Məhkəmə qərarları › İş №3(001)-4211/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4211/2024

01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4211/2024 01.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin baş məsləhətçisi X2, şikayətçi X1 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, AR ƏƏSMN yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən "xxxx" Elmi-Metodik Jurnalnı direktoru kimi xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta törətməsi barədə protokol tərtib edilmiş və həmin protokola uyğun olaraq X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. AR ƏƏSMN yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı protokol və həmin protokola uyğun çıxarılmış xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar tam qanunsuz və əsassızdır.Mövcud qərarda göstərilmişdir ki, vətəndaş X4 əmək münasibətinə xx.xx.2024-cü ildə Əmək Məcəlləsinin 131-ci maddəsi ilə xitam verilmiş, lakin onun haqqında həmin məcəllənin 172.4-cü maddəsinin tələbləri pozulmuş və bu səbəbə görə 1000 manat inzibat cərimə tənbeh növü tətbiq edilmişdir. O, bu qanunsuz və əsssız qərardan xəbər tutan kimi AR ƏƏSMN yanında X8 Xidməti Bakı şəhər İdarəsində olmuş, məsələ barəsində izahat vermiş və bildirmişdir ki, şikayətçi X9 xx.xx.2023-cü ildə az müddətli əmək müqaviləsi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Kurikulum” elmi-metodiki jurnalı redaksiyasına kompüter operatoru vəzifəsinə işə götürülmüşdür. Jurnal təsis olunandan indiyə qədər, onun maliyyə mənbəyi abunədən daxil olan vəsait hesabına formalaşmışdır. Abunəçiləri Bakı şəhəri üzrə Təhsil idarəsi və Regional Təhsil İdarələridir. 2024-cü ildə abunəçilərdən heç bir sifariş alınmamış, hesablarına vəsait daxil olmamışdır, buna səbəb isə abunəçilərin mətbuat yayımı ilə əlaqəli keçirdikləri tenderlərin başa çatmamasıdır. BŞTİ-nin tenderi 27 iyun 2024-cü il tarixə təyin olunmuşdur. 2024- cü ilin əvvəlindən hesablarına vəsait daxil olmadığından işçilərin əmək haqqları ödənməmiş, eyni zamanda məcburi vergilər üzrə də dövlət büdcəsinə borc yaranmışdır. Yaranmış vəziyyətlə bağlı təsisçi xəbərdar edilmişdir. X9 əmək müqaviləsi başa çatdığına görə xx.xx.2024-cü il tarixində işdən azad edilmişdir. X6 bildirmişdir ki, müəssisənin hesabına vəsait daxil olan kimi, redaksiyanın X6 olan borcları ödənəcəkdir. Vəsaitin daxil olması 2024-cü ilin iyul ayında gözlənilir. O, ilin əvvəlindən əmək haqqı almadan işləyir. Redaksiyanın maliyyə vəziyyətinin belə böhranlı şəkil alması birinci dəfədir. Yaranmış vəziyyətlə bağlı təsisçiyə dəfələrlə məlumat vermiş, səbrli olmaları tenderlərin başa çatacağı bildirilmişdir. Redaksiyanın işinə məsul şəxs kimi onun redaksiyanın maliyyə vəziyyətinin düzəltmək üçün heç bir imkanı olmayıb. Jurnalın İ və İİ rüblərdə çap olunmalı nömrələri hazırlanıb. Hesab edir ki, o, inzibati xəta törətməmişdir, barəsində qəbul edilmiş qərar tam qanunsuz və əsassızdır. Özünü İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilmir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Medafiəsi Nazirliyi yanında X8 Xidmətinin, Bakı şəhər İdarəsinin gəldiyi nəticə tam olaraq qanunsuzdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Medafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi heç bir sübut olmadan qərəzli formada qərar qəbul etmişdir. X8 Xidmətinin Bakı şəhər İdarəsi öz hərəkətləri ilə onun qanunda nəzərdə tutulmuş hüquqlarını pozmuşdur. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 şikayət ərizəsini müdafiə edərək eyni məzmunda izahat verib Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin baş məsləhətçisi X7 bildirmişdir ki, "xxxx" Elmi- Metodik Jurnalı MMC-də işçilərin əməkhaqqı "xxxx" Elmi-Metodik Jurnalının öz vəsaiti hesabına ödənilir. İş yerində olan böhrandan asılı olmayaraq, işçilərin əmək haqqı vaxtında və əvvəlcədən müəyyən edilmiş qaydada ödənilməlidir. Odur ki, törətdiyi inzibati xəta ilə bağlı "xxxx" Elmi-Metodik Jurnalı MM-nin direktoru X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərar ilə inzibati tənbeh tətbiq edilmişdir. Ona görə də, məhkəmədən şikayətin əsassız hesab edilərək təmin edilməməsini xahiş etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 AR İXM-nin 192.4-cü maddəsi ilə 1000 (min) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə, məhkəməyə təqdim edilmiş sənədləri, tərəflərin izahatlarını dinləyib hesab edir ki, X1 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsaslı olaraq qəbul edilmişdir. İXM-in 192.4-cü işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 192.4-cü maddəsinin tərkib əlamətlərinin yaranması üçün işəgötürən tərəfindən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməlidir. Belə ki, şikayətçi işçinin əmək haqqının abunəçilərin mətbuat yayımı ilə əlaqəli keçirdikləri tenderlərin başa çatmaması, bu səbəbdən şirkətin balansında pul vəsaitinin olmaması, nəticə etibarı ilə onun heç bir təqsiri olmadan işçilərin əmək haqqının ödənilməsinin gecikdirilməsini bildirsə də, məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, "xxxx" Elmi-Metodik jurnalı MMC müstəqil balansa malik olduğundan işçilərin əməkhaqqını əməkhaqqı cədvəlinə uyğun ödəmək şirkətin hesabına vəsait daxil olub-olmamasından asılı olmayaraq işəgötürənin vəzifəsidir. Məhkəmə baxışı iclasında isə işçi X9 ilə bağlanılmış əmək müqaviləsinə 10 mart 2024-cü il tarixdə xitam verilməsinə baxmayaraq, "xxxx" Elmi-Metodik jurnalı MMC-nin direktoru X5 tərəfindən ona əmək qanunverciliyi ilə nəzərdə tutulmuş qaydada əmək haqqı ödənilməmişdir. Odur ki, "xxxx" Elmi-Metodik jurnalı MMC-nin direktoru X5 tərəfindən işçinin əmək haqqının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsi faktı öz təsdiqini tapmış və onun barəsində İXM-nin 192.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X1 şikayətdə göstərdiyi xüsusatlar barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, sözügedən qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X5 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən Əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir; Həmin Məcəllənin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayət təmin edilməməli, həmin protokol əsasında qəbul edilmiş inzibati cərimənin tətbiq edilməsi barədə qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar