Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4390/2021 20.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 40cı PB-nin sahə inspektoru, polis baş leytenantı X4, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Lerik rayonu, Soru kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Lerik rayonu, Soru kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş 20.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin sahə inspektoru, polis baş leytenantı X5 izahat verərək bildirmişdir ki, 28.11.2021-ci il tarixdə X2 təxminən 1 il əvvəl Şirindil adlı qonşusuna yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən ərazidəki evlər üçün su xətti çəkməsi məqsədi ilə 250 manat pul verməsini, lakin nə su məsələsinin həll olunması, nə də pulun geri qaytarılmaması barədə Binəqədi RPİ-nin 40-cı PB-nə müraciət etmişdir. Həmin müraciət əsasında Binəqədi RPİ-nin 40-cı PB-də toplanmış material üzrə 08.12.2021-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və toplanmış material üzrə İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti ona verilmişdir. Tərəflərindən aparılmış tədbirlər zamanı Şəxs saxlanılaraq bölməyə gətirilib izahatı alınan zaman sonuncu su xəttinin çəkilməsi məqsədi ilə Tənzələdən pul aldığını etiraf etmişdir. Ona görə də, tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini qeyd edərək sonuncunun inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 2020-ci ilin sentyabr ayının əvvəlində qonşuları ilə yığışıb danışmışlar ki, yaşadıqları əraziyə su çəksinlər. Bununla bağlı 250 manatdan pul yığılmış və Vüsal adlı qonşusuna verilmişdir. Bundan sonra qonşusu Tənzələ də Vüsala verilməsi üçün ona 250 manat vermiş və o həmin pulu Vüsala vermişdir. Daha sonra isə su çəkdirmə məsələsi baş tutmamışdır. Tənzələ ondan pulunu geri istəsə də, imkanı olmadığından pulu geri qaytara bilməmişdir. Hazırda əməlindən peşmandır və məhkəmədən ona yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahat verərək bildirmişdir ki, 2020-ci ilin sentyabr ayının əvvəllərində yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən ərazidəki evlər üçün su xətti çəkilməsi məqsədi ilə qonşularla aralarında pul yığmışlar. O, da 250 pul Şəxs verilmişdir. Uzun müddət keçməsinə baxmayaraq Şəxs pulunu tələb etmiş, lakin sonuncu müxtəlif bəhanələr gətirərək pulu geri qaytarmamış, eyni zamanda hazırkı vaxtadək nə su məsələsi həll olunmuş, nə də pulu geri qaytarılmışdır. Məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 08.12.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İXM-in 227-ci maddəsi ilə inzibati araşdırma aparılması Binəqədi RPİ-nin 40-cı PB-nin səlahiyyətli şəxsinə həvalə edilmişdir. 20.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 02.09.2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində X1 250 manat pulunu su xəttinin çəkilməsi adı ilə alaraq xırda talama yolu ilə ələ keçirmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs əməlində İXM-in 227-ci maddəsinin tərkibi olsa da, onun məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə toplanmış sübutlardan müəyyən edilmişdir ki, Şəxs X1 250 manat pulunu su xəttinin çəkilməsi adı ilə alaraq xırda talama növündə inzibati xətanı törətməsi 2020-ci ilin sentyabr ayının əvvəllərinə təsadüf edir. Həmin hadisə ilə bağlı X2 tərəfindən 28 noyabr 2021-ci il tarixdə müraciət olunmuş və qeyd olunan xüsusat üzrə Binəqədi RPİ-nin 40-cı PB tərəfindən müvafiq araşdırma aparılaraq, 08 dekabr 2021-ci il tarixdə cinayət işinin başlanılması rədd edilmiş, İXM-in 227-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün müvafiq tədbir görülməsi qərara alınmışdır. İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İXM-in 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İXM-in 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Yuxarıda göstərilən qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs 2020-ci ilin sentyabrında törətdiyi xırda talama ilə bağlı əməli üzrə 1 ildən artıq müddət keçmişdir. Həmin müddətin keçməsinə baxmayaraq isə səlahiyyətli orqan tərəfindən 08 dekabr 2021-ci il tarixli qərar əsasında 20 dekabr 2021-ci il tarixdə Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Halbuki, səlahiyyətli orqan tərəfindən mövcud vəziyyət tədqiq olunduqdan sonra Şəxs barəsində sözügedən inzibati xəta üzrə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli idi. Çünki səlahiyyətli orqan tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilən zaman da artıq inzibati xətanın törədildiyi gündən 1 ildən artıq müddət keçmiş və səlahiyyətli orqanın həmin halı nəzərə alaraq inzibati xəta haqqına iş üzrə icraata xitam vermək hüququ olmuşdur. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, lakin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 8, 38, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-4390/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4390/2021
20.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver