Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-440/2022 11.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X3 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə xx.xx.1983-cü il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 28.02.2022-ci il tarixdə işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “50 Qəpik” adlı kafedə zərərçəkmiş şəxs X1 məxsus Samsung A 50 markalı telefonu oğurlamaqda təqsirləndirilir. Bu əməli ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir.Həmin hadisə ilə əlaqədar 03.02.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati orqanın nümayəndəsi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Buna görə də, məhkəmə onların iştirakı olmadan inzibati xəta haqqında iş üzrə icraata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi X4 təmsil etdiyi şəxs Şəxs əməli törətmədiyini bildirərək məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisinin çıxışını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis kapitanı Nəsimi Musayevin 03.02.2022-ci il tarixli qərarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokol tərtib edilmişdir.Həmin qərardan vətəndaşın ilk əvvəl oğurlanmış əmlakın qiymətini 350-400 manat qiymətləndirdiyi məlum olur.Lakin yekunda həmin əmlakın nəyə əsasən həmin məbləğində qiymətləndirilməsi məhkəməyə məlum deyildir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş AZA 003130 nömrəli, 03.02.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 03.02.2022-ci il saat 10.00-da vaxtda inzibati qaydada tutulmuşdur. İş materialları ilə Şəxs tərəfindən protokolda qeyd edilmiş əməlin törədilməsi öz təsdiqini tapmır. Belə ki, PB tərəfindən natamam araşdırma aparılmışdır. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 3(001)-440/2022 saylı, 04.02.2022-ci il tarixli qərarına əsasən məlum olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) a müddətinə inzibati həbs edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-434/2022 saylı, 16 fevral 2022-ci il tarixli qərara əsasən məlum olur ki, şikayət qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Şəxs barəsində 01 (bir) ay müddətinə inzibati həbs edilməsinə dair 04 fevral 2022-ci il tarixli, 3(001)-440/2022 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən əvvəlki dindirmə zamanı Şəxs protokolda qeyd edilən ona törətdiyi istinad edilən əməldən xəbərsiz olması, izahatının hansı şəraitdə təzyiq altında alınıb-alınmaması, o cümlədən inzibati orqanın nümayəndəsindən izahatda yazılanları sadəcə təsdiq edirəm deməsi məhkəmədə onun tərəfindən mobil telefonun oğurlanmasına dair kifayət qədər şübhə yaratmışdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. O cümlədən iş materialları ilə törədildiyi iddia edilən inzibati xəta nəticəsində dəymiş ziyanın məbləğinin nəyə əsasən 350-400 manat hesablandığını müəyyən etmək mümkün deyildir. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama əməli inzibati xəta kimi müəyyən edilmişdir. Həmçinin İXM-nin 227-ci maddəsinin dispozisiyasından da göründüyü kimi oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamaq xırda talama hesab edilir. Oğurlanmış əmlak olsa belə əməlin qeyd edilən şəxs tərəfindən törədilməsi və onun əməli nəticəsində ziyan vurulmadığından İXM-nin 227-ci maddəsi üzrə inzibati xəta tərkibi yaranmır. Halbuki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-53, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-440/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-440/2022
11.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver