Məhkəmə qərarları › İş №3(001)-4366/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4366/2021

15.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4366/2021 15.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 43-cü PB-nin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Füzuli rayonu, Zərgar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1-də yerləşən fərdi yaşayış evində yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB tərəfindən Şəxs barəsində xırda talamaya görə İXM-in 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 43-cü PB-nin sahə inspektoru, polis mayoru X5 izahat verərək bildirmişdir ki, 11.11.2021-ci il tarixdə X15 əmlakının oğurlanması ilə bağlı DİN-nin 102 xidmətinə müraciət etmişdir. Həmin müraciət əsasında Binəqədi RPİ-nin 43-cü PB-də toplanmış material üzrə X10 dəymiş ziyan 100 manat olduğundan 19.11.2021-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və toplanmış material üzrə İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti ona verilmişdir. Bundan başqa, 26.11.2021ci il tarixdə X16 əmlakının oğurlanması ilə bağlı DİN-nin 102 xidmətinə müraciət etmişdir. Həmin müraciət əsasında Binəqədi RPİ-nin 43-cü PB-də toplanmış material üzrə X11 dəymiş ziyan 450 manat olduğundan 06.12.2021-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və toplanmış material üzrə İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti ona verilmişdir. Bundan başqa, 03.12.2021-ci il tarixdə X6 əmlakının oğurlanması ilə bağlı DİN-nin 102 xidmətinə müraciət etmişdir. Həmin müraciət əsasında Binəqədi RPİ-nin 43-cü PB-də toplanmış material üzrə X4 dəymiş ziyan 40 manat olduğundan 13.12.2021-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və toplanmış material üzrə İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti ona verilmişdir. Bundan başqa, 03.12.2021-ci il tarixdə X17 əmlakının oğurlanması ilə bağlı DİN-nin 102 xidmətinə müraciət etmişdir. Həmin müraciət əsasında Binəqədi RPİ-nin 43cü PB-də toplanmış material üzrə X12 dəymiş ziyan 50 manat olduğundan 13.12.2021-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və toplanmış material üzrə İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti ona verilmişdir. 13.12.2021-ci il tarixdə xidmətdə olan polis əməkdaşları Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədəndə olarkən bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxsə özünü təqdim etməsini bildirdikdə sonuncu özünü itirərək polis əməkdaşlarının sualından yayınmışdır. Bundan sonra polis əməkdaşları həmin şəxsi Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Bölmədə sonuncunun xx.xx.1995-ci il təvəllüdlü Şəxs olduğu müəyyən edilərək izahatı alınmış, izahatı alınan zaman etdiyi oğurluqları etiraf etmişdir. Bu səbəblə Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və tərəfindən sonuncu barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Ona görə də, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, maddi ehtiyacı olduğu üçün 11.11.2021-ci tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədəndə yerləşən tanımadığı şəxsin evindən su mühərrikini oğurlamışdır. Bundan başqa, o, 26.11.2021-ci tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədəndə yerləşən tanımadığı şəxsin evindən elektrik naqillərini oğurlamışdır. Bundan başqa, o, 03.12.2021-ci tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədəndə yerləşən tanımadığı şəxsin evindən su çənini oğurlamışdır. Bundan başqa, o, 03.12.2021-ci tarixdə Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən tanımadığı şəxsin evindən kabel xəttini oğurlamışdır. Oğurladığı həmin əşyaları müxtəlif vaxtlarda sataraq pul əldə etmiş və pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, maddi imkanı pis olduğu üçün zərərçəkmiş şəxslərə dəymiş ziyan onun tərəfindən ödənilməmiş və zərərçəkmiş şəxslərlə barışıq əldə etməmiş, eləcə də hazırda da heç bir məbləğdə pul ödəmək imkanı yoxdur. Törətdiyi inzibati xətalardan peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 19.11.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X7 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İXM-in 227-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün Binəqədi RPİ-nin 43-cü PB-nə göndərilmişdir. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, 100-cü korpusda yerləşən fərdi yaşayış evindən X10 məxsus su mühərrikinin oğurlanması nəticəsində sonuncuya 100 manat məbləğində maddi ziyan dəymişdir. 06.12.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X8 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İXM-in 227-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün Binəqədi RPİ-nin 43-cü PB-nə göndərilmişdir. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, 8-ci korpusda yerləşən fərdi yaşayış evdən X11 məxsus elektrik naqillərinin oğurlanması nəticəsində sonuncuya 450 manat məbləğində maddi ziyan dəymişdir. 13.12.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X3 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İXM-in 227-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün Binəqədi RPİ-nin 43-cü PB-nə göndərilmişdir. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, 74-cü korpus, ev 39-dan X4 məxsus su çəninin oğurlanması nəticəsində sonuncuya 40 manat məbləğində maddi ziyan dəymişdir. 13.12.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X9 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İXM-in 227-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün Binəqədi RPİ-nin 43-cü PB-nə göndərilmişdir. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən fərdi yaşayış evdən X2 xəttinin oğurlanması nəticəsində sonuncuya 50 manat məbləğində maddi ziyan dəymişdir. 13.12.2021-ci il tarixli, AZA 015839 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 13.12.2021-ci il tarixdə, saat 18:00-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmiş və 14.12.2021-ci il tarixdə, saat 14:30-da azad edilmişdir. 14.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs vətəndaş X10 məxsus su mühərrikini oğurlayaraq ona 100 manat məbləğində maddi ziyan vuraraq İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 14.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs vətəndaş X11 məxsus elektrik naqillərini oğurlayaraq ona 450 manat məbləğində maddi ziyan vuraraq İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 14.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs vətəndaş X4 məxsus su çənini oğurlayaraq ona 40 manat məbləğində maddi ziyan vuraraq İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 14.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs vətəndaş X12 məxsus elektrik naqillərini oğurlayaraq ona 50 manat məbləğində maddi ziyan vuraraq İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə olan inzibati xəta haqqında protokollar əsaslıdır. Belə ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi istər özünün etiraf edici izahatı, istərsə də iş materialları ilə tam sübuta yetirilmiş və sonuncu tərəfindən törədilmiş inzibati xətalar məhkəmədə öz təsdiqini tapmışdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 227-ci maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona inzibati həbs növündə tənbeh təyin edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1 (bir) ay müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 15 dekabr 2021-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar