Məhkəmə qərarları › İş №3(001)-4218/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4218/2024

09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4218/2024 09.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Verdiyev Elcan Elşad oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X1, X17 X4 İhracat Ticaret Limited şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X5 iştirakları ilə, X17 X4 İhracat Ticaret Limited şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən X17 X4 İhracat Ticaret Limited şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində İXM-in 192.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə edilmiş məlumatlardan müəyyən edilmişdir ki, işğaldan azad olunmuş ərazilərdə iş icazəsi alınmış X6, X3 və X7 xx.xx.2024-cü il tarixdən hazırkı tarixədək əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X8 bildirmişdir ki, 2024-cü ilin may ayı ərzində “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında işğaldan azad edilmiş ərazilərə X17 X4 İhracat Ticaret Limited şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən iş icazəsi alınmış şəxslərin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsinin aşkar edilməməsi müəyyən edilmişdir. bununla bağlı şirkətə məlumat göndərilsə də, iş icazəsi alınan işçilərlə əmək müqaviləsinin bağlanılmaması və müvafiq əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməməsi təmin edilməmişdir. Bu səbəbdən X17 X4 İhracat Ticaret Limited şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində inzibati xəta haqqında protokol, eləcə də şirkətin vəzifəli şəxsi barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. qanunvericiliyin tələblərinə görə vəzifəli və hüquqi şəxs barəsində icraatın aparılması istisna olunmur. Adı qeyd olunan şəxslər işə cəlb edilmişsə, bu zaman onlarla əmək müqaviləsi bağlanmalı idi. Əks halda portala qonaq kimi əlavə olunmalı idilər. Ona görə də, məhkəmədən X17 X4 İhracat Ticaret Limited şirkətinin Azərbaycan Respublikasındakı filialının inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X17 X4 İhracat Ticaret Limited şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X10 bildirmişdir ki, cəmiyyət barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Çünki həmin vətəndaşlarla müqavilə bağlanmış və qeydiyyata alınmışdır. X6, X3 və X2 əmək müqavilələrinin olmadığı qeyd edilsə də bu doğru deyildir. Həmin şəxslərlə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və onlar “Əmək və Məşğulluq” altsistemində qeydiyyata alınmışlar. X6, X3 və X7 xx.xx.2024-cü il tarixdə işə qəbul edilsələr də işləmək istəmədiklərinə görə xx.xx.2024cü il tarixdə işdən azad edilmişlər. Həmin şəxslər üçün işğaldan azad edilmiş ərazilərə getmələri üçün icazə alınsa da onlar həmin ərazilərə getməmişlər. Həmçinin X9 Xidməti tərəfindən şirkət və onun vəzifəli şəxsi barəsində eyni iş üzrə 2 icraat aparılmış və cəza verilmişdir. Halbuki, bir inibati xətaya görə təkrar tənbeh verilə bilməz. Odur ki, məhkəmədən X17 X4 İhracat Ticaret Limited şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki X17 X4 İhracat Ticaret Limited şirkətinin Azərbaycan Respublikasındakı filialının İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, ona əlavə edilmiş digər sübutlarla, eləcə də məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin Məcəllənin 192.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən 2024-cü ilin may ayı ərzində keçirilmiş monitorinqlər nəticəsində “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə edilmiş məlumatlar əsasında işğaldan azad edilmiş ərazilərə X17 X4 İhracat Ticaret Limited şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən iş icazəsi alınmış şəxslərin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsinin olmaması aşkar edilmişdir. X17 X4 İhracat Ticaret Limited şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi məhkəmə iclasında X6, X3 və X7 ilə şirkət arasında müqavilənin bağlanması və müvafiq qaydada həmin şəxslərin müqavilələrinin sistemə yerləşdirilməsi barədə izahat versə də, məhkəməyə həmin halı təsdiq edən heç bir sənəd təqdim edə bilməmişdir. Belə olan halda müəyyən edilir ki, şirkət barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır və məhkmə iclasında toplanmış sübutlarla şirkətin qeyd olunan maddə ilə təqsiri sübuta yetirilir. Həmçinin qeyd edilməlidir ki, X17 X4 İhracat Ticaret Limited şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru barəsində İXM-in 192.1-ci maddəsi ilə icraatın aparılaraq sonuncunun həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi hazırkı iş üzrə şirkətin qeyd olunan maddə ilə inzibati məsuliyyətə cəlb edilməsini istisna etmir. Bununla yanaşı qeyd edilməlidir ki, Əmək qanunvericiliyinin tələblərinə əsasən əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir. Eləcə də sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. Göründüyü kimi, işəgötürən tərəfdən əvvəlcə işçi ilə əmək müqaviləsi bağlanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X17 X4 İhracat Ticaret Limited şirkətinin Azərbaycan Respublikasındakı filialına istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu X17 X4 İhracat Ticaret Limited şirkətinin Azərbaycan Respublikasındakı filialına istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Qeyd edilməlidir ki, X17 X4 İhracat Ticaret Limited şirkətinin Azərbaycan Respublikasındakı filialının hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, X17 X4 İhracat Ticaret Limited şirkətinin Azərbaycan Respublikasındakı filialının məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Həmçinin məhkəmə X17 X4 İhracat Ticaret Limited şirkətinin Azərbaycan Respublikasındakı filialına inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, X17 X4 İhracat Ticaret Limited şirkətinin Azərbaycan Respublikasındakı filialı İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X17 X4 İhracat Ticaret Limited şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 000 (iyirmi min) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar