Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-42/2025 06.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə xx xxxxxx 1966-cı il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokola baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyul 2017-ci il tarixli, 2(001)-11146/2017 saylı icra sənədi üzrə borclu "xxxx" MMC-nin direktoru (vəzifəli şəxs) Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 17 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, yuxarıda göstərilən icra sənədi üzrə Bakı şəhəri, Atatürk prospekti 3078a məhəllənin şimal hissəsində 0,553 ha. torpaq sahəsində "xxxx" MMC tərəfindən inşa edilən çoxmərtəbəli binada ümumi sahəsi 139,21 kv.metr, yaşayış sahəsi 79,68 kv.metr təşkil edən başqa mənzillə iddiaçı X1 təmin etmək öhdəliyi "xxxx" MMC-nin üzərinə qoyulsa da, MMC-nin direktoru Şəxs tərəfindən həmin öhdəlik icra edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində göstərdi ki, sözügedən binada boş mənzil mövcud deyil. Tələbkara mənzilin əvəzinə qeyri-yaşayış sahəsi təklif edilsə də, tələbkar razı olmamışdır. Buna görə də, qətnamə icra edilməmişdir. Sonda Şəxs məhkəmədən qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, icra məmuru və icra sənədi üzrə borclu məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışlar. Tədqiq edilən sübutlar: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyul 2017-ci il tarixli, 2(001)- 11146/2017 saylı icra sənədinə əsasən, Bakı şəhəri, Atatürk prospekti 3078a məhəllənin şimal hissəsində 0,553 ha. torpaq sahəsində "xxxx" MMC tərəfindən inşa edilən çoxmərtəbəli binada ümumi sahəsi 139,21 kv.metr, yaşayış sahəsi 79,68 kv.metr təşkil edən başqa mənzillə iddiaçı X1 təmin etmək öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulması qərara alınmışdır. 06 aprel 2021-ci il tarixdə icra sənədi üzrə Bakı şəhəri Xətai rayon İcra Şöbəsində icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 06 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Atatürk prospekti, 3078-ci məhəllə Binəqədi rayon inzibati ərazisinin hüdudları daxilindədir. 30 may 2024-cü il tarixdə icra sənədi Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsindən aidiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir. "xxxx" MMC-nin Binəqədi rayon İcra Şöbəsinə ünvanlandırdığı 13 avqust 2024-cü il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhəri, Atatürk prospekti 3078a məhəllənin şimal hissəsində 0,553 ha. torpaq sahəsində "xxxx" MMC tərəfindən inşa edilən çoxmərtəbəli binada ümumi sahəsi 139,21 kv.metr, yaşayış sahəsi 79,68 kv.metr təşkil edən başqa mənzil yoxdur. Adıçəkilən binada mənzillər tam şəkildə vətəndaşlara satılmış, sakinlər tərəfindən mənzillərə dair çıxarış alınmışdır. Əlavə olaraq bildirilir ki, "xxxx" MMC-nin hüquqi ünanı Bakı şəhəri, Nərimanov rayonudur, faktiki ünvanı isə Xətai rayonu, 8 Noyabr prospekti 23, AMA ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşir. Hazırda Binəqədi rayon ərazisində "xxxx" MMC adı altında tikinti işləri aparılır. Məktub "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən imzalanmışdır. “Elektron icra” informasiya sistemindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin rəhbəri Şəxsdur (sorğulanma tarixi: xx.xx.2024) Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin Qeyd hissəsinə müvafiq olaraq, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə Şəxs izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İşin qərarın təsviri hissəsində təsvir edilmiş hallarından görünür ki, borclu icra vərəqəsi üzrə müəyyən edilmiş tələbi icra etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclu barəsində təsir tədbirləri görülməlidir. Belə ki, icra sənədinin icra olunmaması tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzadır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, "xxxx" MMC-nin direktoru, vəzifəli şəxs Şəxs Məhərəm oğlu tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Buna görə də, əməl düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə vəzifəli şəxs kimi Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən səxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, tələbkarın əmlak mənafelərini və icra sənədinin icra olunmamasının tələbkarın qanunla qorunan mənafelərinin, pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığını nəzərə alaraq hesab edir ki, vəzifəli şəxs qismində Şəxs inzibati cərimə növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: "xxxx" MMC-nin direktoru (vəzifəli şəxs) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-42/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-42/2025
06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver