Məhkəmə qərarları › İş №3(001)-4359/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4359/2021

15.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4359/2021 15.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X1 iclas katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı PB-nin polis sahə inspektoru, polis baş leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Qobu qəsəbəsi, y/t kirayə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 40-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 30.08.2021-ci il tarixdə Hökməli qəsəbəsindən Zərərçəkmiş şəxs məxsus avtomobilin katalizatorunu avtotəmir sexindən oğurlamış, 12.12.2021-ci il tarixdə saat 07 radələrində Biləcəri qəsəbəsi, DSK yolunda yerləşən avtotəmir sexində narkotik vasitə qəbul etmişdir. Bununla da o, İXM-in 206, 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 40-cı Polis Bölməsi tərəfindən 14.12.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə təqdim edərək, vəkilə ehtiyacının olmamasını və bu səbəbdən vəkil müdafiəsindən imtina etdiyini bildirmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, o, maddi ehtiyacı ucbatından protokolda göstərilən əməli törədərək, xırda oğurluq edib vətəndaşa maddi ziyan vurmuşdur, həmçinin bir neçə gün əvvəl Binəqədi rayonu ərazisində narkotik vasitə istifadə etmişdir. Vurduğu ziyanı hələ də ödəməmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs maşının katalizatorunu 300 manata öz ustasının düzəldə biləcəyini lakin Şəxs barəsində ağır inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 40-cı Polis Şöbəsinin sahə inspektoru X5 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs protokolda göstərilən əməli törətmişdir. Onun barəsində həmin əməllərə görə cinayət işinin başlanılması rədd edilmişdir, həmin qərar əsasında hazırkı inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmçinin tibbi müayinə zamanı onun narkotik vasitə istifadə etdiyi müəyyən edilmişdir, İş materiallarında olan Binəqədi RPİ-nin 40-cı PB-nin baş təhqiqatçısı, polis mayoru İlkin Əsgərovun 28.10.2021-ci il tarixli qərarına əsasən Şəxs barəsində protokolda göstərilən əmələ görə toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 13.12.2021-ci il tarixli, 11265 saylı aktla, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı 13.12.2021-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 17:00 radələrində tutulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 227-ci maddələri ilə təqsirli bilinərək, 01 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli saxlanıldığı vaxtdan, yəni 13.12.2021-ci il tarixdən, saat 17:00 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 40-cı Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar