Məhkəmə qərarları › İş №3(001)-4318/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4318/2021

10.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4318/2021 10.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X3, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, Zəngilan rayonu, İç., Müşlan kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan,xxxxxxx FİN-ə malik olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB tərəfindən İXM-in 206-cı maddəsi ilə toplanmış inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, 09.12.2021-ci il tarixdə, saat 11:40 radələrində X2 DİN-nin 102 xidmətinə və Binəqədi RPİ-nin 5-ci PB-nə müraciət edərək narkotik vasitə aludəçisi olan oğlu Şəxs ilə aralarında mübahisə baş verdiyini bildirmişdir. X1 ərizəsi əsasında Şəxs saxlanılmış, həmçinin bölmədə Şəxs izahatı alınmış, izahat verərkən narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Bundan sonra Vəliyev X6 RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən tibbi müayinə üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkolojı Mərkəzinə aparılmış və tibbi müayinə nəticəsində sonuncuda Opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar edilmişdir. Ona görə də, X4 barəsində İXM-in 206 maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, 2-3 ilə yaxındır ki narkotik vasitə qəbul edir. Bu səbəbdən də anası ilə arasında tez-tez mübahisə baş verir. O, 09.12.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılıb, 5-ci PB-nə dəvət edilmişdir. Müayinə zamanı onda Opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmuş. O, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirir. Bölmədə izahatı alınaraq barəsində İXM-in 206-cı maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmədən səmimi peşmançılığının nəzərə alınaraq barəsində olan yüngül inzibati təbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs gənc olmasını və səmimi peşman olmasının nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəxs barəsində tərtib edilmiş 10.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. 10.12.2021-ci il tarixli, 4386 saylı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsin Narkotik Sərxoşluq vəziyyətinin Narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinə keçirilməsi haqqında aktdan görünür ki, Şəxs müayinəsi zamanı onun sidiyindən narkotik vasitə olan OPİ, AMP, MET aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkolojı Mərkəzi publik hüquqi şəxsin 10.12.2021 -ci il tarixli, 5011 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Şəxs Opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 09 dekabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 09 dekabr 2021-ci il tarixdə, saat 19:45-də inzibati qaydada tutulmuşdur. Göründüyü kimi, Şəxs müayinə zamanı sidiyindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr olan OPİ, AMP, MET -nin istehlak miqdarı müəyyən olunmadığından, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və onun müdafiəçisinin izahatını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs əməli düzgün olaraq İXM-in 206-cı maddəsi ilə tövsüf edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri özünün etirafedici izahatı və iş materialları ilə tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 31.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, Şəxs yalnız inzibati həbs təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi üçün isə əsaslar müəyyən edilməmişdir. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Şəxs barəsində tərtib edilmiş, 09.12.2021-ci il tarixli, AZA seriyalı, 015854 saylı protokoldan görünür ki, inzibati qaydada 09.12.2021-ci il tarixdə tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbsin əvvəli 09.12.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, işin həcmini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil müdafiəçi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 5 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 5 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 01 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 09 dekabr 2021-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Şəxs göstərdiyi 5 (beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar