Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4392/2025 04.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, Şikayət vermiş şəxs Rauf Tomuevin iştirakı ilə Rauf Tomuevin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi (BDYPİ) tərəfindən qəbul edilmiş 27 may 2025-ci il tarixli, 16/1-90639 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Baş X1 İdarəsi tərəfindən qəbul edilmiş 27 fevral 2025-ci il tarixli, EQ 26313015 nömrəli “inzibati tənbeh vermə haqqında” qərara əsasən, Rauf Tomuev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Rauf Tomuev həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək, qərarın ləğv edilməsini xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 3(001)-1528/2025 saylı qərarına əsasən, şikayət qismən təmin edilmiş, həmin qərar ləğv edilərək iş yenidən baxılması üçün Baş X1 İdarəsinə göndərilmişdir. Baş X1 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş 27 may 2025-ci il tarixli, 16/1-90639 nömrəli qərara əsasən, Rauf Tomuev İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. Hazırda R.Tomuev sonuncu qərardan şikayət verərək, həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs R.Tomuev şikayətini müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, məhkəmənin 11 aprel 2025-ci il tarixli qərarı icra edilməsi üçün BDYPi-yə göndərildikdən sonra o, həmin idarəyə gedərək, işə onun iştirakı ilə baxılmasını tələb edib, baxılma vaxtı və yeri barədə məlumat almaq istəsə də, ona heç bir məlumat verilməmiş, sonradan isə iştirakı olmadan 27 may 2025-ci il tarixdə qərar qəbul edilmişdir. Buna görə də, həmin qərarla razı deyil və onun ləğv edilməsini xahiş edir. Şikayətə baxılması ilə bağlı Baş X1 İdarəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayraq, inzibati qurumun səlahiyyətli nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə nəzərdən keçirib, şikayət vermiş şəxsin izahatını dinləyib, belə nəticəyə gəlir ki, əsaslı olduğundan şikayət təmin edilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi, R.Tomuev 27 fevral 2025-ci il tarixli, EQ 26313015 nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan məhkəməyə etdiyi şikayətə baxan zaman məhkəmə belə qənaətə gəlmişdir ki, R.Tomuevin sözügedən inzibati xəta hadisəsini törətməsi yalnız iş materiallarında olan qərarla müəyyən edildiyindən, həmin qərarın əsaslı olaraq qəbul edilməsinə dair BDYPİ tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən və iş materialları ilə R.Tomuevin sözügedən inzibati xətanı törətməsi kifayət qədər sübuta yetirilmədiyindən qərar ləğv edilməli və inzibati xəta hadisəsi üzrə toplanmış materiallar inzibati xəta hadisəsinin yenidən araşdırılması üçün Baş X1 İdarəsinə göndərilməlidir. Lakin, barəsində şikayət verilmiş 27 may 2025-ci il tarixli qərar şikayət vermiş şəxsin iştirakı təmin olunmadan qəbul edilmiş, habelə əlavə sübutlar göstərilmədən, xətanın aşkarlanmasında və elektron qərarın çıxarılmasında hər hansı qanun pozuntusu halının müəyyən edilmədiyi göstərilməklə kifayətlənilmişdir. Məhkəmə 24 iyun 2025-ci il tarixli məktubla BDYPİ-yə müraciət edərək, qərarda istinad edilən video görüntünün məhkəməyə təqdim edilməsini tələb etsə də, məktuba cavab verilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəmənin əvvəlki qərarında göstərilən araşdırılmalı hallara inzibati qurum tərəfindən diqqət yetirilmədiyindən və formal əsaslandırma ilə yeni qərar qəbul edildiyindən, həmin qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin: - 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. - 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. - 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. - 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; - 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması. Belə olan halda, məhkəmə hesab edir ki, şikayət təmin təmin edilməli, Baş X1 İdarəsi tərəfindən Rauf Tomuev barəsində qəbul edilmiş 27 may 2025-ci il tarixli, 16/1- 90639 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53.2, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən Rauf Tomuevin barəsində qəbul edilmiş 27 may 2025-ci il tarixli, 16/1-90639 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim edildiyi tarixdən 10 (on) gün müddətinə onu qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-4392/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4392/2025
04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver