Məhkəmə qərarları › İş №3(001)-4398/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4398/2025

23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4398/2025 23.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 485.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs ünvanına 07BX584/44ZA485 nömrəli nəqliyyat vasitəsi ilə gələn Bakı Baş Gömrük İdarəsində xx.xx.2024-cü il tarixli **********1053 sorğu nömrəli gömrük bəyannaməsi Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 çıxış edərək bildirmişdir ki, inzibati xəta bir neçə dəqiqə keçməklə baş vermişdir, həmçinin hadisənin üstündən 1 ildən çox müddət keçmişdir. Odur ki göstərilənləri nəzərə alaraq, Şəxs barəsində İXM-nin 485.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə məlumat verilməyinə baxmayaraq, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəməyə işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs ünvanına 07BX584/44ZA485 nömrəli nəqliyyat vasitəsi ilə gətirilən mallar **********1053 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. **********1053 sorğu nömrəli gömrük bəyannaməsi bəyan edilmiş mallara dair tərtib edilmiş **********9210 nömrəli qısa idxal bəyannaməsi malları gömrük sərhədini keçməsindən ən az 1 (bir) saat verilməli olduğu halda verilməmişdir. xx.xx.2024-cü il tarixli **********1053 nömrəli gömrük bəyannaməsindən görünür ki, "xxxx" MMC ilə Şəxs MMC arasında bağlanılan EB-100-2020A nömrəli, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 07BX584/44ZA485 dövlət qeydiyyat nişanlı avtomobillə ölkəyə idxal olunan mallara dair gömrük bəyannaməsi verilmişdir. xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsindən görünür ki, 07BX584/44ZA485 dövlət qeydiyyat nişanlı avtomobildə "xxxx" MMC tərəfindən ölkəyə idxal olunan mallara dair Şəxs MMC ilə aralarında bağlanmış EB-100-2020A nömrəli, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən qısa idxal bəyannaməsi verilmişdir. Gömrük Xidmətinin “VAİS” informasiya resursundan olan çıxarışdan görünür ki, Şəxs MMC tərəfindən təqdim edilmiş Şəxs MMC-nin ünvanına idxal edilmiş **********1053 saylı xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən malların daşındığı 07BX584/44ZA485 nömrəli nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2024-cü il saat 22:72-də daxil olmuş, lakin gətirilmiş mallara dair qısa idxal bəyannaməsi xx.xx.2024-cü il tarixdə saat 22:04 radələrində rəsmiləşdirilmək üçün göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs ünvanına 07BX584/44ZA485 nömrəli nəqliyyat vasitəsi ilə gələn Bakı Baş Gömrük İdarəsində xx.xx.2024-cü il tarixli **********1053 sorğu nömrəli gömrük bəyannaməsi Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan iş materiallarından, eləcə də Gömrük Xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin portal çıxarışından, elektron çıxarışlardan müəyyən edilmişdir ki, Şəxs ünvanına gətirilən yüklər Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Bununla yanaşı, qanunvericiliyin tələblərindən müəyyən edilmişdir ki, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir və bu proses malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl olmalıdır. Məhkəmə qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, tərtib olunmuş inzibati xəta haqqında protokol qanunun tələblərinə və işin faktiki hallarına uyğun olmuş və Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə münasibətdə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsi xüsusatı ilə bağlı aşağıdakıları qeyd edir: İXM-in 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin ikinci cümləsində sadalanmış inzibati tənbehin ən geci bir il keçənədək verilməsinə aid edilən inzibati xətalar, həmin Məcəllənin Xüsusi hissəsindəki eyniadlı fəsillərə daxil olan və ya eyniadlı inzibati xətalarla bağlıdır. “Gömrük qaydaları əleyhinə olan inzibati xətalar” Fəslinə aid edilən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi həmin Məcəllənin 38.1-ci maddəsinin ikinci cümləsində qeyd olunduğundan, həmin inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək tətbiq edilməlidir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Şəxs MMC tərəfindən İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta xx.xx.2024-cü il tarixdə törədilmişdir. Belə olduğu təqdirdə inzibati məsuliyyətə cəlbetmə müddəti keçmiş hesab edilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, inzibati xəta hadisəsi 19 iyun 2024-cü il tarixdə törədilsə də, həmin inzibati xətanın mövcudluğu ilə bağlı raport 07 aprel 2025-ci il tarixdə verilmiş və bununla bağlı 2 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli qərardadı ilə inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Bakı şhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, hazırki halda "xxxx" MMC barəsində tərtib edilmiş protokolun sübutetmə yükü üzərində olan inzibati orqan tərəfindən əsaslı sübutlarla təsdiq edilməməsini nəzərə alaraq cəmiyyət barədə başlanmış iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, lakin başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 38, 43, 53-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar