Məhkəmə qərarları › İş №3(001)-4380/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4380/2021

16.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4380/2021 16.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağsu rayonu, Kalva kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, döngə 1-də yerləşən fərdi yaşayış evində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PŞ tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş 16.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru, polis kapitanı X2 izahat verərək bildirmişdir ki, 13.12.2021-ci il tarixdə bölməyə daxil olmuş məlumat əsasında polis əməkdaşları həmin əraziyə yaxınlaşmış, orada iki nəfər şəxsin YPX inspektorlarının qanuni tələblərinə tabe olmayaraq YPX əməkdaşları mübahisə etdiyini aşkar etmişlər. Polis əməkdaşları həmin şəxsləri nizam intizamlı olmağa dəvət etsələr də, sonuncular polis əməkdaşlarına qarşı kobudcasına davranaraq qanuni tələblərə tabe olmamışlar. Bundan sonra həmin şəxslər Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilərək şəxsiyyətləri müəyyən edilmişdir. Bölmədə şəxsiyyəti müəyyən edilmiş Şəxs izahatı alındıqdan sonra İXM-in 535.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanların nəzərə alınaraq, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 13.12.2021-ci qohumu Məhəmmədəli Ağayev onlara gəlmiş, onlar evdə yeyib-içdikdən sonra Məhəmmədəli Ağayev öz avtomobilinə əyləşərək getmişdir. Məhəmmədəli Ağayev getdikdən bir qədər sonra övladı ona Məhəmmədəli Ağayevin YPX əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. O da, dərhal çölə çıxaraq onlara yaxınlaşmış və Məhəmmədəli Ağayevlə YPX əməkdaşları arasında mübahisə olduğunu görmüşdür. O, YPX əməkdaşlarının qohumu Məhəmmədəli Ağayevin avtomobilini duracağa aparmaq istədiklərini gördükdə sərxoş olduğu üçün aralarında mübahisə yaranmış və polis təhqir etməyə başlamışdır. Polis əməkdaşları onu və Məhəmmədəli Ağayevi sakitləşdirib nizam, intizama dəvət etsə də, o polis əməkdaşlarına tabe olmamışdır. Bundan sonra əraziyə gəlmiş patrul xidməti əməkdaşları onu saxlayaraq 6-cı PB-nə aparmışlar. Orada izahatı alındıqdan sonra barəsində protokol tərtib edilmişdir. Törətdiyi əməldən peşman olduğunu qeyd edib məhkəmədən ona yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş emişdir. Məhkəmə iclasında şahid Binəqədi RPİ-nin DYPŞ yol patrul xidməti inspektoru, polis baş serjantı X3 bildirmişdir ki, 13.12.2021-ci il tarixdə, saat 00:10-da ekipaj yoldaşı ilə xidmətdə olan zaman “VAZ 2106” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə işıq cihazından istifadə etmədiyi üçün saxla əmri verdikdə avtomobil sürəti artıraraq ara məhlələrdən birinə dönmüş, lakin yolda dalan olduğu üçün sürücü məcbur olaraq avtomobili saxlamışdır. Sonra onlar avtomobilə yaxınlaşmaq istədikdə avtomobildə olan şəxs düşərək onlara qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsi nizam-intizamlı olmağa dəvət etsələr də, həmin şəxs onların qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra kənardan özünü sürücünün yeznəsi kimi təqdim edən Elşən adlı şəxs onlara qarşı nalayiq ifadələr işlədərək onlarla mübahisə etməyə başlamışdır. Onla Elşən adlı şəxsi sakitləşdirməyə çalışsalar da, sonuncu onların qanuni tələblərinə tabel olmamışdır. Daha sonra onlar məcbur olub PPXB-nin avtopatrulu hadisə yerinə çağırılmış və polis əməkdaşları gələrək hər iki şəxsi Binəqədi RPİ-nin 6-cı PB-nə aparmışlar. Məhkəmə iclasında şahid Binəqədi RPİ-nin DYPŞ yol patrul xidməti inspektoru, polis baş serjantı X4 bildirmişdir ki, 13.12.2021-ci il tarixdə, saat 00:10-da ekipaj yoldaşı ilə xidmətdə olan zaman “VAZ 2106” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə işıq cihazından istifadə etmədiyi üçün saxla əmri verdikdə avtomobil sürəti artıraraq ara məhlələrdən birinə dönmüş, lakin yolda dalan olduğu üçün sürücü məcbur olaraq avtomobili saxlamışdır. Sonra onlar avtomobilə yaxınlaşmaq istədikdə avtomobildə olan şəxs düşərək onlara qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsi nizam-intizamlı olmağa dəvət etsələr də, həmin şəxs onların qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra kənardan özünü sürücünün yeznəsi kimi təqdim edən Elşən adlı şəxs onlara qarşı nalayiq ifadələr işlədərək onlarla mübahisə etməyə başlamışdır. Onla Elşən adlı şəxsi sakitləşdirməyə çalışsalar da, sonuncu onların qanuni tələblərinə tabel olmamışdır. Daha sonra onlar məcbur olub PPXB-nin avtopatrulu hadisə yerinə çağırılmış və polis əməkdaşları gələrək hər iki şəxsi Binəqədi RPİ-nin 6-cı PB-nə aparmışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 13.12.2021-ci il tarixli raportlardan görünür ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı üçün barəsində ayrı-ayrı raportlar tərtib olunmuşdur. 16.12.2021-ci il tarixli, AZA 009541 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 16.12.2021-ci il tarixdə, saat 10:30-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmiş və həmin tarixdə, saat 11:30-da azad edilmişdir. 16.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 13.12.2021-ci il tarixdə polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmayaraq İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Binəqədi RPİ-nin 6-cı PB tərəfindən İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, istər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi etiraf edici izahatı ilə onun İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını və inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinərək, təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən inzibati cərimə növündə tənbehin dörddə üçündən çox olmayan məbləğdə inzibati cərimə növündə tənbeh təyin edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar