Məhkəmə qərarları › İş №3(001)-4308/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4308/2025

24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4308/2025 24.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, X1 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X8 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 X10 müraciəti əsasında yoxlama aparılmış, müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən işçi ilə xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilsə də, işçinin son haq hesab ödənilmədiyindən hüquqi şəxsin direktoru kimi barəsində AR İXM-nin 192.4-cü maddəsinə əsasən 700 manat cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Barəsində aparılmış yoxlama zamanı ona vəzifəli şəxs kimi heç bir bildiriş gəlmədən, aparılmış yoxlamaya dəvət edilmədən, izahatı alınmadan, hüquq və vəzifələri izah edilmədən barəsində əsassız olaraq inzibati tənbeh verilmişdir. Qeyd etdiyi kimi barəsində vəzifəli şəxs kimi inzibati xəta haqqında protokol və həmin protokol əsasında qərar qəbul edilərkən həmin inzibati xətanın törədilibtörədilməməsi, əməlində inzibati xəta tərkibinin olub-olmaması, inzibati xəta törətməkdə onun təqsirinin olub-olmaması müəyyən edilməmiş və nəticədə X11 tərəfindən birtərəfli qaydada aparılmış əsassız araşdırma əsasında inzibati tənbeh haqqında qərar qəbul edilmişdir. Baş vermiş hadisə tam, obyektiv, hərətəfli araşdırılmadan, vəzifəli şəxs kimi idarəyə çağrılmadan, izahatı alınmadan qərar qəbul edilmişdir. Hətta şikayətçinin öz arzusu ilə 21 aprel 2025-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi barədə 17 aprel 2025-ci il tarixli ərizəsi, son haq-hesab ödənilməsi barədə ilk öncə işəgötürənə müraciət etmədən, birbaşa nədən X10 müraciət etməsi araşdırılmamış, şikayətçinin artıq şikayət ərizəsinin geri götürməsini və son haq-hesab sənədlərinin işçiyə işəgötürən tərəfindən ödənilməsini nəzərə alınmamışdır. X2 şikayətçi olmaması, şikayət ərizəsinin geri götürməsi, son haqq hesabın lənilməməsində müəyyən gecikmələrin olması işçi tərəfindən anlayışlı qarşılanmışdır. Lakin X11 qərəzli olaraq hüquqi şəxsin direktoru kimi onui cərimə etməklə əmlak vəziyyətini daha da ağırlaşdırır. Qeyd etdiyi kimi o, X10 dəvət edilmədən, izahatı alınmadan, təqdim edilmiş sənədlər arasında artıq işçinin şikayətçi olmamasını, bütün haqq-hesab ödənişlərin şirkət tərəfindən köönüllü qaydada ödənilməsi və ödəmənin üzürlü səbəblərə görə gecikmələrin olmasını nəzərə alınmamışdır. Bu da X4 hüquqlarını bilərəkdən pozaraq, birtərəfli araşdırma aparılmasını və ona qarşı məqsədli hərəkət etməsini bir daha sübut etmiş olur. Göründüyü kimi onun konstitusion hüquqları pozulmuşdur. Əməlində inzibati xəta tərkibinin olmaması, inzibati xəta törətməkdə təqsirinin müəyyən edilməməsi, hətta dinlənilmədən və protokola qeydləri yazılmadan X7 rəis müavini Sadiq Əliyevin barəsində tərtib etdiyi inzibati xəta haqqında qərar qanunvericliyin tələblərinə uyğun deyildir. Məhkəmə iclasında şikayət vermiş şəxs X8 şikayət ərizəsini müdafiə edərək eyni məzmunda izahat verib Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin 23 iyun 2025-ci il tarixli iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin böyük məsləhətçisi X13 bildirmişdir ki, vətəndaş X5 ilə "xxxx" MMC-nin işəgötürəni ilə xx.xx.2024-cü il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddənin a bəndinə əsasən xitam verildiyi məlum olmuş, lakin işdən azad olunarkən ona çatacaq sonuncu ödənişlər Əmək Məcəlləsinin 83.4-cü maddəsinin tələbi pozularaq xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə ödənilmiş, bununla da "xxxx" MMC-nin direktoru X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərar ilə inzibati tənbeh tətbiq edilmişdir. Ona görə də, məhkəmədən şikayətin əsassız hesab edilərək təmin edilməməsini xahiş etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X8 AR İXM-nin 192.4-cü maddəsi ilə 700 (yeddi yüz) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə, təqdim edilmiş sənədləri və tərəflərin izahatlarını dinləyib hesab edir ki, X6 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsaslı olaraq qəbul edilmişdir. İXM-in 192.4-cü işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 192.4-cü maddəsinin tərkib əlamətlərinin yaranması üçün işəgötürən tərəfindən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməlidir. Göründüyü kimi, vətəndaş X5 ilə "xxxx" MMC-nin işəgötürəni ilə xx.xx.2024cü il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən xitam verildiyi məlum olmuş, lakin işdən azad olunarkən ona çatacaq sonuncu ödənişlər Əmək Məcəlləsinin 83.4cü maddəsinin tələbi pozularaq xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə, yəni əmək müqaviləsinə xitam verildikdən 22 gün sonra ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.4-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X6 şikayətdə göstərdiyi xüsusatlar barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, sözügedən qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X8 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən Əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir; Həmin Məcəllənin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X8 tərəfindən verilmiş şikayət təmin edilməməli, həmin protokol əsasında qəbul edilmiş inzibati cərimənin tətbiq edilməsi barədə qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar