Məhkəmə qərarları › İş №3(001)-4289/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4289/2021

21.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4289/2021 21.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı barəsində İXM-in 347-ci maddəsi ilə tərtib edilmiş 30.11.2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış materiallar daxil olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqına və Bakı şəhər Binəqədi rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin proses iştirakçıları məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişlər. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə, iş materiallarını hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının əməlində İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan DİN-nin DYP portal çıxarışından görünür ki, Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqına, onun mülkiyyətində olan “Nissan Sunny” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 17.11.2021ci il tarixdə idarə edərək İXM-in 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş fiziki şəxs barədə məlumat verilməsinin xahiş olunmasına dair Bakı şəhər Binəqədi RPİ-nin DYPŞ tərəfindən sorğu verilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan SS598044333AZ kodlu Bakı şəhər Binəqədi rayon Polis İdarəsi DYPŞ tərəfindən Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqına ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən və zərfin surətindən görünür ki, qeyd olunan sorğu Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının adına ünvan 1 ünvanına göndərilmiş və həmin sorğu 22.11.2021-ci il tarixdə İmanova soyadlı şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan 30.11.2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı tərəfindən 22.11.2021-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumat verilmədiyindən barəsində İXM-in 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-in 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, qanunvericilik İXM-in 347-ci maddəsi ilə olan inzibati xətanı yalnız səlahiyyətli orqanın sorğusunun daxil olduğu vaxtdan 5 gün müddətində vəzifəli şəxs tərəfindən sorğu verənə göndərilməməsinə görə nəzərdə tutmuşdur. Göstərilən halla bağlı məhkəmə qeyd edir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən göndərilən sorğunun Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı tərəfindən alınmasını təsdiqləyəcək heç bir sübut iş materiallarında öz əksini tapmamışdır. Belə ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən göndərilmiş sorğunun Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı tərəfindən almasını təsdiqləyəcək xəbərnamə əsas götürülərək iş materiallarına əlavə edilsə də, göndərilmiş həmin soruğunun Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının nümayəndəsi tərəfindən qəbul edilməsi təsdiq olunmur. Digər tərəfdən məhkəmə, iş materiallarında olan poçt xəbərnaməsinə dair qeyd edir ki, İXM-in 57-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Lakin, iş materiallarında olan poçt xəbərnaməsində isə İXM-in göstərilən tələblərinə riayət edilməmişdir. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, hazırda baxılan iş üzrə Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının əməlində inzibati xəta tərkibi yoxdur və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Dövlət X1 tərəfindən tərtib olunmuş 30.11.2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokola dair Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının əməlində İXM-in 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Dövlət X1 tərəfindən tərtib olunmuş 30.11.2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokola dair Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar