Məhkəmə qərarları › İş №3(001)-4238/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4238/2025

11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4238/2025 11.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin polis sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Kəlbəcər rayonu, Yanşaq kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında, yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB tərəfindən Şəxs barəsində İXM 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin polis sahə inspektoru, polis mayoru X2 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat gecə saatlarında Bakı Beynəlxalq Avtovağzalın qarşısında qanunsuz olaraq sərnişin daşıma fəaliyyəti ilə məşğul olduğuna görə və qışqıraraq sərnişin çağırdığına, avtovağzala gəlmiş şəxslərə narahatlıq yaratdığına görə Binəqədi RPİ-nin PPXB-nin əməkdaşları ona yaxınlaşıb, özünü təqdim etməsini bildirmiş, sənədlərini tələb etmişlər. Şəxs həmin vaxt özünü təqdim etməkdən və sənədlərini verməkdən imtina etmiş, səs-küy salmağa başlamışdır. Polis əməkdaşları Şəxs sakitləşməsini bildirsələr, sonuncu öz hərəkətlərini davam etdirmişdir. Bundan Şəxs şəxsiyyətinin dəqiqləşdirilməsi məqsədilə polis bölməsinə dəvət etdikdə o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, polis bölməsinə getməyəcəyini demişdir. Şəxs polis əməkdaşlarına tabesizlik göstərdiyinə görə Binəqədi RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən 40-cı polis bölməsinə gətirilmişdir. Polis bölməsində baş vermiş hadisə ilə bağlı raport yazılmışdır. Bölmədə Şəxs inzibati qaydada tutulmuş, barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, Gəncə şəhərindən Bakı şəhərinə və əks istiqamətdə sərnişin daşımaqla məşğul olur. xx.xx.2025-ci il tarixdə gecə saatlarında Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında avtomobilini saxlayıb, sərnişin gözləyərkən polis əməkdaşları ona yaxınlaşıb, qanunsuz olaraq sərnişin daşıma ilə məşğul olduğuna görə ondan sənədlərini istəmişlər. O, polis əməkdaşlarına etiraz edərək, heç bir qanunsuz iş görmədiyini demiş, sənədlərini verməkdən imtina etmişdir. Bundan sonra polis əməkdaşları ilə arasında mübahisə yaranmışdır. Bununla bağlı polis əməkdaşları onu polis bölməsinə aparmış, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. O, məhkəmədən qeyd olunanların nəzərə alınmağını xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi RPİ-nin Post patrul xidməti bölüyünün polis nəfəri, polis kiçik serjantı X6 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə gecə saatlarında Bakı Beynəlxalq Avtovağzalın ərazisində xidmətdə olarkən adını sonradan bildiyi Şəxs avtovağzalın girişi yaxınlığında durub, yüksək səslə sərnişin çağırmasının, avtovağzala gəlmiş şəxslərə narahatlıq yaratmasının şahidi olmuşlar. Onlar Şəxs yaxınlaşıb, qanunsuz olaraq sərnişin daşıma ilə məşğul olmamasını, sakit olmasını demiş və sənədlərini təqdim etməsini istəmişlər. Şəxs isə sənədlərini verməkdən imtina edərək, səs-küy salmağa başlamış, ətrafda olan şəxslərin diqqətini öz üzərinə çəkmişdir. Onlar dəfələrlə Şəxs sakit olmasını desələr də, sonuncu öz hərəkətlərini davam etdirmiş, özünü təqdim etməkdən və sənədlərini təqdim etməkdən imtina etmişdir. Şəxs şəhid ailəsinin üzvü olduğunu etmiş, onları işdən çıxarılmaqla hədələmişdir. Şəxs öz hərəkətlərini davam etdirərək tabesizlik göstərdiyinə görə onlar tərəfindən Binəqədi RPİnin 40-cı polis bölməsinə gətirilmiş, hadisə ilə bağlı tərəflərindən raport yazılmışdır. Məhkəmə iclasında şahid Binəqədi RPİ-nin Post patrul xidməti bölüyünün polis nəfəri, polis kiçik serjantı X4 digər şahid X6 ilə oxşar məzmunlu izahat verərək sonucunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı üçün barəsində raport tərtib olunmuşdur. xx.xx.2025-ci il tarixli, AZA 022304 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 11 iyun 2025-ci il tarixdə, saat 02:30-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Mürsəlov X3 RPİ-nin Post patrul xidməti bölüyünün polis nəfərlərinin qanuni tələblərinə tabe olmayaraq İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyərək, həmçinin inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Binəqədi RPİnin 40-cı PB tərəfindən İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, yəni sonuncunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmaması iş materialları və məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə, Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Şəxs barəsində təyin edilmiş inzibati həbsin əvvəli 11 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 11 iyun 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar