Məhkəmə qərarları › İş №3(001)-4410/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4410/2024

22.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4410/2024 22.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X12, şikayət vermiş şəxs X5 iştirakları ilə, X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X7 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi ilə barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 1800 manat məbləğində 1 nömrəli X27 Dispanserin baş həkimi olaraq vəzifəli şəxs kimi cərimə edilmişdir. Qeyd edilən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən təqdim etdikləri sübutlar nəzərə alınmamış, inzibati xəta tərkibinin olmaması ilə bağlı şifahi vəsatətlərinə baxılmamış, iş üzrə lazımı araşdırma aparılmadan barəsində qanunsuz qərar qəbul edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər İdarəsi işə baxarkən ilkin olaraq nəzərə almamışdır ki, müfəttişləri tərəfindən tərtib edilmiş protokol bir neçə səbəbdən qanunsuzdur. Belə ki, inzibati xəta haqqında icraatın başlanmasına səbəb 1 nömrəli X27 Dispanserində işləyən X16 guya iş yerində xəsarət alması ilə bağlı şikayəti olmuşdur. X15 Xidmətinin müfəttişləri şikayəti araşdırarkən tibb müəssisəsində olmuşlar, X16 iş yerində xəsarət alması ilə bağlı sübut toplamağa çalışsalar da, buna müvəffəq olmamışlar. Araşdırmanın məntiqi nəticəsi kimi inzibati xəta haqqında iş üzrə icraata xitam veriləcəyi qaçılmaz olsa da, X15 Xidmətinin Bakı şəhər İdarəsinin müfəttişi tərəfindən heç bir əsas olmadan inzibati xəta haqqında protokol tərtib edilmiş, daha sonra protokol əsasında, məsələ hərtərəfli araşdırılmadan, bununla bağlı müvafiq sənədlər təhlil etmədən, şikayətçinin iddia etdiyi xəsarət alma halının harda baş verdiyi müəyyən olunmadan əsassız və qanunsuz qərar qəbul edilmişdir. Belə ki, 1 nömrəli X27 Dispanserində işləyən X22 05 aprel 2024-cü il tarixdə səhər saatlarında işə gəldikdə o ayağından artıq xəsarət almışdı və axsayırdı. İş yoldaşları da qeyd edirlər ki, X22 işə gələndə axsayırdı və ayağının harda zədələndiyini soruşduqda qeyri-müəyyən cavablar verirdi. X15 Xidmətinin müfəttişləri də araşdırma zamanı müəyyən etmişlər ki, X22 X15 Xidmətinə müraciətinin əsas məqsədi vaxtından tez təqaüdə çıxmaq olmuşdur. Lakin mövcud vəziyyətdə onun vaxtından tez təqaüdə çıxması mümkün deyildir. Göstərilənlərə əsasən X15 Xidməti Bakı şəhər İdarəsinin barəsində qəbul etdiyi MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. 12 avqust 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şikayət vermiş şəxs X7 bildirmişdir ki, o, Binəqədi rayonunda 18 ildir ki həkim olaraq çalışmaqdadır. X22 X15 Xidmətinə şikayət etsə də, sonuncunun şikayəti əsassızdır. Belə ki, hadisə X16 göstərdiyi kimi baş verməmişdir. X16 həmin məzmunda şikayət etməsinin səbəbi sonuncunun daha tez təqaüd alması ilə əlaqədardır. Hadisənin baş verdiyi gün o saat 13:00-14:00 arası iclasda idi. Onların çalışdığı X25 xidmətinin duracağı var idi, əməkdaşlar orada öz işlərində idilər. X25 xidmətinin baş həkimi gəlib ona yaxınlaşaraq İqorun ayaq ağrısından şikayət etdiyini, İqora baxmaq lazım olduğunu bildirmişdir. Həmin zaman saat artıq 2-yə işləyirdi, 13:00-14:00 arası nahar fasiləsi olduğundan hər kəs fasilədə idi, o aşağı düşərək İqorun yanına getmişdir. O, İqorun yanına getdikdə İqorun ayağını tutaraq ayaq ağrısından şikayətləndiyini görmüş, İqor ayağını rentgen elətdirmək istəmişdir. Lakin onların çalışdığı müəssisədə rentgen olmadığından Səbail adlı əməkdaş onu X25 maşını ilə rentgen elətdirmək üçün aparmışdır. İqor həmin gündən təxminən 10 gün əvvəldən ayağını çəkəçəkə gəzirdi. Sonuncunun iş vaxtı başına heç bir hadisə gəlməmişdir. 12 avqust 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X21 bildirmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinə görə saat 9:00-dan 18:00-dək iş vaxtıdır. Nahar fasiləsi də həmin müddətə daxildir. Səbail adlı şəxs də vermiş olduğu izahatında bunu bədbəxt hadisənin iş vaxtı olmasını təsdiq etmişdir. Həmçinin Səbail və Ramiz adlı şəxslərin bu barədə izahatları vardır, onlar izahatlarında İqorun yıxılmasını bildirmişlər. Həmçinin İqor da vermiş olduğu izahat da yıxıldığını bildirmişdir. Göründüyü kimi həm zərər çəkmiş şəxsin izahatı, həm şahidlərin izahatları göstərir ki, X22 iş vaxtında tapşırılmış işi yerinə yetirərkən bədbəxt hadisə baş vermiş, nəticədə sonuncu xəsarət almışdır. 12 avqust 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid X9 bildirmişdir ki, X10rın çalışdığı müəssisədə işçidir, həmin günü o öz otağında olmuş, ona İqorun onu çağırdığını bildirmişlər. O da İqorun yanına getmiş, İqor ona pilləkandan yıxılaraq ayağını sındırdığını bildirmişdir. O da X25 çağıraraq İqoru travmatologiyaya aparmışdır. İqor onu təxminən yıxıldıqdan 5 dəqiqə sonra çağırmış, İqora tapşırığı o vermişdir, lakin tapşırıq kamera ilə bağlı olmamışdır. O, İqordan həmin yerdən keçən naqili qaldırmasını xahiş etmişdir, çünki həmin naqil aşağıda olduğundan yanğınsöndürən nəqliyyat vasitəsi oradan keçə bilmirdi. X16 yıxılması barədə baş həkimə məlumat vermişdir. 12 avqust 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid X13 bildirmişdir ki, həmin günü o otağında olmuş, sahəyə çıxan zaman İqorun oturduğunu görmüşdür. İqora yaxınlaşanda İqor pilləkandan yıxıldığını bildirmiş və kömək istəmişdir. O, İqoru tutaraq qaldırmış, 1-2 dəqiqə sonra isə Səbail müəllim gəlmişdir. Hadisənin başvermə saatı onun yadında qalmamışdır. 22 avqust 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şikayət vermiş şəxs X7 bildirmişdir ki, bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Heç bir hadisə baş vermədiyi üçün o nəyisə də gizlədə bilməz. Çünki baş verməmiş hadisənin gizlədilməsi də mümkün deyildir. İqorun yıxılması guya 05 aprel 2024-cü il tarixdə baş vermişdir. Ona həmin hadisə barədə məlumat həmin günü 13:00-14:00 arasında verilmişdir. İqor özünə 08 aprel 2024cü il tarixdə bülleten açdırmışdır. İqor əvvəlcədən axsayırdı, həmin günü İqor onun və yaxud digər rəhbər şəxsin göstərişi ilə hər hansı bir iş görməmişdir. Qeyd olunmalıdır ki, əgər həqiqətən İqorun ayağı sınmışdısa, niyə elə hadisə günü o əməliyyat olunmamışdır? 22 avqust 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X21 bildirmişdir ki, X22 faktiki olaraq X5 rəhbəri olduğu müəssisədə çalışır. X14 bilər ki, yalandan iş vaxtı xəsarət aldığını bildirir. Lakin İqor həqiqətən həmin günü müəssisədən X25 maşınına qoyularaq travmatologiya şöbəsinə aparılmışdır. Bu barədə X7 məlumat verməli idi. Lakin belə bir məlumat verilməmişdir, belə olan halda sonuncunun əməlində inzibati xəta tərkibi yaranmışdır. O səbəbdən səlahiyyətli orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Faktiki olaraq İqor hadisədən sonra əməliyyat da olunmuşdur. Müəssisənin rəhbərinin vəzifəsidir ki, işçinin xəsarət alması barədə məlumat versin. X3 iş vaxtı xəsarət almadığını bildirirək məlumat vermədiyini bildirir. Halbuki, işçi yalandan belə iş vaxtı xəsarət aldığını bildirdiyi halda belə rəhbər müvafiq icra hakimiyyətinə məlumat verməlidir. İnzibati tənbeh vermə haqqında qərar bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə görə qəbul edilmişdir. İş materiallarında olan tibbi sənədlərlə təsdiq olunur ki, X22 xəsarət almışdır. X4 ümumiyyətlə bədbəxt hadisənin baş vermədiyini bildirir, sonuncunun bu əməli gizlətmə kimi qiymətləndirilməlidir. Belə ki, X7 baş vermiş bədbəxt hadisə barədə məlumat verməməklə hadisənin baş vermə faktını gizlətmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin 27 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibat tənbeh vermə haqqında qərardan görünür ki, X16 xx.xx.2024-cü il tarixdə iş yerində xəsatər alması ilə nəticələnmiş bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə görə X7 AR İXM-nin 555.3-cü maddəsi ilə 1800 manat inzibati cərimə edilmişdir. “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X20 “sağ daban sümüyünün qəlpəli yerdəyişmiş sınığı” diaqnozu qoyulmuşdur. xx.xx.2024-cü il tarixli epikrizdən görünür ki, X22 “sağ daban sümüyünün yerdəyişmiş sınığı” diaqnozu ilə xx.xx.2024-cü il tarixdə “Sağ daban sümüyünün açıq repozisiyası, vintlərlə osteosintezi” cərrahi əməliyyatı icra edilib. Əməliyyat və sonrakı dövr fəsadsız keçib. Xəstə öz istəyi ilə ambulator müalicə üçün evə yazılmışdır. Baş həkim Gülnarə Cəfərova tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 9 nömrəli aktdan görünür ki, X22 ayağı burxulduğunu bildirdiyi üçün baxış keçirilmiş və X17 heç bir xəsarət aşkar olunmamışdır. Dispanserdə rentgen aparatı olmadığı üçün TTY-ın həkimi ilə X22 Travmatologiya İnstitutuna aparılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin nümayəndəsinin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X7 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X7 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 555.3-cü maddəsinə əsasən bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə - min səkkiz yüz manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, səlahiyyətli orqandan tərəfindən X7 əsassız olaraq İXM-nin 555.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin maddənin dispozisiyasından görünür ki, qeyd olunan norma ilə inzibati xəta tərkibi iki halda yaranır: 1) bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə görə; 2) aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə. Hazırki inzibati xəta haqqında iş üzrə isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 tərəfindən İXM-nin 555.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin törədilməsi, yəni bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsi yaxud aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılması iş materialları ilə öz təsdiqini tapmır. Səlahiyyətli orqan tərəfindən də məhkəməyə təqdim olunmuş sübutlarla X7 tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi öz təsdiqini tapmır. Belə ki, səlahiyyətli orqandan tərəfindən qəbul edilmiş 27 iyun 2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda göstərilmişdir ki, “X1 tərəfindən X16 xx.xx.2024-cü il tarixdə iş yerində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin baş vermə faktını gizlətməsi” müəyyən edilmişdir. Halbuki, inzibati tənbeh vermə haqqında qərarda göstərilənin əksinə X7 tərəfindən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsi iş materialları ilə sübuta yetirilmir. Bununla yanaşı səlahiyyətli orqanın nümayəndəsi də məhkəmə iclaslarında vermiş olduğu izahatlarında X7 tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bədbəxt hadisə barədə məlumat verilmədiyini bildirmişdir. Qeyd edilməlidir ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bədbəxt hadisə barədə məlumat verilməməyə görə inzibati xəta tərkibi İXM-nin 555.3-cü maddəsində deyil, 555.1ci maddəsində göstərilmişdir. Hazırki halda X7 İXM-nin 555.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilmişdir ki, həmin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bədbəxt hadisə barədə məlumat verilmədiyinə görə şəxsi həmin norma ilə təqsirli bilinməsi yolverilməzdir. Odur ki, səlahiyyətli orqan tərəfindən yetərincə araşdırılma aparılmadan və şəxsi inzibati məsuliyyətə cəlb etməyə əsas verən kifayət qədər sübut olmadan X7 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı isə X5 təqsirli bilinməsinə dair səlahiyyətli orqanın gəldiyi nəticənin əsassız olduğu müəyyən edilmişdir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli orqan inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən düzgün qərar qəbul etməmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X5 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırki material üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalı, şikayətçinin iştirakı təmin edilməklə onun göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, şikayətçinin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməli, yalnız iş üzrə bütün əhəmiyyətli hallar araşdırılaraq həmin hallara düzgün hüquqi qiymət verildikdən sonra iş üzrə yekun nəticəyə gəlinməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X5 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X5 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, yuxarıda göstərilənlər nəzərə alınmaqla iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinə geri göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar