddətində ölkə hüdudlarından kənarda olmuş, yalnız məhkəmə qətnaməsi çıxarılarkən sonuncu məhkəmə prosesində iştirak etmişdir. Şəxs məhkəmə qətnaməsi çıxarıldıqdan sonra bugünkü günədək heç bir ödəniş etməmişdir. Hətta ona ödənilməli ziyanın 2231 manat olmasına baxmayaraq borclunun 1700 manat ödəniş etdiyi halda qalan məbləği tələb etməyəcəyini bildirsə də ona həmin məbləğ ödənilməmişdir. Borclu əvvəlcə birdəfəlik 1700 manat ödəniş edəcəyini bildirmiş, lakin sonradan o vədinə əməl etməyərək 1000 manat ödəniş etmək istəsə də o bununla bağlı razılaşmayaraq həmin 1000 manatı qəbul etməkdən imtina etmişdir. Şəxs barəsində protokol tərtib edildikdən sonra həmin 1000 manatı qəbul etmiş və bununla bağlı qəbz təqdim etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-257/2023 nömrəli icra vərəqəsindən görünür ki, Şəxs maddi ziyana görə 1161 manat, mənəvi ziyana görə 1000 manat, dövlət rüsumuna görə 70 manat olmaqla cəmi 2231 manat tutularaq X2 ödənilməlidir. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulmalıdır. xx.xx.2023-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-257/2023 nömrəli icra vərəqəsi üzrə icraata başlanılmışdır. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Şəxs tərəfindən Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-257/2023 nömrəli icra vərəqəsi üzrə ödənilməli olan 2231 manat borcdan 1000 manat məbləği Binəqədi Rayon İcra Şöbəsi vasitəsilə X2 ödənilmişdir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını, eləcə də inzibati xəta haqqında iş üzrə materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Odur ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-257/2023 nömrəli icra vərəqəsinə əsasən Şəxs maddi ziyana görə 1161 manat, mənəvi ziyana görə 1000 manat, dövlət rüsumuna görə 70 manat olmaqla cəmi 2231 manat tutularaq X2 ödənilməlidir. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulmalıdır. Həmin borcun yaranmasına səbəb o olmuşdur ki, Şəxs yaşadığı mənzildən zərərçəkmiş şəxsin mənzilinə su axaraq onun evinə ziyan vurulmuşdur. Şəxsin barəsində inzibati tənbeh tətbiq etmə barədə protokol tərtib edilənədək tələbkar ona ödənilməli məbləğin tam olaraq ödənilməsini tələb etdiyindən həmin məbləğ bügünədək ödənilməmişdir. Lakin onun barəsində protokol tərtib edildikdən sonra tələbkar 1000 manat pul vəsaitini qəbul edərək bununla bağlı qəbz vermişdir. İş materiallarından və proses iştirakçılarının izahatından müəyyən edilmişdir ki, Şəxs heç bir yerdə faktiki olaraq işləmir, hər hansı pensiya almır, həyat yoldaşı vəfat etmiş, borclunun siyahıya alınacaq hər hansı əmlakı yoxdur. Lakin buna baxmayaraq ödəməli olduğu 2231 manat vəsaitədən daha əvvəl ödəniş etmək istəsə də tələbkar bununla bağlı razılaşmadığı üçün ödəniş edə bilməmişdir. Yalnız onun barəsində protokol tərtib edildikdən sonra tələbkar 1000 manatı qəbul etmişdir. Bundan başqa icra məmuru hazırkı halda barəsində protokol tərtib edilmiş Şəxs yaşadığı ünvan 1 ünvanında baxış keçirilmiş, borcun icrasını təmin etmək üçün ona məxsus daşınar əmlakların olmaması müəyyən edilmişdir. İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyət yaranması üçün borclunun icra sənədini qərəzli olaraq icra etməməsi mühüm şərtdir. Lakin Şəxs işləmədiyi halda birdəfəlik 1000 manat, qalan məbləği isə hər ay hissə-hissə ödəməsinin mümkünlüyünü bildirməsi ilə borcunu ödəmək niyyətinin olması icra sənədini qərəzli olaraq icra etməməsini istisna edir. "Borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması" məhkəmə aktının qərəzli icra edilməməsinin mütləq əlamətidir (bütün əlamətlərin mövcudluğunu da təbii, borclu deyil, onu ittiham edən sübut etməlidir). Əgər borclunun borcu ödəməyə faktiki imkanı yoxdursa, burada hər hansı qərəzdən və məsuliyyətdən söhbət gedə bilməz. Nəzərə alınmalıdır ki, icra sənədi hər hansı bir hərəkət və ya hərəkətsizliklə bağlı deyildir, şəxsin hər hansı bir işi icra etməsi ilə əlaqədar deyildir, məhz şəxsdən pulun tutulub, tələbkara verilməsi ilə əlaqədardır. Hazırkı iş üzrə icra məmurunun tələbi də yalnız icra sənədindəki pulun ödənilməsi ilə əlaqədardır. Beləliklə, məhkəməyə daxil olmuş protokol və əlavə edilmiş materiallardan, icra işi materiallarından, tərəflərin izahatlarından borclu Şəxs hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, tələbin ödənilməməsinin konkret üzürsüzlük səbəbləri, yəni borclunun tələbi ödəmək iqtidarının olması lakin konkret üzürsüz səbəbdən ödəməməsi, bununla da qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri icra işinin materialları ilə sübuta yetirilmir. Onun təqsirli bilinməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən isə kifayət qədər sübut toplanılmamış, icra sənədinin icra olunmamasında Şəxs qərəzi və ya üzürsüz səbəblər barədə icra məmuru ümumiyyətlə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə deyil, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmaması qənaətinə gəlir və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini hüquqauyğun hesab edir. Belə ki, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bütün bunlarla yanaşı qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə qeyd edir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Habelə, İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hazırkı halda Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında verilmiş icra sənədinin icrasız qalması mənasına gəlmir və icra məmuru şəxsin qərəzli olaraq icra sənədini icra etməməsini təsdiq edən yeni sübutlar əldə etdikdən sonra yenidən inzibati xəta haqqında protokol tərtib edərək aidiyyatı üzrə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və İXM-in 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-4190/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4190/2024
17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver