Məhkəmə qərarları › İş №3(001)-4349/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4349/2021

14.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4349/2021 14.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİNnin Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyünün YPX inspektoru, polis kiçik serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 332.1 və 334.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyü tərəfindən Şəxs barəsində İXM-in 332.1 və 334.1-ci maddələri ilə tərtib edilmiş 13.12.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyü YPX inspektoru, polis kiçik serjantı X2 izahat verərək bildirmişdir ki, 13 dekabr 2021-ci il tarixdə xidmətdə olarkən Bakı avtovağzalının qarşısında “Cadillac” markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış və müəyyən edilmişdir ki, həmin avtomobilin sürücüsü avtomobili sürücülük hüququ və etibarnamə olmadan idarə etmişdir. Adını sonradan bildiyi sürücü Şəxs özünü şübhəli aparması nəticəsində onda sərxoşluğun olması güman edilmiş və bununla əlaqədar keçirilmiş müayinə zamanı onun narkotik vasitədən istifadə edərək avtomobili idarə etməsi faktı aşkar edilmişdir. Bu səbəblə Şəxs barəsində tərəfindən İXM-in 332.1 və 334.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 12 dekabr 2021-ci il tarixdə Xaçmaz rayonunda narkotik vasitədən istifadə etmişdir. Səhəri gün, yəni 13 dekabr 2021-ci il tarixdə Bakı şəhərinə gəlmiş və avtovağzal tərəfdə polis tərəfindən saxlanılmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin vaxt “Cadillac” markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobili heç bir sənədi olmadan idarə etsə də, onda heç bir sərxoşluq olmamış və ayıq olmuşdur. Bu səbəblə hesab edir ki, barəsində tərtib edilmiş əsassızdır. Ona görə də, məhkəmədən barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 13.12.2021-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs sərxoşluq vəziyyətinin tibbi müayinəsi zamanı onda sərxoşluq əlamətləri olmadan narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin bioloji mayelərdən müəyyən edilməsi faktı üzrə THC adlı narkotik maddədən istifadə etməsi halı müəyyən edilmişdir. 13.12.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 13.12.2021-ci il tarixdə “Cadillac” markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan, eləcə də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan narkotik vasitə təsiri altında idarə edərək İXM-in 332.1 və 334.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində İXM-in 334.1-ci maddəsinin tərkibi olmadığından barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməli və İXM-in 332.1-ci maddəsi ilə olan xəta üzrə araşdırmanın aparılması Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyünə həvalə olunmalıdır. Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, Şəxs törətməsi ehtimal edilən İXM-in 332.1-ci maddəsi ilə olan xətaya münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddə üzrə məhkəmə araşdırmasının aparılması qanunvericiliyin tələblərinə ziddir. Həmin maddə ilə nəzərdə tutulmuş xətaya inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş səlahiyyətli orqan tərəfindən müvafiq araşdırmanın nəticəsi olaraq hüquqi qiymət verilməlidir. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq, İXM-in 332.1-ci maddəsi ilə olan xəta üzrə araşdırmanın aparılmasının Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyünə həvalə olunması qənaətinə gəlmişdir. Digər tərəfdən isə qeyd edilməlidir ki, Şəxs barəsində onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə dair araşdırma aparılmış olsa da, həmin hal məhkəmədə öz təsdiqini tapmamışdır. Çünki həmin hal Şəxs İXM-in 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törəməkdə təqsirləndirilməsinə dair toplanmış sübutlarla təkzib edilmişdir. Qeyd edilməlidir ki, Şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsinə dair müvafiq akt alınsa da, həmin sənəddə onun sərxoşluq vəziyyətinin tibbi müayinəsi zamanı onda sərxoşluq əlamətləri olmadan narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin bioloji mayelərdən müəyyən edilməsi faktı üzrə THC adlı narkotik maddədən istifadə etməsi halı müəyyən edilmişdir. Bu isə onu göstərir ki, Şəxs 13 dekabr 2021-ci il tarixdə nəqliyyat vasitəsini idarə edərkən onda sərxoşluq halı olmamışdır. Eyni zamanda qanunvericiliyin tələblərinə əsasən həmin İXM-in 334.1-ci maddəsi ilə şəxs o halda inzibati məsuliyyətə cəlb olunur ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş olsun. Göründüyü kimi, hazırda Şəxs İXM-in 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyü tərəfindən tərtib olunmuş 13.12.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 334.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməli, İXM-in 332.1-ci maddəsi ilə olan xətaya isə münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddə üzrə araşdırmanın aparılması Azərbaycan Respublikası DİNnin Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyünə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyü tərəfindən tərtib olunmuş 13.12.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilsin. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyü tərəfindən tərtib olunmuş 13.12.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair hissəsi üzrə araşdırmanın aparılması Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyünə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar