Məhkəmə qərarları › İş №3(001)-4259/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4259/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4259/2025 12.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X3, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi ev 31, mənzil 22-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən Şəxs İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X7 izahatında bildirmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(001)-3359/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 11 oktyabr 2023-cü il tarixdən başlanaraq yetkinlik yaşına çatanadək xx.xx.2019-cu il təvəllüdlü X2 üçün 220 manat və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün 220 manat sabit pul məbləğində hər ay aliment alınıb X5 ödənilməlidir. Həmin icra sənədi üzrə icraata xx.xx.2023-cü il tarixdə başlanmışdır.. X9 xx.xx.2025-ci il tarixdə icra şöbəsinə müraciət edərək borclu barəsində tədbir görülməsini xahiş etmişdir. Qeyd etməlidir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-4586/2024 saylı qərarı ilə Şəxs eyni icra sənədinə münasibətdə İXM 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 gün həbs edilmişdir. Həmin tənbeh tədbiri tətbiq olunan zaman icra sənəədi üzrə borc 3960 manat təşkil edirdi. Lakin sözügedən tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qüvvəyə mindiyi gündən bir il müddət keçmədiyi halda Şəxs eyni icra sənədini yenidən qərəzli olaraq icra etməmişdir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, maddi imkanı olmadığı üçün icra sənədi üzrə tam ödənişlər edə bilməmişdir. Belə ki, o narkomaniya xəstəliyindən əziyyət çəkmişdir. xx.xx.2024-cü il tarixdə də CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Bir müddətdir ki, “Uğur” reabilitasiya mərkəzində müalicə almış, bu səbəbdən də ödənişləri tam icra edə bilməmişdir. Hazırda müalicəsini tamamlamışdır, növbəti aydan etibarən reabilitasiya mərkəzində işə başlayacaq və təqribi 700-800 manat maaş alacaqdır. Bundan sonra aliment öhdəliyini vaxtında icra edəcəkdir. İyun ayında o, zərərçəkmiş şəxsə əlbəəl 100 manat vəsait vermişdir. Bundan qabaq isə kart vasitəsi ilə 570 manat hissə-hissə olmaqla ödəniş etmişdir. Həmin pulları göndərdiyi müddətdə o heç harda işləmiş, lakin yenə də ödənişlər etməyə çalışmışdır. Hazırda zərərçəkmiş şəxslə aralarında razılıq əldə olunmuş, o, işə düzəldikdən sonra mütəmadi olaraq aliment öhdəliyini icra edəcəkdir. Onun ödəniş etməkdən yayınmaq niyyəti yoxdur. Həbs olunacağı halda işə də düzələ bilməyəcəkdir. Odur ki, barəsində olan hazırkı icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 bildirmişdir ki, Şəxs məhkum edilməsi, həmçinin reabilitasiya mərkəzində müalicə almasından məlumatlıdır. O, aliment üçün ayrıca kart açdırmış və borcluya ora pul atması üçün kartın nömərsini vermişdir. Həmin karta 2024-cü ilin oktyabr ayından etibarən Şəxs cəmi 570 manat pul vəsaiti göndərmiş, iyun ayında isə əlbəəl ona 100 manat təqdim etmişdir. Sadalanan ödənişlərdən başqa heç bir ödəniş etməmişdir. Lakin hazırda Şəxs ilə aralarında razılaşma əldə edilmişdir. Belə ki, Şəxs ona bundan sonra mütəmadi olaraq aliment ödənişi edəcəyi barədə söz vermişdir. Odur ki, hazırda Şəxs heç bir şikayət və tələbi yoxdur, icraata xitam verilməsinə etiraz etmir. Verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, 31 iyul 2024-cü il tarixə aliment borcu 3960 manat olmuş, Şəxs həmin tarixdən sonra ümumilikdə 670 manat ödəniş etmiş, hazırda ona ödənilməli olan aliment borcu 7690 manat təşkil edir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş: Binəqədi Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(001)-3359/2023 saylı icra vərəqəsindən görünür ki, Şəxs 11 oktyabr 2023-cü il tarixdən başlanaraq yetkinlik yaşına çatanadək xx.xx.2019-cu il təvəllüdlü X2 üçün 220 manat və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün 220 manat sabit pul məbləğində aliment alınıb X5 ödənilməlidir. xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Binəqədi Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(001)-3359/2023 saylı icra vərəqəsinə əsasən icraata başlanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)- 4586/2024 saylı qərarından görünür ki, Şəxs İXM 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 gün həbs edilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X4 mobil telefonunda olan “Birbank” tətbiqinə baxış keçirilərək müəyyən edilmişdir ki, Şəxs tərəfindən həmin kartın hesabına 2024-cü ilin oktyabr ayında 30 manat, noyabr ayında 30 manat, dekabr ayında 60 manat və 30 manat olmaq ümumilikdə 90 manat, 2025-ci ilin yanvar ayında 40 manat, fevral ayında 80 manat, 40 manat və 40 manat olmaqla ümumilikdə 160 manat, mart ayında isə 130 manat olmaqla cəmi 570 manat vəsait köçürülmüşdür. Zərərçəkmiş şəxs X4 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş borclu ilə aralarında razılıq əldə edilməsini, borclunun bundan sonra aliment borcunu mütəmadi olaraq ödəyəcəyinə söz verdiyini, hazırda sonuncudan şikayət və tələbinin olmadığını bildirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-584/2024 saylı hökmündən görünür ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bundan başqa Şəxs narkomaniya xəstəliyindən əziyyət çəkdiyi üçün ona narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata əməldə inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, İXM-nin 528.1-1-ci maddəsində inzibati xəta tərkibi həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə müəyyən edilmişdir. İXM-in 528.1-ci maddəsində isə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Eyni icra sənədinə münasibətdə xx.xx.2024-cü il tarixdə Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsə də, hazırki protokol Şəxs həmin icra sənədindəki tələbi qərəzli olaraq icra etməməsi müəyyən edilməməkdədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(001)-3359/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 11 oktyabr 2023-cü il tarixdən başlanaraq yetkinlik yaşına çatanadək xx.xx.2019-cu il təvəllüdlü X2 üçün 220 manat və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün 220 manat sabit pul məbləğində hər ay aliment alınıb X5 ödənilməlidir. Sözügedən icra sənədini qərəzli olaraq icra etmədiyi üçün xx.xx.2024-cü il tarixdə borclu barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Borclu barəsində həmin tənbeh tədbiri tətbiq edilən zaman icra sənədi üzrə ödənilməmiş aliment məbləği 3960 azn təşkil etmişdir. Şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra heç bir yerdə rəsmi olaraq işləmədiyi və narkomaniya xəstəliyindən əziyyət çəkdiyi üçün “Uğur” Reabilitasiya mərkəzində olmasına baxmayaraq həmin tarixdən protokol tərtib edildiyi bügünkü tarixədək ümumilikdə 670 manat aliment ödənişi etmiş və hazırda onun ödəməli olduğu aliment borcu 7690 manat təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, aliment ödənişinin 11 oktyabr 2023-cü il tarixdən ödənilməsi qət edilmişdir. Başqa sözlə, hər ayın ən geci 11-ci günü Şəxs X5 440 manat aliment borcu ödəməlidir. Borclu barəsində inzibati tənbeh tədbiri tətbiq edildiyi vaxtdan 10 ay keçmiş, yəni həmin müddət ərzində 4400 manat miqdarında aliment borcu ödənilməli idi. Lakin borclu tərəfindən cəmi 670 manat aliment ödənişi edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aliment öhdəliyini tam icra edə bilməməsini işsiz olması ilə əlaqələndirmiş, işə düzəldikdən sonra mütəmadi şəkildə ödəniş edəcəyini bildirmiş və zərərçəkmiş şəxslə razılıq əldə etmiş, bunun da nəticəsində zərərçəkmiş şəxs hazırda şikayətçi olmadığını bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmişdir. Sonuncunun narkomaniya xəstəliyindən əziyyət çəkməsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-584/2024 saylı hökmü ilə də təsdiqini tapmışdır. Həmin xəstəliyi ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs reabilitasiya mərkəzində müalicə almışdır. Həmin müalicə dövründə isə ödəməli ödənişləri tam olaraq həyata keçirə bilməsə də, hissəvi ödənişlər etmişdir. Borclunun reabilitasiya mərkəzində müalicə alması zərərçəkmiş şəxs tərəfindən də təsdiq edilmişdir. Göründüyü kimi Şəxs əməlində Binəqədi Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(001)-3359/2023 saylı icra sənədindəki tələbi qərəzli olaraq icra etməmə öz təsdiqini tapır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hər hansı bir yerdə işləyərək əmək haqqı almır və digər heç bir gəliri yoxdur. Həmçinin son dövrlərdə o narkomaniya xəstəliyi ilə əlaqədar olaraq reabilitasiya mərkəzinə yerləşdirilmişdir. Belə olan halda, Şəxs qazanc əldə edərək aliment öhdəliyini icra etməyə faktiki imkanları olmamışdır. Bununla yanaşı, borclu zərərçəkmiş şəxsin kart hesabına 570 AZN pul göndərmiş, bundan başqa sonuncuya nağd şəkildə 100 AZN vermiş, ümumilikdə 670 manat ödəniş etmişdir. Şəxsin heç bir yerdə işləmədiyi və heç bir digər qazancı olmadığı halda aliment öhdəliyi üzrə hissə-hissə olsa belə ödəniş etməsi, həmçinin zərərçəkmiş şəxslə ödənişin edilməsi qaydasında razılığa gəlməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədinin icrasından yayınmamasının əksinə, onun icra sənədinin icrasını təmin etmək məqsədi ilə imkanı olduğu qədər ödəniş edərək borcu ödəməyə təşəbbüs göstərdiyini təsdiq edir. Odur ki, Şəxs icra sənədi üzrə tələbi qərəzli yerinə yetirmədiyi sübuta yetirilməmişdir. Şəxs işləmədiyi halda icra vərəqəsi üzrə hissəvi ödənişlər etmişdir ki, belə olan halda üzrsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsindən söhbət gedə bilməz. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı sübuta yetirilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyət eyni icra sənədinə əsasən bir il ərzində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın təkrar törədilməsi ilə yarandığından və hazırki halda Şəxs Binəqədi Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(001)-3359/2023 saylı icra sənədinə münasibətdə Şəxs icra sənədində göstərilən tələbi qərəzli olaraq icra etmədiyi müəyyən edilmədiyindən sonuncunun əməlində İXM-nin 528.1-1-ci maddəsinin tərkib əlamətləri mövcud deyildir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlir. Belə ki, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bütün bunlarla yanaşı qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə qeyd edir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Habelə, İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs qətnamə üzrə müəyyən edilmiş məbləğdən maddi imkanın yol verdiyi məbləğdə ödəniş etməsi, borcu ödəməkdən yayınmaması və tam ödəməməsinin üzürsüz səbəblərlə bağlı olmasının müəyyən edilməməsi nəzərə alınmaqla yuxarıda göstərilənlərə əsasən icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar