Məhkəmə qərarları › İş №3(001)-4296/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4296/2025

23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4296/2025 23.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 215.1-ci maddəsi ilə tərtib edilmiş 05 iyun 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında protokol”a açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən "xxxx" MMC barəsində İXM-nin 215.1-ci maddəsi ilə 05 iyun 2025-ci il tarixdə MN ******* nömrəli “inzibati xəta haqqında protokol” tərtib edilərək baxılması üçün əlavə sənədlərlə birlikdə məhkəməyə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, 05 iyun 2025-ci il tarixdə saat 15:58-də Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 57C və 59C ünvanında yerləşən "xxxx" MMCyə məxsus klinikada plandankənar yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət (cərrahi stomatoloji) aşkar edilmişdir. Protokola baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə müvafiq məlumat verilməsinə baxmayaraq, nə protokolu tərtib etmiş inzibati qurumun, nə də barəsində icraat aparılan hüquqi şəxsin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs MMC-nin nümayəndəsi, MMC baş direktoru Tamerlan Yusubov məhkəməyə vəsatətlə müraciət edərək göstərmişdir ki, Şəxs MMC xx.xx.2018-ci il tarixli İN/L-385/2018 saylı lisenziya və İN/L-385/2018/3 qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli lisenziyanın əlavəsi ilə özəl tibb fəaliyyətini həyata keçirir. Sözügedən lisenziyanın əlavəsi ilə Şəxs MMC-yə stomatologiya sahəsi üzrə fəaliyyətə də icazə verilmişdir. Göründüyü kimi MN seriyalı, ******* nömrəli “inzibati xəta haqqında protokol”da İXM-nin 215.1-ci maddəsi tətbiq edilərək yanlışlığa yol verilmişdir. Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi yoxdur. Bu səbəbdən başlanmış inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İş materiallarından görünür ki: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin mütəxəssisi X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN2156876 nömrəli protokola əsasən 05 iyun 2025-ci il tarixdə saat 15:58-də Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 57C və 59C ünvanında yerləşən "xxxx" MMC-yə məxsus klinikada plandankənar yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət (cərrahi stomatoloji) aşkar edilmişdir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin baş hüquq məsləhətçisi və mütəxəssisləri tərəfindən 05 iyun 2025-ci il tarixdə "xxxx" MMC-də plandankənar yoxlama keçirilmiş, lisenziya şərtlərinə riayət olunmadığı, cərrahi stomatoloji iş və fəaliyyət göstərildiyi aşkar edilmiş, bu barəsə T-196 nömrəli akt tərtib edilmişdir; - Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində xx.xx.2025-ci il tarixli KY252317400 nömrəli çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 57C və 59C ünvanında yerləşən klinikada xx.xx.2025xx.xx.2025-ci il tarixdə aparılacaq plandankənar yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir; - 20 iyul 2018-ci il tarixdə özəl tibb fəaliyyətini həyata keçirmək üçün "xxxx" MMCyə İN/L-385/2018 nömrəli lisenziya verilmişdir. Həmin tarixli "xxxx"ndə MMC-nin fəaliyyətinin ambulator, stasionar və səyyar tibbi xidmətləri üzrə görülməsinə icazə verilən işlərin siyahısı göstərilmişdir. 29 may 2019-cu il tarixli, İN/L-385/2018/3 nömrəli "xxxx"ndə MMC-yə stomatologiya üzrə görülməsinə icazə verilən işlərin siyahısında terapevtik stomatoloji, ortopedik stomatoloji və ortodontik stomatoloji xidmətlər nəzərdə tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, "xxxx" MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa 1 nömrəli əlavə - “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nın 2-ci hissəsinə əsasən özəl tibb fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nın 2.24-cü bəndinə əsasən stomatologiya üzrə göstərilən xidmətlərə terapevtik stomatoloji, cərrahi stomatoloji, ortopedik stomatoloji və ortodontik stomatoloji xidmətlər daxildir. "xxxx" MMC-nin nümayəndəsinin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, 29 may 2019-cu il tarixli, İN/L-385/2018/3 nömrəli "xxxx"ndə MMC-yə stomatologiya üzrə terapevtik stomatoloji, ortopedik stomatoloji və ortodontik stomatoloji xidmətlər göstərilməsi üçün icazə verilsə də, cərrahi stomatoloji xidmətlər göstərilməsinə icazə verilməmişdir. "xxxx" MMC barəsində tərtib olunmuş 05 iyun 2025-ci il tarixdə MN ******* nömrəli “inzibati xəta haqqında protokol” da məhz cərrahi stomatoloji xidmətlər göstərilməsinə görə tərtib olunmuşdur. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən bu Qanunun tələblərinin, lisenziya və icazə şərtlərinin pozulmasına görə lisenziyanın (icazənin) sahibi Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır. İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılan məsələlər sırasında inzibati tənbeh vermə haqqında qərar da nəzərdə tutulmuşdur. 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Hüquqi şəxs "xxxx" MMC-nin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC İXM-in 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 6000 (altı min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar