Məhkəmə qərarları › İş №3(001)-4389/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4389/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4389/2025 17.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X6 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 40-cı PBnin sahə inspektoru, polis baş leytenantı X2, Müdafiəçi - Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Yardımlı rayonu, Hamarkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Yardımlı rayonu, Hamarkənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 06 radələrində Binəqədi rayonu Sulutəpə qəsəbəsi 40-cı PB-də xırda xuliqanlıq etmiş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 40-cı PBnin sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-nin sahə inspektoru, polis baş leytenantı X4 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə inzibati ərazidə Sulutəpə qəsəbəsində 40-cı PB-yə 102 zəng mərkəzindən gələn məlumat əsasında Şəxs şikayətçi qismində gəlmiş və gəldiyi zaman sərxoş vəziyyətdə olmuşdur. Həmin şəxs PB-də ucadan söyüş söyərək və nalayiq ifadələr işlədərək PB-nin iş rejimini pozmuşdur. Vətəndaş Şəkərov dəfələrlə nizam-intizama dəvət olunmasına baxmayaraq törətdiyi əməli davam etdirmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, başqa işlə əlaqədar 40-cı Polis Bölməsinə şikayətlə müraciət etsə də, onun şikayəti obyektiv şəkildə araşdırılmır, səthi yanaşılır. Buna görə də bölməyə yaxınlaşıb irad bildirəndə onu saxladılar. Buna baxmayaraq, o, heç bir polis əməkdaşını təhqir etməmişdir. Onların qanuni tələblərinə tabe olmuşdur, onun təqsiri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-nin polis mayoru X3 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə inzibati ərazidə Sulutəpə qəsəbəsində 40-cı PB-yə 102 zəng mərkəzindən gələn məlumat əsasında Şəxs şikayətçi qismində gəlmiş və gəldiyi zaman sərxoş vəziyyətdə olmuşdur. Həmin şəxs PBdə ucadan söyüş söyərək və nalayiq ifadələr işlədərək PB-nin iş rejimini pozmuşdur. Vətəndaş Şəkərov dəfələrlə nizam-intizama dəvət olunmasına baxmayaraq törətdiyi əməli davam etdirmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında X5 şahid qismində dindirilmiş X1 izahatına uyğun izahat vermişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-nin növbətçi əvəzi, polis mayoru X3 tərəfindən tərtib olunaraq imzalanmış xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə inzibati ərazidə Sulutəpə qəsəbəsində 40-cı Pb-yə 102 zəng mərkəzindən gələn məlumat əsasında Şəxs şikayətçi qismində gəlmiş və gəldiyi zaman sərxoş vəziyyətdə olmuşdur. Həmin şəxs PB-də ucadan söyüş söyərək və nalayiq ifadələr işlədərək PB-nin iş rejimini pozmuşdur. Vətəndaş Şəkərov dəfələrlə nizam-intizama dəvət olunmasına baxmayaraq törətdiyi əməli davam etdirmiş və polisin qanuni tələbinə tabe olmamışdır. xx.xx.2025-ci il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluğunun dərəcəsi orta qiymətləndirilmişdir. xx.xx.2025-ci il tarixdə Binəqədi RPİ-nin 40-cı PB-nin sahə inspektoru, polis leytenantı X4 tərəfindən tərtib edilmiş aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə Binəqədi RPİ-nin 40-cı PB-nin məsul növbətçi əvəzi E. Zeynalov tərəfindən Şəxs barəsində AR İXM-nin 535-ci maddəsinin tərkib əlamətləri ilə bağlı raport tərtib olunmuşdur. Həmin raportla əlaqədar vətəndaş Şəxs məhkəmə qaydasında tədbir görülməsi üçün barəsində AR İXM-nin 535-ci maddəsinə əsasən material toplanmış, lakin toplanmış materiallar olan inzibati xəta haqqında protokollara və hüquqları haqqında bildirişə imza etməkdən imtina etmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli AZA 022298 nömrəli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 17:45-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə tutulmuşdur. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-2887/2025 nömrəli qanuni qüvvəyə minmiş qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, 15 gün müddətinə inzibati həbs edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-3753/2025 nömrəli qanuni qüvvəyə minmiş qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 50 (əlli) manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs sərxoş vəziyyətdə polis bölməsinə yaxınlaşaraq, ictimai asayişi pozmuşdur. Polis əməkdaşları ona qanuni tələblər irəli sürsə də, o, bu tələblərə məhəl qoymamış, əksinə, onları açıqaşkar şəkildə təhqir və söyüşlərlə alçaltmışdır. Həmin hadisə ilə bağlı tərtib edilmiş inzibati protokolda bu hallar öz əksini tapmış, şahid ifadəsi ilə də dəstəklənmişdir. Eyni zamanda tibbi müayinə nəticəsində də şəxsin spirtli içkinin təsiri altında, yəni orta dərəcəli sərxoş vəziyyətdə olduğu rəsmən təsdiqlənmişdir. Şəxs özünü müdafiə edərək, polis əməkdaşlarını təhqir etmədiyini və polislərin tələblərinə əməl etdiyini bildirməsi isə mövcud obyektiv sübutlarla təkzib olunur və sübutların məcmusuna qiymət verilərkən inandırıcı hesab edilməmişdir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXMin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsirliliyi inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı, şahid ifadəsi, Raport və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddələrlə protokol tərtib edilmişdir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrilə inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.1-ci maddəsinə əsaslanmaqla səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsini, 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini, 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hallar kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən etmir. Beləliklə, Şəxs əvvəl də eyni xarakterli inzibati xətalar törətdiyinə görə inzibati tənbeh tədbirlərinə məruz qaldığı müəyyən edilmişdir. Lakin şəxs ona tətbiq olunmuş inzibati tənbeh tədbirlərindən nəticə çıxarmamış, ictimai davranışını dəyişməmiş və islah olunmamışdır. Məhkəmə hesab edir ki, şəxs barəsində əvvəlki cəzalardan daha yüngül inzibati tədbirlərin təkrar tətbiqi məqsədəuyğun deyil və islahedici təsir bağışlamayacaqdır. Ona görə də, onun törətdiyi inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və təkrar xarakterini nəzərə alaraq, ona yalnız inzibati həbs növündə tənbehi yuxarı həddə təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Həmçinin qeyd olunmalıdır ki, müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Vəkil iş üzrə Şəxs cəmi 3 saat müddətdə hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclasında iştirak etmiş, işin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 65.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına edilmiş 28 aprel 2025-ci il tarixli dəyişikliyə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən saat 17:45-dən hesablansın. Şəxs göstərdiyi cəmi 3 (üç) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 33 (otuz üç) manat ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar