Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4393/2025 03.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, X1 nümayəndəsi “DE Fendo” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, X2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş İXM-in 247.2-ci maddəsi ilə cərimə edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş İXM-in 247.2-ci maddəsi ilə cərimə edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərardan verdiyi şikayət məhkəmənin icraatına daxil olmuşdur. X3 şikayətini onunla əsaslandırmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Abşeron ərazi şöbəsi tərəfindən barəsində İXM-nin 247.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilmiş və xx.xx.2025ci il tarixli ******* saylı qərarla ona qarşı 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. Qərar onunla əsaslandırılmışdır ki, guya o, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində hasar inşa etməklə torpağın təyinatından kənar başqa məqsədlər üçün istifadə etmişdir. Qeyd olunan qərar hüquqi və faktiki baxımdan əsassızdır. Belə ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş, 21 oktyabr 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.20 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. O, həmin torpaq sahəsinin sərhədində tikinti işlərinə başlamazdan əvvəl qüvvədə olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində normativ hüquqi aktlara nəzər yetirmiş, tikintisinə icazə tələb olunmayan obyektlərin siyahısı ilə tanış olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Tikinti və Şəhərsalma Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində təbii və süni daşdan olan hasarlar da daxil olmaqla hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların tikintisi zamanı icazə tələb olunmur. Onun inşa etdiyi hasar bu tələblərə cavab vermir. İnzibati tənbeh vermə haqqında qərarda qeyd edilən “kənd təsərrüfatı torpağın təyinatından kənar başqa məqsədlər üçün istifadə edilməsi” ifadəsi qeyri-müəyyən olmaqla nəyi ifadə etdiyini anlamaq mümkün deyildir. Qərarda torpağın təyinatından kənar istifadənin konkret olaraq hansı faktlara söykənildiyi qeyd edilməmişdir. Həmçinin qərarda onun guya torpağın təyinatından kənar istifadəsi nəticəsində hər hansı hüquq pozuntusuna və ya ətraf mühitə vurulan ziyana dair konkret dəlillər təqdim olunmamışdır. Kənd təsərrüfatı təyinatlı torpağı hasar tikməklə mülkiyyətçinin mülkiyyət hüququndan istifadə etməsi, torpağın təyinatını dəyişdirmək anlamına gəlmir.Əksinə bunu etmək mülkiyyətçinin mülkiyyət hüququndan istifadə etməsi, eyni zamanda torpağı qorumaq və qanunvericiliyin tələblərinə uyğun olaraq istifadə etməsi anlamına gəlir. Qəbul edilmiş qərar bu tələblərə cavab vermir, faktlar yetərincə sübuta yetirilməmiş, qərar şübhəli və əsaslandırılmamış şəkildə qəbul edilmişdir. Əməldə inzibati xəta tərkibi olmadığını, həmçinin mübahisələndirdiyi qərar əsasında hər hansı bir sübutun olmadığını və şübhəli məqamlara aydınlıq gətirilmədiyini, maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğunu nəzərə alaraq, məhkəmədən şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 nümayəndəsi “DE Fendo” Vəkil Bürosunun vəkili Vəkil şikayətin məzmununa uyğun çıxış edərək, barəsində İXM-in 247.2ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qərarın ləğv edilməsi və barəsində başlanan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 İXM-in 247.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində xüsusi mülkiyyətdə olan 0,2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəhasar inşa etməklə torpağın təyinatından kənar başqa məqsədlər üçün istifadə etmiş və nəticədə X3 tərəfindən İXM-nin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin çıxarışından görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.20 ha torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməli və X2 barasində başlanılmış inzibati xəta haqqında iş üzrə üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları və şikayətin dəlilləri qarşılıqlı şəkildə araşdırılan zaman müəyyən olunmuşdur ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.20 ha torpaq sahəsi X2 xüsusi mülkiyyətində olan kənd tənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. İnzibati tənbeh vermə haqqında qərarın məzmunundan görünür ki, vətəndaş X3 ona məxsus olan sözügedən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində hasar inşa etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Həmin Məcəlləsinin 13.1-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmitədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. 13.2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məlumatlandırılmaqla kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə müvəqqəti tikililər inşa edilə və quraşdırıla bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması bu Məcəllənin 13-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 13.3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. İstifadə dedikdə əşyadan onun faydalı təbii xassələrini hasil etmək, habelə ondan fayda götürmək imkanı nəzərdə tutulur. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məhkəmə yuxarıda göstərilən normalara əsasən hesab edir ki, vətəndaş X2 ona məxsus kənd təsərrüfat təyinatlı torpaq sahəsində hasar inşa etməsi torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsinə əsasən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. İXM-nin 247.2-ci maddəsinə əsasən, bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Belə olan halda X2 əməlində İXM-in 247.2-ci maddəsinin tərkibi yaranmır və məsuliyyətə cəlb oluna bilməz. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda xitam verilir. İXM 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi, hazırki iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin əməlində İXM-nin 247.2-ci maddəsinin tərkib əlaməti mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X3 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-4393/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4393/2025
03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver