Məhkəmə qərarları › İş №3(001)-4355/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4355/2025

13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4355/2025 13.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X7, icra sənədi üzrə tələbkar X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyat olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Kolanlı küçəsində nömrəsiz fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 13 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 1(006)-82/2021 saylı icra sənədləri üzrə tələb borclu tərəfindən icra edilməmişdir. Məhkəmə iclasında icra məmuru X11 izahat verərək bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məkhəməsinin 24 sentyabr 2021-ci il tarixli, 1(006)-82/2021 saylı icra sənədinə əsasən, mənəvi zərərə görə 12500 manat Şəxs tutularaq X4, həmin tarix və nömrəli digər icra sənədinə əsasən isə mənəvi zərərə görə 12500 manat Şəxs tutularaq X5 ödənilməsi qərara alınmışdır. İcra sənədlərindən biri 28 yanvar 2025-ci il tarixdə, digəri isə 06 may 2025-ci il tarixdə İcra Şöbəsinə daxil olmuş, daxil olduqları tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş və tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya göndərilmişdir. 21 may 2025-ci il tarixdə hər iki icra sənədi bir icraatda birləşdirilmişdir. İcra sənədi tam şəkildə icra edilmədiyindən borclu barəsində hazırki protokol tərtib edilmişdir. İndiyədək borclu tərəifndən tələbkar Niyazi Bayramova cəmi 900 manat ödəniş edilmiş, digər tələbkara ümumiyyətlə ödəniş edilməmişdir. Sonda M.X.Beybutov məhkəmədən Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X8 izahatında borcluya tələbin təmin icrası üçün məhkəmə tərəfindən 10 gün vaxt verilməsinə etiraz etmədiyini bildirib, məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərdi ki, o, məhkəmə hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi dövrdə də, azalığa buraxıldıqdan sonra 1 ay da Niyazi Bayramova maddi imkanı çatan qədər ödəniş etmişdir. Lakin, sonradan qardaşı vəfat etdiyindən, başı qarışmış, ödənişləri edə bilməmişdir. Hazırda işləyir və hər ay 500 manat ödəniş etmək iqtidarındadır. Sonda Şəxs məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etdi. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 1(006)- 82/2021 saylı icra sənədinə əsasən, X3 mülki iddiası qismən təmin olunmuş, vurulmuş mənəvi zərərə görə 12500 manat pulun X9 və 12500 manat məbləğində pulun Şəxs tutularaq X4 ödənilməsi qərara alınmışdır. - xx.xx.2025-ci il tarixdə Masallı rayon İcra və Probasiya şöbəsində həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, həmin tarixdə tələbin könüllü icrasına dair bildirişlə birlikdə borclu Şəxs göndərilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 1(006)- 82/2021 saylı icra sənədinə əsasən, X2 mülki iddiası qismən təmin olunmuş, vurulmuş mənəvi zərərə görə 12500 manat pulun X9, 12500 manat məbləğində pulun Şəxs, 12500 manat məbləğində pulun X6, 12500 manat məbləğində pulun X1 tutularaq X5 ödənilməsi qərara alınmışdır. - xx.xx.2025-ci il tarixdə Binəqədi rayon İcra şöbəsində həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, həmin tarixdə tələbin könüllü icrasına dair bildirişlə birlikdə borclu Şəxs göndərilmişdir. - Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru M.X.Beybutov tərəfindən qəbul edilmiş 21 may 2025-ci il tarixli “icra işlərinin ümumi icraatda birləşdirilməsi haqqında” qərarla hər iki icra sənədi bir icraatda birləşdirilmişdir. - 24 dekabr 2024-cü il tarixli “Forma B” arayışından görünür ki, Şəxs 24 dekabr 2019-cu il tarixdən 24 dekabr 2024-cü il tarixədək məhkum olunduğu azadlıqdan məhrumetmə növündə cəzasının icrası ilə bağlı cəzaçəkmə müəssisəsində olmuşdur. - ödəniş qəbzlərindən görünür ki, Şəxs tərəfindən X5 xx.xx.2024-cü il tarixdə 150 manat, 10 sentyabr 2024-cü il tarixdə 150 manat, 03 oktyabr 2024-cü il tarixdə 150 manat, 05 noyabr 2024-cü il tarixdə 150 manat, 12 dekabr 2024-cü il tarixdə 150 manat olmaqla, ümumilikdə 750 manat pul ödənilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, icra sənədi üzrə Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 63.1.3-cü maddəsinə əsasən tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir. Həmin Qanunun 82.1-ci maddəsinə uyğun olaraq borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirliliyi sübut etmək yükü barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin deyil, inzibati xəta haqqında protokol tərtib etmə səlahiyyəti orqanın (səlahiyyətli şəxsin) üzərinə düşür və şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmaması ilə yanaşı, sübut edə bilməməsi əsası ilə də onun inzibati məsuliyyətə cəlb edilməsi yol verilməzdir. Çünki qanunvericiliyin tələblərinə əsasən şübhə və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş 13 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş 13 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar