Məhkəmə qərarları › İş №3(001)-43/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-43/2024

19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-43/2024 19.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs ŞəxsMMC-nin nümayəndəsi X2 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ŞəxsMMC-nin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankından Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün ŞəxsMMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, "Bank Respublika” ASC tərəfindən Mərkəzi Banka ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda ŞəxsMMC-nin xx.xx.2021-ci il tarixində xaricə köçürdüyü 297080 ABŞ dolları məbləğində vəsaitin 10125,52 ABŞ dolları hissəsinə münasibətdə malların ölkəyə idxal edilməsini (və ya vəsaitin geri qaytarılmasını) təsdiq edən sənədlərin banka 02 il ərzində təqdim edilmədiyi göstərilmişdir.Şəxs MMC 297080.00 ABŞ dolları məbləğində vəsaiti 14 oktyabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 10125,52 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş,valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 15 oktyabr 2023-cü il tarixdə hüquqi şəxsin qeyd edilən ünvanında törədilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Ona görə də, xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs ŞəxsMMC-nin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Ukrayna və Rusiya arasındakı hərbi vəziyyət müqavilə üzrə xaricə köçürülmüş 297080.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların 10125,52 ABŞ dollarında məbləği hesabına alınan malların ölkəyə idxalı mümkün olmamışdır. Tərtib edilmiş protokolla razılaşmadığını, təqsirli şəkildə inzibati xəta törətmədiyini qeyd edərək iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. PJSC “ArcelormİTTAL Kryvyi Rih” Ukrayna tərəfindən verilmiş məktubdan görünür ki, xx.xx.2023-cü il tarixə “ArcelorMittal Kriviy Riq” XSC və Şəxs MMC arasında bağlanılan xx.xx.2021-ci il tarixli 98Z-2021 saylı müqaviləyə əsasən qalıq vəsait 10125,52 ABŞ dolları təşkil edir. Lakin Rusiya Federasiyasının hərbi hücumu və Ukrayna ərazisində hərbi vəziyyətin elan edilməsi səbəbindən Ukrayna Milli Bankı xx.xx.2022-ci il tarixli 18 saylı “Hərbi vəziyyət tətbiq edildiyi dövrdə bank sisteminin işi barədə” sərəncam qəbul etmişdir. Həmin sərəncamın 14-cü bəndinə əsasən: -Səlahiyyətli qurumlara Ukraynadan valyuta sərvətlərinin transsərhəd köçürülməsi , rezident banklarda açılan qeyri-rezident bankların müxbir hesablarına qrivnada, milli valyutada vəsaitin köçürülməsi, o cümlədən müştərilərin tapşırığı ilə həyata keçirilən köçürmələr qadağan olunur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hal-hazırda xx.xx.2021-ci il tarixli 98Z-2021 saylı müqaviləyə əsasən 10 125,52 ABŞ dolları məbləğində pul vəsaiti qalığının qaytarılması təssüflər olsun ki, mümkün deyildir. İnzibati orqan Azərbaycan Respublikasının Mərkəzi Bankı inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Buna görə də, məhkəmə İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb qanunvericiliyin tələbini rəhbər tutaraq hesab edir ki, inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Ukrayna Milli Bankının İdarə Heyətinin xx.xx.2022-ci il tarixli, 18 nömrəli qərarının 14-cü bəndindən görünür ki, transsərhəd xarici valyuta ödənişlərinə moratorium (səfərbərlik planları və Hökumət ödənişləri istisna olmaqla ödənişləri təmin edən müəssisə və qurumla Milli Bank tərəfindən xüsusi icazələr əsasında) tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Konstitusiyanın 59-cu maddəsinin tələblərinə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində valyuta tənzimi qaydasının pozulmasına görə məsuliyyətin nəzərdə tutulması sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, o cümlədən beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması, valyuta nəzarətinin effektivliyinin artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədi daşıyır. Konstitusiyanın 59-cu maddəsi hər bir fərdin sahibkarlıq fəaliyyətini onun şəxsi azadlığının iqtisadi sahədə təzahürü kimi qəbul edir və iqtisadi fəaliyyət azadlığı prinsipini inkişaf etdirir. Azad sahibkarlıq fəaliyyətinin təminatı olaraq Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs ona məxsus daşınar və daşınmaz əmlakı, o cümlədən milli valyutanı, xarici valyuta sərvətlərini və s. sahibkarlıq fəaliyyəti və qanunvericliklə qadağan edilməyən digər iqtisadi fəaliyyət sahələrinə sərbəst yönəldə bilər, habelə bunlardan öz mülahizələrinə görə istifadə edə bilər. Qeyd etmək lazımdır ki, son dövrlər ölkədə sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlığın inkişafı məqsədi ilə biznes mühitinin daim yaxşılaşdırılması, sahibkarlıq sahəsində dövlət maliyyələşmə mexanizminin daha da təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi, sahibkarlığın inkişafı sahəsində normativ-hüquqi sənədlərin qəbulu və qanunvericilik bazasının təkmilləşdirilməsi dövlətin iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən sahələr üzrə sahibkarın həyata keçirdiyi müstəqil bir iqtisadi fəaliyyət növüdür. Mülki Məcəllənin 13-cü maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Lakin digər konstitusiya hüquqları kimi azad sahibkarlıq hüququ da mütləq hüquq deyil. Dövlətin və cəmiyyətin ümumi maraqlarına müvafiq olaraq qanunvericilik normaları əsasında vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək və s. üçün azad sahibkarlıq hüququnun məhdudlaşdırılmasına yol verilir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun sahibkarlıq hüdudlarının nizamlanması əsaslarını müəyyən edən 5-ci maddəsinə əsasən yalnız qanunla nəzərdə tutulmuş hallarda sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yol verilir. Dövlət hakimiyyəti və dövlət idarəetmə orqanlarına mülkiyyət və təşkilati-hüquqi formasından asılı olaraq bu və ya digər sahibkarlıq növünə imtiyazlar verən qərarlar çıxarmaq qadağan olunur. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna edilməklə dövlət orqanlarının, həmkarlar təşkilatlarının sahibkarlıq fəaliyyətinə müdaxiləsi qadağandır. Qaydaların 4.3.1.3-cü yarımbəndi və İnzibati Xətalar Məcəlləsinin müvafiq valyuta tənzimi qaydasının pozulmasına görə məsuliyyəti müəyyən edən 430.4-cü maddəsi sahibkarlıq fəaliyyəti ilə bağlı müəyyən edilmiş məhdudiyyətlərdəndir. Göstərilən normalar ilə Konstitusiyada təsbit olunmuş azad sahibkarlıq hüququnun pozulub-pozulmamasına aydınlıq gətirilməsi üçün aşağıdakıların nəzərə alınması vacibdir. Azad sahibkarlığın əsasını mülkiyyət təşkil edir. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİ hissəsi). Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında, həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair xx.xx.2020-ci il tarixli Qərarında xüsusilə vurğulamışdır ki, əsas Qanun hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o, cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir Göstərilənlərlə əlaqədar olaraq, ölkənin tədiyə balansında valyuta kəsirinin azaldılması və valyuta nəzarətinin effektivliyinin artırılması məqsədi ilə ölkədə maliyyə sabitliyinin təmin edilməsinə yönəlmiş kompleks tədbirlərdən biri kimi X6 Heyətinin 2016-cı il 28 noyabr tarixli Qərarı ilə Qaydalar qəbul edilmiş və həmin Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar zamanı malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsinin (xidmətlərin göstərilməsini təsdiq edən sənədin) təqdim edilməsi ilə bağlı dəqiq müddət məhdudiyyəti müəyyənləşdirilərək qeyd edilən valyuta əməliyyatlarına xüsusi nəzarət rejimi tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Beləliklə Konstitusiyanın 59-cu maddəsinin tələblərinə uyğun olaraq, Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə müvafiq valyuta əməliyyatı ilə bağlı xüsusi nəzarət rejiminin müəyyən edilməsinə və İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində valyuta tənzimi qaydasının pozulmasına görə məsuliyyətin nəzərdə tutulması sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, o cümlədən beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması, valyuta nəzarətinin effektivliyinin artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədi daşıyır. Məhkəmə hesab edir ki, hüquqi şəxs tərəfindən ödənilmiş pulun müqabilində malların 10125.52 ABŞ dolları məbləğində vəsaitin müqabilində ölkəyə idxal edilməsinin təmin edilməməsi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin təqsiri nəticəsində deyil, Ukrayina və Rusiya arasındakı müharibə şəraiti ilə əlaqədar olduğundan ŞəxsMMC-nin inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi üçün heç bir əsas mövcud deyildir. Əks halda hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsi ilə qanunun tətbiqində yanlışlığa yol verilmiş və ya yanlış təfsiri nəticəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin hüquqları və qanunla qorunan mənafeləri pozulmuş olar. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında xx.xx.2016-cı il tarixli qərarının 4.3.1.3-cü bəndinəəsasən qabaqcadan ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir.Bu zaman ödənişin aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır.Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 2 iş gün ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məcəllənin 10-cu maddəsinə əsasən dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli Qərarında formalaşdırdığı mövqeyə görə bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, MMC tərəfindən 10125.52 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait müqabilində malların ölkəyə idxalının təmin edilməməsi onun təqsiri nəticəsində baş verməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 40, 43, 48-53, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ŞəxsMMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar